Azərbaycanda böyük dövlət şirkətlərinin idarəçiliyində yeni dövr başlanmaqdadır. Prezident İlham Əliyevin bu şirkətlərin idarəçiliyi ilə bağlı səsləndirdiyi kəskin tənqidi fikirlərdən sonra avqustun 7-də fərmanla yaradılmasına qərar verdiyi Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri də təyin olunub.
Holdinqin İdarə Heyətinin sədri təyin olunan Mətin Eynullayev bu vəzifəni ictimai əsaslarla həyata keçirəcək. O, hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini-rəis vəzifəsinin icraçısıdır və bu vəzifədə fəaliyyətini davam etdirəcək.
Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsinə görə, Holdinqin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir. İdarə Heyəti 5 üzvdən - sədrdən və digər üzvlərdən ibarətdir. İdarə Heyətinin üzvlərindən biri, eyni zamanda, Azərbaycan İnvestisiya Holdinqinin idarə edilməsinə məsul olan Baş icraçı direktordur. İdarə Heyətinin digər üzvlərini, o cümlədən Baş icraçı direktoru İdarə Heyəti sədrinin təqdimatı əsasında Müşahidə Şurası vəzifəyə təyin və vəzifədən azad edir. Baş icraçı direktor Holdinqin cari fəaliyyətinə rəhbərlik edir.
Məlumat üçün qeyd edək ki, dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması məqsədilə Azərbaycan İnvestisiya Holdinqi yaradılıb və Nizamnaməsi təsdiq edilib.
Prezidentin təsdiqlədiyi nizamnaməyə əsasən, AİH-ə iri dövlət şirkətləri ilə bağlı mühüm səlahiyyətlər verilib. Holdinq onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin (bundan sonra - dövlət müəssisələri) vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Onun fəaliyyət istiqamətlərini qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə dövlət müəssisələrində idarəetməni təşkil etmək; dövlət müəssisələrinin maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq, bu məqsədlə onların maliyyə resurslarını, habelə xarici borcların cəlb olunmasını effektiv meyarlar əsasında idarə etmək; dövlət müəssisələrinin fəaliyyət göstərdiyi xidmətlər bazarına özəl investisiyaları cəlb etmək, bu məqsədlə dövlət-özəl sektor tərəfdaşlığının inkişafını stimullaşdırmaq; dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün onların səmərəlilik göstəricilərini müəyyən etmək və monitorinqini aparmaq; dövlət müəssisələrinin xərclərinin optimallaşdırılması və maliyyə şəffaflığının təmin edilməsi ilə bağlı tədbirlər görmək; dövlət müəssisələrinin beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırmaq; dövlət müəssisələrinə dövlətin ayırdığı investisiyalardan səmərəli istifadəyə nəzarət etmək; dövlət müəssisələrinin özəlləşdirilməyə (tam və ya qismən) hazırlanmasında iştirak təşkil edir.
Xatırladaq ki, müxtəlif vaxtlarda bu şirkətlərin bir neçəsi eyni quruma tabe etdirilib, lakin sonradan yenidən müstəqil quruma çevrilib və idarəçilikdə heç nə dəyişməyib. AİH bu vəzifələrin öhdəsindən gələ biləcəkmi: hər biri böyük təbii inhisarçı olan iri şirkətlər onunla hesablaşacaqlarmı?
Sualları cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənovun dediyinə görə, Holdinqin nə qədər uğurlu fəaliyyət göstərməsi iri şirkətlərə nəzarət məsələsində siyasi iradənin davamlılığından asılı olacaq: “Bilirsiniz ki, Azərbaycanda bu sayaq qurumların statusu daha çox bu istiqamətdə siyasi iradənin nə qədər güclü olmasından asılıdır. Azərbaycan İnvestisiya Holdinqi iri dövlət şirkətləri üzərində idarəetmə və nəzarət mexanizmlərini formalaşdırmalı olan bir qurum kimi yaradılır. Ola bilsin ki, sonrakı dövrlərdə bu qurumun fəaliyyəti formal xarakter daşısın. Hələlik atılan addımların sürəti və ardıcıllığı onu göstərir ki, hökumət bu istiqamətdə həqiqətən də nə isə etməyə çalışır. Lakin hamı bilir ki, iri dövlət şirkətləri faktiki olaraq xüsusi nüfuz dairələri, şəxslər, bəzi hallarda oliqarxlar tərəfindən idarə olunur.Və bu şəxslərin özlərinin statusu qurumun statusundan fərqlidir. Yəni hər hansı dövlət qurumu, ona baxış, təsir etmə imkanları həmin quruma rəhbərlik edən şəxsin nüfuzundan asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilir. Məsələn, SOCAR, AZAL, ADDY kimi qurumlara təsir imkanları kifayət qədər aşağı qiymətləndirilir. Ümid edirəm ki, Azərbaycan İnvestisiya Holdinqi bu istiqamətdə müəyyən işlər görə biləcək”.
