Karusel (15-05-2015, 12:04)
Keçmiş deputat nehrəmlilərin həbsindən DANIŞDI: “Onlar cinayət etməyiblər”
Son günlər Naxçıvan MR-in Babək rayonunun Nehrəm kəndindən olan bir qrup iş adamının həbsi, eləcə də bəzi nehraəmlilərin vəzifədən uzaqlaşdırılması ilə bağlı KİV-də səs-küylü məlumatlar yayılıb.
Belə ki, bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Astara, Xaçmaz və Biləsuvar rayonlarının Gömrük idarələrinin rəislərini işdən çıxarıb. Məsələnin maraqlı tərəfi odur ki, işdən çıxarılan hər üç rəisin Naxçıvanın Nehrəm kəndindən olmasıdır.
Bundan əlavə, “Avesta” holdinqin sahibi Hacı İbrahim Nehrəmlinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə də mediada xəbərlər yayılıb. Ancaq bu haqda nə hüquq-mühafizə orqanları, nə də iş adamının rəhbərlik etdiyi şirkətdən hər hansı rəsmi açıqlama verilir.
Modern.az saytı əslən Nehrəmdən olan sabiq deputat Əli Əlirzayevin məsələyə münasibətini öyrənib.
O bildirib ki, işdən hamı çıxarıla bilər: “Bəlkə onları başqa yerə göndərəcəklər, bəlkə də vəzifələrini böyüdəcəklər. Yəqin ki, məsləhət belə olub, işdən çıxarıblar. Onlar cinayət etməyiblər ki, işdən çıxarıblar?! Vaxtilə məni də işdən çıxarıblar. Vəzifə müvəqqətidir. Kimsə deməsin ki, “mən ömür boyu vəzifədə işləyəcəyəm”. Əsas odur sənətin, elmin, savadın olsun. Müəyyən mənada cəmiyyət üçün gərəkli olasan. Deputat seçilmədim, məgər mən yaşamıram?! İndi daha çox fəaliyyət göstərirəm. Xalqıma xidmət edirəm, tələbələrim var, məqalələr yazıram, qaynar həyatda iştirak edirəm. Buna görə ruhdan düşmək lazım deyil”.
İş adamı Hacı İbrahim Nehrəmlinin həbs olunmasına gəlincə, Əli Əlirzayev bildirib ki, bu barədə məlumatsız olduğunu deyib.