Karusel (27-12-2023, 17:17)
“Nahid Şəmşirov haqda axtarış qərarı çıxarılsa da, həbs edilmir”
Əvvəllər polis orqanlarında çalışmış, hazırda həbsdə olan İlkin Babayevin anası oğlunun qanunsuz saxlanıldığını iddia edir.
“Qafqazinfo”ya müraciət edən İ.Babayevin anası Solmaz Zeynalova bildirib ki, oğlu 2016-cı ilə qədər Səbail RPİ-nin 39-cu Polis Bölməsində əməliyyat müvəkkili işləyib.
Qadının sözlərinə görə, sonra polisdəki işindən çıxarılan İ.Babayev yaxın dostu Nahid Şəmşirovun işlərini görməyə başlayıb: “Oğlum hazırda nazir müavini olan Cavid Qurbanovun əmisi oğlu Nahid Şəmşirovla 15 ildən də çox müddətdə “dostluq” edib. Nahidin əlaqələri geniş olduğundan dəfələrlə müxtəlif işlər görüblər. Belə deyək də, Nahidin tapşırıqlarını yerinə yetirib. Bu ilin fevralında isə oğluma hər hansı cinayətdə iştirakı olmadığı halda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elən etməklə onu həbs ediblər. Halbuki bütün işləri Nahid Şəmşirov planlaşdırıb və həyata keçirib, pulları da o alıb”.
Şikayətçi deyir ki, cinayət işi üzrə əsas adam Nahid Şəmşirov olsa da, o, məsuliyyətə cəlb edilmir: “Oğlum Babayev İlkin Əbüfəz oğlu ötən il fevralın 2-də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edildi. Belə ki, cinayəti törədən şəxs Cavid Qurbanovun əmisi oğlu Nahid Şəmşirovdur, onun qardaşı Nicat Şəmşirov hüquq-mühafizə orqanlarında çalışır. Nahid Şəmşirov bir neçə vətəndaşa qardaşının yüksək vəzifədə çalışdığını və onların işlərini müsbət istiqamətdə həll edəcəyini vəd edərək rüşvət qismində külli miqdarda pul alıb. Bu işdə mənim oğluma məxsus mobil telefon nömrəsindən istifadə edilib. Oğlum yaxın dostuna telefonunu verib. Nahid Şəmşirova rüşvət verən şəxslər isə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi Sirac Əliyev və müavini Xəlil Qasımovdur”.
Fotoda: İlkin Babayev
S.Zeynalova əlavə edib ki, cinayət işinin materialları arasında cinayəti Nahid Şəmşirovun törətməyi ilə bağlı kifayət qədər sübut və dəlillər mövcuddur: “4 fevral 2023-cü il tarixdə Binəqədi Rayon Məhkəməsində hakim Fərid Əmrəliyevin sədrliyi ilə keçirilən sanksiya məhkəməsi zamanı Korrupsiyaya qarşi Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun imzası ilə daxil olan təqdimatda açıq-aşkar Nahid Şəmşirovun bu cinayəti törətməsi göstərilsə də, əvəzində oğlum İlkin Babayev həbs edildi. İşi aparan müstəntiq Nicat Şəmşirovun tapşırığı və təzyiqi ilə uzun müddət onun qardaşı Nahid Şəmşirovu cinayət işinə cəlb etməyib. Yalnız 3 ay 7 gündən sonra işə kağız üzərində cəlb edilib və barəsində guya axtarış qərarı çıxarılıb. Hazırda Nahid Şəmşirovu guya axtarırlar. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2, 310, 324, 312.2-ci və digər maddələrlə iş olsa da, məsuliyyətdən yayındırılır. Artıq oğlum 11 aya yaxındır həbsdə saxlanılır, cinayətin əsas təşkilatçısı və iştirakçısı isə azadlıqda gəzir”.
Həbsdə olan şəxsin anası bildirib ki, oğlu İlkin Babayevin 3 azyaşlı övladı var və onlardan biri uzunmüddətli xəstəlikdən əziyyət çəkir: “Aidiyyəti qurumlardan, dövlət rəhbərliyindən xahiş edirəm, bu məsələni diqqətdə saxlasınlar və həqiqətin üzə çıxmasına, cinayəti törədən əsas şəxsin tutularaq məsuliyyətə cəlb edilməsinə köməklik etsinlər”.
Əldə etdiyimiz məlumata görə isə Nahid Şəmşirov hazırda ölkə hüdudlarından kənardadır.