İqtisadiyyat (12-07-2018, 12:30)
Azərbaycanda benzin istehsalı nə vaxt bərpa olunacaq?
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) katalitik-krekinq qurğusunun təmiri bu gün ərzində başa çatacaq.
Mediatv.az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə zavoddan məlumat verilib.
Qeyd olunur ki, qurğunun təmiri artıq son mərhələdədir: "Təmir işlərinin başa çatması və katalitik-krekinq qurğusunun bu gün işə salınması haqqında əmr verilib".
Qurğunun təmir olunduğu müddətdə ölkənin avtomobil benzininə tələbatının təmin olunmasına toxunan müsahib bildirib ki, tələbat daxili ehtiyatlar hesabına təmin olunub:
"Təmir zamanı Azərbaycana benzin idxal olunmayıb. Əhalənin təminatı zavoddakı təxminən 80 min ton həcmində qalıq ehtiyat hesabına təmin olunub".
Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə "Azərbaycan" İES-də baş vermiş qəza ilə əlaqədar olaraq SOCAR-ın quru mədənlərində iş rejimi müvəqqəti olaraq pozulmuşdu. Eləcə də Qaz İxrac İdarəsinin Kompressor stansiyalarının, Neft Emalı Zavodu, "Azərikimya" İB-nin müəssisələri, Qaz Emalı Zavodunda elektrik enerjisinin kəsilməsi nəticəsində müəssisələrin fəaliyyəti qəza rejimində dayandırılmışdı.