İqtisadiyyat (17-05-2018, 14:00)
Kriptovalyutalarla bağlı əməliyyatlar vergiyə cəlb ediləcək
Kriptovalyutalarla əməliyyatlar fiziki şəxslər arasında aparılır və bunlar qeyri-sahibkarlıq fəaliyyətinə aiddir.
Mediatv.az xəbər verir ki, bunu Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Maliyyə Texnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik” mövzusunda forumda Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Şamil Ərəbov deyib.
O bildirib ki, vergi qanunvericiliyinə əsasən, rezident vergi ödəyicisinin gəliri Azərbaycan Respublikası ərazisində və ölkə hüdudlarındakı gəlirlərdən ibarətdir.
Qeyri-rezident vergi ödəyicisinin gəliri isə Respublikada mənbəyindən əldən edilən gəlirdən ibarətdir. Kriptovalyutalarla bağlı əməliyyatların vergiyə cəlb edilmə məsələsinə gəlincə, o qeyd edib ki, bu əməliyyatlar fiziki şəxslər arasında aparılır və qeyri-sahibkarlıqdan əldə edilən gəlirlərə daxil edilir.
“Həmin şəxslər vergi orqanlarında uçota durmalı, VÖEN almalı, bəyannamə təqdim etməli və dövlət büdcəsinə vergi verməlidirlər”.