Ekspertə görə, dövlət şirkətlərinin idarəçiliyində problemin olmaması, belə qurumların idarəçiliyinə özəl sektorun cəlb edilməsi, şəffaflığın təmin olunmasının əsas məsələlərdən biri kimi qarşıya çıxması müəyyən addımların atılmasını zəruri edir. Holding bu qədər ciddi, oturuşmuş, ənənə halına salınmış problemlərin öhdəsindən gələ biləcəkmi? R.Həsənov bildirir ki, bu şirkətlər kifayət qədər fərqli sferalarda, fərqli problemlərlə idarə olunurlar: “Bu problemlərin vahid mərkəzdən idarə olunması, aradan qaldırılması istiqamətində mövqenin ortaya qoyulması indiki halda kifayət qədər əzm, zəhmət, eyni zamanda siyasi iradə tələb edir. Ümid edək ki, bu qurum ən azı dövlət şirkətlərinin fəaliyyətinin təkmilləşdirilməsi, korporativ idarəetmə modelinin tətbiqi imkanlarının genişləndirilməsi, hesabatlılığın şəffaflaşdırılması kimi istiqamətlərdə nailiyyət əldə etməklə bu qurumların ən azı dövlət büdcəsi üzərində formalaşdırdıqları maliyyə yükünü aradan qaldıracaq. Çünki indiki halda əsas prioritet bu qurumların dövlət büdcəsi üçün ılavə maliyyə yükü formalaşdırmaması məsələsidir. Bundan sonra isə artıq gəlirdən, strateji maraqlardan danışmaq olar. Düşünürəm ki, indilik Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin nə qədər uğurlu olması barədə fikir yürütmək mümkün deyil. Buna bir çox səbəblər, ən əsası isə siyasi dəstəyin səviyyəsi və ardıcıllığı təsir göstərəcək. Ən yüksək səviyyədə dəstək olacaqsa, müəyyən nəticələr əldə oluna bilər. Tətbiq olunan mexanizmin ideal olmadığını da qəbul etmək lazımdır. Bu mexanizm əldə olan imkanlar, həmçinin iri şirkətlərdə təmsil olunan maraqların nəzərə alınması şərtilə tətbiq olunur”.
İqtisadçı-ekspert Pərviz Heydərov qeyd edir ki, AİH-in yaradılmasına ciddi ehtiyac vardı: “Söhbət burada çox böyük sahələrə rəhbərlik edən iri dövlət şirkətlərindən gedir. Onların vahid mərkəzdən idarə olunması həm səmərəliliyi artırmaq baxımından, həm də bu qurumlarda idarəetməni daha yüksək səviyyədə təşkil etmək baxımından vacib əhəmiyyət kəsb edir. Lakin İnvestisiya Holdinqinin yaradılması, rəhbərinin təyin olunması hələ həyata keçirilməli olan tədbirlərin ilk mərhələsidir. Bu holdinqin səmərəli işləməsi, dövlət şirkətlərinin, dövlətin payı olan ASC-lərin fəaliyyətinin səmərəliliyinin təmin olunması üçün çox dəqiq və konkret, şəffaf mexanizm olmalıdır. Yəni faktiki olaraq, hər şey bu mexanizmin nə qədər təkmil olmasından asılıdır. Bilirsiniz ki, dövlət şirkətlərinin idarəetməsində çox böyük əyintilər, problemlər var. Bunu inkar etmək mümkün deyil. Hətta bu yaxınlarda dövlət başçısı da bunu qeyd etdi. Faktiki olaraq ən gəlirli sahələrdə, özü də əksər hallarda tək inhisarçı kimi fəaliyyət göstərən bu şirkətlərin, demək olar ki, hamısı zərərlə, yaxud çox cüzi gəlirlə işləyir. Bunlar dövlət büdcəsinin əsas gəlir mənbələri olmalı olduqları halda, büdcədən hər il böyük həcmdə vəsait alırlar, bütün işlərini dövlətin hesabına görürlər. İnvestisiya Holdinqinin başlıca məqsədi bu vəziyyətə son qoymaqdır. Bu şirkətlər gəlirə çıxarılmalı, mövcud potensiallarına uyğun maliyyə sabitliyinə sahib olmalı, ən əsası, dövlət büdcəsinin xərc deyil, gəlir mənbəyi olmalıdırlar. Bu, heç də asan iş deyil, çox ciddi məsələdir.
Dəfələrlə qeyd etmişəm ki, bu məsələdə əsas çıxış yollarından biri özəlləşdirmədir. Xüsusilə dövlətin payı yüksək olan, eyni zamanda 100 faiz dövlətə məxsus qurumların bir çoxu özəlləşdirilməlidir. Bu, həmin şirkətlərə investisiyaların cəlb olunmasına, eyni zamanda onların idarəçiliyində olan əyintiləri, səmərəsizliyi aradan qaldıracaq. Bütün bunlara görə Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ilkin mərhələdir. Qurum uğurlu xarici təcrübəni də nəzərə almaqla iri dövlət müəssisələrinin özəlləşdirilməsi sahəsində böyük işlər görə bilər. Eyni zamanda, bir çox şirkətlər üzrə idarəetməyə verilmə ilə bağlı addımlar atıla bilər. Bəzi müəssisələr üzrə dövlət payının bir hissəsinin özəlləşdirilməsinə gedilə bilər. Bütün bunlar imkan verəcək ki, dövlətin çiynində ağır yükə çevrilmiş iri şirkətlər gəlirli bir quruma çevrilsinlər, onların idarəetməsi şəffaflaşsın, gəlir-xərcləri hesabatlı olsun".
“Yeni Müsavat”
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024