Karusel (20-02-2016, 19:44)
İnformasiya verməyən məmur cərimələnəcək
Martın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsi jurnalist hüquqlarının pozulmasına görə də cəzalar nəzərdə tutur.
Məcəllənin 382-ci maddəsinə görə, jurnalist sorğusuna qanunla müəyyən edilən müddətdə cavab verməyənlər 200 manatdan 300 manatadək cərimə ediləcəklər. Qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiya verilməsindən imtina edənlər daha çox – 300 manatdan 500 manatadək cərimələnəcəklər.
Yeni məcəllə «İnformasiya əldə edilməsi» haqqında qanunu pozan dövlət qurumlarının, onların vəzifəli şəxslərinin cəzalandırılması mexanizmini də ifadə edir. Məcəllənin 374-cü maddəsinə əsasən, ictimai məzmunlu bilgiləri qapalı tutan fiziki şəxslər 100 manatdan 150 manatadək, vəzifəli şəxslər isə 500 manatdan 700 manatadək cərimələnəcəklər. Bu halda hüquqi şəxsləri isə 1500 manatdan 2500 manatadək cərimə gözləyir.
Hüquqları pozulanlar bunun üçün inzibati qaydada məhkəməyə müraciət etməlidirlər.
Prezident İlham Əliyev fevralın 15-də yeni İnzibati Xətalar Məcəlləsini təsdiq edib. Məcəllə martın 1-dən qüvvəyə minəcək.