Karusel (28-08-2020, 09:17)
ABŞ niyə Türkiyəni Yunanıstanla müharibəyə çəkməyə çalışır?
Ərgün Dilər
“Takvim” qəzeti, Türkiyə, 26 avqust 2020-ci il
Neçə vaxtdır Aralıq dənizindən yazıram. İzləyənlər bilər. Mavi sularda təzyiqin bu qədər artdığı bir vaxtda Türkiyə gəmilərinin həlqəni genişləndirəcəyini və bəzilərinin də buna qarşı çıxacağını dəfələrlə qeyd etmişəm. Məqalələrimin bir çoxunda Kipr mövzusuna toxunmuşam.
Qeyd etmişdim ki, ora – Kipr, “pulun mərkəzi” olacaq. ABŞ-ın ən önəmli ailələrindən sayılan Rokfeller ortada heç nə yox ikən Aralıq dənizini istəyib. Dənizdə Türkiyə-ABŞ ortaqlığını tələb edib. Ancaq bu, heç də fərqli səbəblərdən baş verməyib. Ankara isə bununla razılaşmayıb, çünki balanslar hələ öz yerinə oturmayıb.
Həm onlar, həm də digər ölkələr Türkiyə ilə Aralıq dənizində əməkdaşlıq tələb etməkdən imtina edib. Aralıq dənizi qaz və neft baxımdan zəngin olmaqla yanaşı, həm də Afrikanın dənizlərə və Avropaya açılan qapısıdır. Qızıl qədər dəyərlidir.
Hər kəs burada söz sahibi olmaq istəyir. Türkiyə buna bələd olduğu üçün getdiyi Liviyada çox dəyərli mövqe tuta bilib. Bunu da biləyinin gücü ilə bacarıb. Hələ bəziləri Liviya kartını anlaya bilməyib. Lakin Almaniya, İngiltərə, Çin, Rusiya, Yaponiya, o cümlədən ABŞ kimi böyük ölkələr bir şəkildə Aralıq dənizinə daxil olmaq məcburiyyətindədirlər. Hər kəs buna uyğun siyasət yürüdür və yürüdəcək.
İndi isə çox önəmli bir oyunçudan söhbət edək – Almaniyadan.
Almaniyanın Xarici İşlər Naziri Heiko Maas Yunanıstan və Türkiyəyə səfər edir. Son günlər iki ölkə arasındakı gərginliyi azaltmaq və Türkiyə ilə Avropa arasındakı gərginliyə son qoymaq üçün gəlir. Bu, sadəcə bir deyimdir. Bəs həqiqət nədir? Hətta siz Bill Qeytsi də izləsəniz, Avropa Birliyinin çökəcəyini, dağılacağını və zəifləyəcəyini görəcəksiniz.
ABŞ-da bunu dilə gətirən çox şəxs var. Hətta Avropadan da eyni ifadələr səslənir. ABŞ böyük siyasət arenasında Avropa Birliyinin və Çinin qarşısını almaq, onlara nəzarət etmək istəyir. “Şimal Axını” layihəsinə də elə bu səbəbdən etiraz etdiyini keçən dəfə yazmışdım.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Gina Haspel ilə Almaniya Kəşfiyyat İdarəsinin (BND) rəhbəri Bruno Kahl arasında keçən mübahisə barədə qeyd etmişdim. Hər kəs öz ərazisini genişləndirməyə çalışır. Tez-tez qeyd etdiyim kimi, hər kəs Türkiyəyə gəlib, qapımızı döyəcək. Çünki Aralıq dənizi ilə ən böyük quru sərhədlərinə malik ölkə Türkiyədir. Bunu bildiyiniz zaman Ankaranın bölgədəki təsir gücünü də hesaba qatsanız, qapıya gələnlərin kimlər olacağını təxmin edə bilərsiniz.
İndi isə bunu izah edək. Almaniya yeni dövrə hazırlaşsa da, bu zaman ABŞ-la həm daxildə, həm də xaricdə üz-üzə gələcəyini bilir. İqtisadiyyatı nə qədər güclü olsa da, yenə ABŞ-dan asılıdır. İndi həmin Almaniya yeni dövrdə Aralıq dənizinə girmək məcburiyyətindədir. Ona görə də Aralıq dənizi sahilində yerləşən hər bir dövlətlə münasibət qurmaq istəyir. Seçimi isə finalda Berlin özü edəcək. Beləliklə, Almaniya Türkiyə-Yunanıstan və Türkiyə-Fransa arasında baş verən gərginliyi aradan qaldıran xüsusi vasitəçi olacaq. Əslində isə o, “Şuman Planı” ilə ən böyük qazanan olmaq istəyir. Heiko Maas da buna görə yollara düşüb.
