“Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Bilirsiniz, mən hər zaman Azərbaycan xalqına həqiqəti demişəm. Hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Xalq bilməlidir nələr baş verir, hansı yerdəyik, nədir bizim siyasətimiz. Mənim çıxışlarımda və media nümayəndələri ilə görüşlərimdə aktual məsələlərə aydınlıq gətirirəm və bu, hesab edirəm ki, çox vacibdir. Çünki vətəndaşlar bilməlidirlər və düzgün təhlil aparmaq üçün onlar düzgün məlumat əldə etməlidirlər.
Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik. Ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır. Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Pozur yox, pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Əfsuslar olsun ki, Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir. Onların bu addımlarının nəyə gətirib çıxara biləcəyini də düzgün təhlil edə bilmir. Halbuki, Ermənistanda rasional düşüncəli insanlar, siyasətçilər var və o siyasətçilər özləri artıq bu məsələni qaldırırlar və Ermənistan ictimaiyyətinə öz fikirlərini çatdırırlar ki, bugünkü Ermənistan rəhbərliyi Ermənistanı uçuruma aparır.
Ermənistan tərəfindən qanunsuz məskunlaşdırma aparılır. Bu, bütün beynəlxalq konvensiyalara ziddir. Bunların ağlı çatmır, təcrübəsi, bilikləri yoxdur - bunu elə nümayişkaranə göstərirlər. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir, bu, cinayətdir. İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Bu, təxribatdır. Bizi təxribata çəkirlər, onu göstərirlər internetdə - hansısa Livan erməni ailəsi gəlibdir, orada hansısa iş görür. Ondan sonra bizim qədim tarixi şəhərimiz Şuşa şəhərində o qondarma rejimin qondarma, dırnaqarası rəhbərinin guya andiçmə mərasimini keçirirlər. Bu, növbəti təxribatdır. Bu, bizə qarşı açıq təhqirdir. Onlar hesab edirlər ki, biz buna dözəcəyik? Bunu, bu təxribatı kim edir? Onlar edir. Biz heç bir təxribat etmirik. Biz öz mövqeyimizdə dayanmışıq”.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində deyib.
Bu çıxışı ilə prezident İlham Əliyev Qarabağ məsələsində yeni hərbi-siyasi reallıqların yarandığını göstərməklə yanaşı, həm ölkə ictimaiyyətinə, həm beynəlxalq aləmə, həm də işğalçı ölkəyə yeni mesajlar verdi.
Modern.az prezident İlham Əliyevin müharibə anonsu ilə bağlı fikirlərini bir neçə deputatla şərh edib.
Aqil Abbas bildirib ki, yaşının keçməsinə baxmayaraq, müharibə olacaqsa, o da iştirak edəcək:
“Atəşkəs rejimi elan olunana qədər cəbhə bölgəsində olmuşam. Tərtərdə, xüsusən də Ağdamda silah-sursat daşımışam. Əsgərlərin arasında olmuşam. “Ədalət” qəzetini səngərdə əsgərlər üçün buraxmışam. Bu məsələnin bir tərəfi. Məsələnin digər tərəfi isə odur ki, müharibə başlasa, hamımız səfərbər olacağıq. Hərənin bir missiyası var. Söhbət təkcə güllə atmaqdan getmir. Yazıçı və ziyalıların da öz missiyaları var. Əsgərə ruh verə bilərik. Cənab prezidentin çıxışında bir çox məsələlər öz əksini tapıb. Müsahibəni diqqətlə dinlədim. Orada təkcə savaş yox, bir çox məsələlər qoyulub. Həm iqtisadi, həm də digər islahatlarla bağlı fikirlər səsləndirib. İslahatlar davam edir. Təbii ki, Azərbaycanın iqtisadi inkişafı yüksələcək. Amma savaşla bağlı məsələ belədir. Savaşın sonu var. Qarabağ azad olunur və Ermənistan sərhədində bitir. Biz Ermənistanla müharibə etmirik. Onlar bizimlə müharibə edir. Tovuz istiqamətindəki döyüşlər, dünən Şəmkirdə baş verənlər və bir şəhidimizin olması... Bütün bunlar onu göstərir ki, onlar Azərbaycan sərhədini pozur. Bizim başqa dövlətin ərazisində gözümüz yoxdur. Cənab prezident bunu dəfələrlə deyib və o gün də dedi. Danışıqlara yer qalmayıb. Biz də onların cavabını başqa cür verəcəyik”.
Arzu Nağıyevin sözlərinə görə, prezidentin çıxışı proqram xarakteri daşıyır:
“Məlum məsələdir ki, Azərbaycan istənilən formada erməni aqressiyasına qarşı hazırdır. Ermənilərin verdiyi müharibə anonslarının qarşısında durmaq üçün hər cür gücümüz var. Bu istiqamətdə müvafiq addımlar da atılacaq. Bütün cəbhəyanı bölgələrdə səngər bərkitmə işləri gedir. Eyni zamanda, əhalinin də yüksək səviyyədə hazırlığı müşahidə olunur. Yəni proseslərə biz cənab prezidentin göstərdiyi kimi, hər zaman hazırıq. Bildiyiniz kimi, ehtiyatda olan zabitəm. Əsgər və komandir kimi, istənilən bölgədə döyüşməyə hazıram”.
Ceyhun Məmmədov bildirib ki, Qarabağ məsələsi hər bir azərbaycanlı üçün həssas məsələdir:
“Cənab prezident ötən günkü çıxışında bir çox vacib məsələlərə geniş şəkildə toxunub. Ermənistanın təxribatları, Azərbaycanın buna cavabı və sairə. Müharibə olacağı zaman ehtiyac yarandığı təqdirdə hər birimiz bu prosesdə iştirak etməliyik. Bu elə bir məsələdir ki, hər bir azərbaycanlı öz vətənpərvərliyini nümayiş etdirməlidir. Bu gün hər bir qarabağlının, o cümlədən, mənim də burnumun ucu o yerlər üçün göynəyir. Azərbaycan Ordusu güclüdür. İstənilən zaman torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ordumuzun həm texniki, həm də peşəkar imkanları genişdir. Qeyd etdiyim kimi, ümumi səfərbərlik elan olunarsa, mən də buna hazıram. Bu, hər bir azərbaycanlının üzərinə düşən məsuliyyətdir”.
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024