İqtisadiyyat (22-05-2018, 18:30)
Xarici şirkətlərin və sahibkarların hesabları yoxlanılacaq
İyunun 30-dək Azərbaycanda xarici şirkətlərin və sahibkarların hesabları yoxlanılacaq.
Mediatv.az xəbər verir ki, bu, vergilər naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənən “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların müəyyən edilməsi ilə bağlı hərtərəfli yoxlama prosedurlarının həyata keçirilməsi Qaydaları”nda əksini tapıb.
Açılma tarixinə görə hüquqi və fiziki şəxslərə məxsus hesablar aşağıdakılara bölünür:
- əvvəlcədən mövcud olan hesablar – 1 iyul 2017-ci il tarixinədək hesabat verən maliyyə institutunda mövcud olan hesablar;
- yeni hesablar – 1 iyul 2017-ci il tarixində və ya bu tarixdən sonra hesabat verən maliyyə institutunda açılan hesablar.
Yoxlanılması, müəyyən edilməsi və barəsində hesabat verilməsi tələb edilən fiziki şəxslərin əvvəlcədən mövcud olan hesablarının aşağıdakı növləri vardır:
- aşağı dəyərli hesablar – 30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 1000 000 ABŞ dollarını keçməyən əvvəlcədən mövcud olan hesablar;
- yüksək dəyərli hesablar – 30 iyun 2017-ci il tarixinə və ya hər hansı növbəti təqvim ilinin 31 dekabr tarixinə qalığı və ya dəyəri 1 000 000 ABŞ dollarını keçən əvvəlcədən mövcud olan hesablar.
Bildirilir ki, fiziki şəxslərin əvvəlcədən mövcud olan hesablarının hərtərəfli yoxlanılması 30 iyun 2018-ci il tarixinədək başa çatdırılmalıdır.
Hüquqi şəxslərin əvvəlcədən mövcud olan hesabları üzrə hərtərəfli yoxlama prosedurlarına gəlincə, 30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dollarını keçməyən hüquqi şəxslərin əvvəlcədən mövcud olan hesablarının hər hansı növbəti təqvim ilinin son gününə qalığı və ya dəyəri 250 000 ABŞ dollarını keçməyənədək həmin hesabların Ümumi Hesabatlılıq Standartı əsasında hesabat verilməli hesab kimi yoxlanılması, müəyyən edilməsi və onlarla bağlı hesabat verilməsi tələb edilmir.
Yoxlanılması tələb edilən hüquqi şəxslərin əvvəlcədən mövcud olan hesabları aşağıdakılardır:
- 30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dolları məbləğini keçən hesablar;
- 30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dolları məbləğini keçməyən, lakin hər hansı növbəti təqvim ilinin son gününə qalığı və ya dəyəri 250 000 ABŞ dolları məbləğini keçən hesablar.