İqtisadiyyat (3-04-2018, 16:00)
Bakıda bank sektoru ilə bağlı müzakirələr aparılır
Bu gün Bakıda Mərkəzi Bankın təşkilati dəstəyi ilə “Nağd pul tədavülü, banklarda inkassasiya və kassa əməliyyatlarının təşkili” mövzusunda VII beynəlxalq konfrans başlayıb.
Mediatv.az Oxu.Az-a istinadən xəbər verir ki, iki gün davam edəcək konfransda müasir bank sektorunda nağd pul tədavülünün rolu, nağd pul dövriyyəsinin idarə edilməsində yeni texnologiyaların və konsepsiyaların tətbiqi, pul nişanlarının mühafizə sistemlərinin təkmilləşdirilməsi və saxtakarlığa qarşı mübarizə mövzusunda aktual məsələlər müzakirə olunacaq.
Konfransın məqsədi aparıcı texnologiya və təcrübə mübadiləsi, həmçinin yeni işgüzar əlaqələrin yaradılması və müştərək biznes ideyalarının tapılması, nağd ödənişlər sayəsində qərarlar və innovasiyalar üçün böyük imkanlar yaratmaqdır.
Hər il keçirilən beynəlxalq konfransda MDB ölkələrində fəaliyyət göstərən kommersiya banklarının rəhbərləri, kassa, hesablama və əməliyyat bölmələrinin mütəxəssisləri, pul dövriyyəsi sahəsində aparıcı analitiklər və beynəlxalq mütəxəssislər, Mərkəzi və Milli bankların nümayəndələri, həmçinin banklar üçün ixtisaslaşmış məhsul və xidmətlər istehsal edən şirkətlər iştirak edir.