İqtisadiyyat (19-08-2021, 13:34)
Cavanşir Feyziyevin oğlunun udduğu tenderlə bağlı - Rəsmi açıqlama
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi iqtisadçı ekspert Natiq Cəfərlinin qurumun Buzovna qəsəbəsində 1 mln. 176 min manata 1 illiyə ofis və anbar icarəyə götürməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Mediatv.az-ın elektron poçtuna daxil olan məlumatda deyilir ki, Agentlik tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki 230 tibb müəssisəsinin dərman, tibbi sərfiyyat, laboratoriya malları, avadanlıq və cihazlara olan ehtiyacı müəyyənləşdirilib:
"Həmin tibb müəssisələrini sözügedən vasitələrlə təmin etmək və onların düzgün şəraitdə saxlanılmasını təşkil etmək məqsədilə müvafiq məkanın seçilməsi zərurəti yarandığından Agentlik 07.07.2021-ci il tarixində etender.gov.az saytında “Ofis və anbar kompleksinin icarəsi xidmətlərinin satın alınması” üzrə təkliflər sorğusu üsulu ilə satın alınmaya dair elan yerləşdirib.“Dövlət satınalmaları haqqında” Qanuna əsasən tenderin həyata keçirilməsi məqsədi ilə tender komissiyası yaradılıb və tenderin aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında təşkili təmin edilib.
Komissiya tərəfindən tenderdə təkliflər sorğusunun formal tələblərini tam təmin edən və ehtimal olunan qiymətdən aşağı qiymət təklifi verən fiziki şəxs Orxan Cavanşir “Ofis və anbar kompleksinin icarəsi xidmətlərinin satın alınması” məqsədilə keçirilmiş təkliflər sorğusunun qalibi elan edilib.
Məlumat üçün bildirək ki, 4,3 ha ərazidə yerləşən, ümumi sahəsi 12 553,3 kv. km olan ofis və anbar kompleksi dərman preparatlarının qəbulu, saxlanılması, daşınması üçün hər cür imkana malikdir.
Eyni zamanda Agentliyin fəaliyyəti ilə bağlı səsləndirilən fikirlərə cavab olaraq bildirmək istərdik ki, qurum fəaliyyətə başladığı dövrdən etibarən icbari tibbi sığorta sistemi ilə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədilə davamlı tədbirlər görməkdədir. 2016-cı ildən başlayaraq qurumun rəsmi internet səhifəsi (https://its.gov.az/) və altı sosial media hesabı (“Facebook”, “Twitter”, “Linkedln”, “Instagram”, “YouTube” və “Telegram”) fəaliyyət göstərir.
İcbari tibbi sığorta ilə bağlı xəbərlər, Agentliyin illər üzrə fəaliyyətinə dair hesabatları, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər barədə aylar üzrə statistik göstəricilər barədə məlumatlar və s. qurumun saytında və sosial şəbəkələrdəki səhifələrində mütəmadi olaraq yerləşdirilir. Kütləvi informasiya vasitələrindən və sosial şəbəkələrdən daxil olan bütün sorğular cavablandırılır. İcbari tibbi sığorta sistemi barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə bu mövzuda xəbərlər mediada işıqlandırılır, Agentliyin əməkdaşlarının televiziya və radiolarda çıxışları təmin edilir, qurumun “Facebook” səhifəsində vətəndaşları icbari tibbi sığorta sistemi ilə bağlı maraqlandıran mövzularda canlı yayımlar təşkil edilir".
Qeyd edək ki, N. Cəfərli həmin tenderin qalibinin Milli Məclisin deputatı Cavanşir Feyziyevin oğlu Orxan Feyziyev olduğunu vurğulamışdı.