İqtisadiyyat (22-06-2018, 10:18)
Hesablama Palatası əlavə hesabat hazırlayacaq
"Nəzarət nəticə və şəffaflıq tələb edir. Bizim nəzarət fəaliyyətimizin məqsədi hesabatlılığın gücləndirilməsidir, bu isə maliyyə inzibatçılığının möhkəmləndirilməsinə xidmət edir".
Mediatv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verib. Onun sözlərinə görə, Hesablama Palatası başa çatdırdığı tədbirlərin nəticələri ilə bağlı məlumatları ictimailəşdirir və bunu müxtəlif metodlarla həyata keçirir: "Şəffaflıq təmin edilmədikdə həmin məqsədlərə nail olmaq mümkün deyil. Bizim rəsmi internet səhifəmizdə başa çatdırılmış auditlərlə bağlı məlumatlar əldə etmək mümkündür. 2017-ci ildən nəşrinə başladığımız "Dövlət auditi" bülletenində bəzi tədbirlərlə bağlı daha ətraflı məlumatlar veririk. Hesablama Palatası daxil olmuş bütün sorğuları vaxtında və ətraflı cavablandırır. Dövlət büdcəsinin, eyni zamanda, Dövlət Neft Fondunun büdcəsinin 6 ay üzrə icrası ilə bağlı məlumatlar da hazırlanaraq ictimaiyyətə təqdim edilir. İl ərzində fəaliyyətimizlə bağlı daha ətraflı məlumatların çatdırılması üçün hesabatlarımızın da strukturunun və məzmununun ildən-ilə təkmilləşdirilməsinə çalışırıq. Hazırladığımız bütün sənədləri - rəyləri və hesabatları tam məzmunda internet səhifəmizdən əldə etmək mümkündür".
V.Gülməmmədov əlavə edib ki, Hesablama Palatası icra edilmiş dövlət büdcəsi ilə bağlı bu büdcənin icrasını təmin edən orqanlar üzrə daha ətraflı məlumatları əks etdirən əlavə hesabat hazırlamaq niyyətindədir.
"Burada məqsədimiz şəffaflığın və hesabatlılığın gücləndirilməsi ilə yanaşı, növbəti ilin dövlət büdcəsinin layihəsinin müzakirələrində əlavə məlumatların təqdim edilməsidir. Atdığımız bu addımlar dövlətimizin başçısının maliyyə sektorunda şəffaflığın təmin edilməsi və Hesablama Palatasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını layiqincə təmin etmək məqsədini daşıyır. Biz Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatlara öz töhfəmizi vermək ümidindəyik", - deyə V.Gülməmmədov vurğulayıb.