Bəs elə isə bu “Şuman Planı” nədir?
1950-ci ildə hər şey çox pis gündə idi. “Şuman Planı”na görə, Avropada sülhün bərqərar olması üçün Fransa ilə Almaniya arasında əsrlər boyu davam edən gərginlik sona çatmalı idi. Buna nail olmağın yolu plana uyğun olaraq kömür və poladın birgə istehsalını təmin etmək və bu təşkilatı bütün Avropa dövlətlərinin iştirakı üçün açıq saxlamaq idi. Buna görə də Almaniya öz iqtisadi kartını önə çəkərək, turizmdən ixracat sahəsinə qədər Türkiyəni sıxışdırmaq niyyətindədir. Məqsəd isə bu planı Ankaraya qəbul etdirməkdir. Almaniyanın gizli gündəmi bundan ibarətdir.
Əgər Türkiyə Aralıq dənizi məsələsində “Şuman Planı”nın və Almaniyanın bəzi tələblərini qəbul etsə, Berlin Türkiyəyə sərmayə qoyacaq. Bu vəd isə yenə qapalı qapılar arxasında veriləcək. Berlinlə Ankara Aralıq dənizində ortaq ola bilsə, Türkiyəyə çox böyük xarici sərmayə gələcək. COVİD-19 səbəbindən Türkiyə daxilində baş verən qarışıqlıq da elə böyük planın bir hissəsi idi. Çünki Aralıq dənizi planı Almaniyanın 5 ildir diqqət mərkəzində saxladığı bir araşdırmadır. Bir də bu sikkənin digər üzü var.
Türkiyə Almaniya ilə ortaqlıq edəcəyi təqdirdə, bu dəfə ABŞ-ın birbaşa hədəfi olacaq. Ancaq Almaniya, Türkiyənin bu çətin günləri iki fərqli ittifaqla geridə qoyacağına inanır. Çünki Almaniyanın Çin və Rusiya ilə də ciddi danışıqları var.
Yaxın günlərdə Aralıq dənizində vəziyyət isinəcək. ABŞ Türkiyə ilə Yunanıstanın bir qığılcımla müharibəyə başlayacağını düşünür. Əlbəttə, bu planın yaxın günlərdə nə qədər real olub-olmayacağını görəcəyik. Ancaq ABŞ bir güc dövlətidir və niyyəti Türkiyə ilə Yunanıstan arasında müharibə başlatmaqdır. ABŞ bölgədə önəmli bir gücdür. Əgər bu müharibə başlasa, Almaniyanın bütün planları elə Aralıq dənizində batacaq. Müharibə isə Vaşinqtonu xilas edəcək.
Almaniya prezidenti Frank-Valter Şteinmeyer keçən ay “Volkswagen”, “BMW” və “Daimler Group” şirkətlərinin rəhbərləri ilə görüşüb. O, qeyd edib ki, Almaniya dövlətinin qərarı Aralıq dənizində uğurla həyata keçirilsə, bəzi investisiyalar fərqli ölkələrə köçürüləcək. Prezident bu mövzuda şirkət rəhbərlərinin hamısından dəstək ala bilib. Bir çox marka şirkətlərin rəhbərləri bu qərarı dəstəkləyəcəklərini söyləyib. İndi bütün şirkətlərin Almaniyanın dövlət qərarında necə bir rol oynayacağını görəcəyik. Alman dövləti qərar qəbul edərsə, şirkətlər 100 faiz bu qərarın arxasında duracaqlar.
Artıq üç nəhəng şirkətin baş direktoru Türkiyə və Yunanıstanda investisiya qoymağa razılıq versə, bu, Almaniyanın bölgədə bir razılaşma əldə etdiyinin işarəsi olacaq. Yaxın gələcəkdə bu hadisələr bizə çox vacib detallar təqdim edəcək. Aralıq dənizi isə hər zaman önəmli idi və bu gün də həmin dəyərini qoruyur. Ancaq indiki araşdırmalar göstərir ki, Aralıq dənizi gələcək illərdə çox daha önəmli rola sahiblik edəcək.
AKP-MHP qarşısında dayanan ittifaqa yeni oyunçuların qatılmağına, eyni dildə danışmalarına və hədəflərinin bir olmağına da bu nöqtədən yanaşmalısınız. Türkiyənin ən dəyərli tərəfi dünya üzərində tutmuş olduğu mövqedir. Bu mövqeni kiminlə bölüşəcəyi isə qlobal balansı təyin edəcək. Hadisələr təsəvvür etdiyinizdən çox daha böyükdür. Danışılanları əsla və qətiyyən daxili siyasət olaraq görməyin. Mübarizənin miqyası çox daha böyükdür.
Tərcümə Strateq.az-ındır