İqtisadiyyat (5-09-2017, 18:00)
Bakıda əhalinin nə qədər qida qəbul etdiyi bəlli oldu
Bu ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2016-cı ilin yanvar-iyul aylarına nisbətən müqayisəli qiymətlərlə 2,7 faiz artaraq, 10304,9 milyon manat olub.
Mediatv.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz artaraq, 4672,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,4 faiz artaraq, 5632,3 milyon manata bərabər olub.
İstehlak məhsullarının 18,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 68,1 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Cari ilin yanvar-iyul aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 25,5 milyon manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,3 dəfə çox istehlak məhsulları satılıb.
Elektron şəbəkə vasitəsilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 97,4 faizi hüquqi şəxslərdən, 2,6 faizi isə fərdi sahibkarlardan alınıb. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsulları realizə olunub.