İqtisadiyyat (14-05-2021, 20:02)
SOCAR UEFA ilə tərəfdaşlığı dayandırdı - Rəsmi
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) UEFA ilə tərəfdaşlıq müqaviləsini uzatmamaq qərarını verib.
Bu barədə “Qafqazinfo”ya SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, 2019-cu ildən etibarən SOCAR dünya iqtisadiyyatının sürətli transformasiyası, dördüncü sənaye inqilabı və enerji keçidi ilə əlaqədar olaraq, öz biznes strategiyasına yenidən baxılması və yeni strategiyanın hazırlanması ilə bağlı qərar verib. Əhmədov bildirib ki, SOCAR-ın yeni davamlı inkişaf strategiyası McKinsey şirkətinin dəstəyi ilə hazırlanıb və 2035-ci ilə qədər dövrü əhatə edir. Strategiya SOCAR-ın Müşahidə Şurasına artıq nəzarət və təsdiq üçün təqdim olunub:
“Son dövrdə SOCAR yeni strategiyanın müəyyən etdiyi inkişaf istiqamətlərindən kənarda qalan bütün xərclərini ixtisar etməyə başlayıb. Keçmişdə həyata keçirdiyimiz bəzi başqa layihələr kimi UEFA ilə tərəfdaşlığın uzadılması məsələsi də şirkətin yeni biznes strategiyası çərçivəsində məqsədəuyğun görülmədi. Beləliklə, SOCAR, xərclərə qənaət edərək, UEFA ilə tərəfdaşlıq müqaviləsini uzatmamaq qərarını verib və sözügedən tərəfdaşlığın başa çatdırılması ilə bağlı UEFA-ya müraciət edib. Artıq bununla bağlı razılıq əldə olunub”.
Rəis müavini qeyd edib ki, SOCAR Avropanın futbol ailəsi ilə keçmiş əməkdaşlığından məmnun olduğunu bildirir və Avropanın bütün futbol federasiyalarına, UEFA-ya aid olan bütün futbol komandalarına və CAA11 heyətinə səmərəli əməkdaşlıq üçün təşəkkür edir:
“SOCAR eyni zamanda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əsas sponsoru qalmağa davam edir və bu minvalla Avropanın futbol ailəsi ilə əməkdaşlığını davam etdirəcək”.