İqtisadiyyat (1-07-2021, 15:00)
Elektrik enerjisinə tələbatda rekord göstərici
İyun ayı üçün elektrik enerjisinə tələbatda rekord göstərici qeydə alınıb. “Azərişıq” ASC-dən verilən məlumata görə, iyun ayının 21-dən etibarən havanın temperaturunun mövsüm normasından yuxarı olması səbəbindən soyutma və havalandırma avadanlıqlarının istifadəsinə tələbat yüksək olub.
Bu da, təbii olaraq elektrik enerjisi istehlakının artmasına gətirib çıxarıb. İyun ayının 21-26-sı aralığında enerji göstəricisinə təlabat 2020-ci il ilin müvafiq dövrü ilə müqayisədə gündəlik 6,2 milyon kVts artıb. İyun ayının 27-si 16,4 milyon, iyun ayının 28-i 20,4 milyon, iyun ayının 29-u isə 18,2 milyon kVts olmaqla son 3 gündə 55,0 milyon kVts elektrik enerjisinin istehlakında artım qeydə alınıb. Bununla da iyun ayının 29-u elektrik enerjisinin günlük tələbatı “Azərişıq” ASC üzrə 66,4 milyon kVts qeydə alınıb ki, bu da elektroenergetika tarixində rekord göstərici olmuşdur. İyun ayında isə ümumi artım keçən ilin müvafiq dövrü ilə müqayisədə 106 milyon kVts olması gözlənilir.
“Azərişıq” ASC tərəfindən abonentlərə xəbərdarlıq edilir ki, soyutma və havalandırma avadanlıqlarından fasiləsiz istifadə enerji artımına səbəb olur ki, bu da istifadə edilən elektrik enerjisinin dəyərini artırır. İstifadə edilən elektrik enerjisinin dəyərinin artması növbəti hesabat ayında təqdim olunan bildirişlərdə öz əksini tapacaq.