İqtisadiyyat (17-07-2017, 10:54)
Yeni tikinti qaydaları mənzilləri ucuzlaşdırdı
Nazirlər Kabinetinin qərarına əsasən, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 ədəd mənzildən ibarət olan 219 yaşayış binasının sökülməsi və yenidən qurulması qərara alınıb.
Mediatv.az Fins-ə istinadən xəbər verir ki, qərarın imzalanmasından dərhal sonra rayon ərazisində qəzalı vəziyyətdə olan yaşayış binaları siyahıya alınıb. Bərpası mümkün olmayan binaların sökülərək yerində müasir memarlıq üslubunda yeni yaşayış binalarının inşa edilməsi ilə bağlı işlərə başlanılıb.
Nərimanov Rayon İcra Hakimiyyətinin Rayon təsərrüfatı şöbəsinin müdiri Rəşid Ağayev bildirib ki, tikinti sahəsində çalışan iş adamları və sahibkarlarla keçirilən görüşlərdə onları maraqlandıran bütün məsələlər müzakirə olunub. Konkret təkliflər irəli sürülüb.
Nazirlər Kabinetinin müvafiq sərəncamından sonra 33 tikinti şirkəti Nərimanov ərazisində istismar müddətini başa vuran qəzalı, şəhərin müasir görüntüsü ilə uzlaşmayan evlərin tikintisi üçün müraciət edib. Bu müraciətlərin 25-nə tikinti fəaliyyətinə başlamaq üçün sərəncam verilib, 12 müraciət üzrə isə söküntü və tikinti işləri artıq başlayıb.
Hazırda “Araz-2011A” MMC tərəfindən Qarabağ küçəsi 47-79 və T.Şıxəliyev küçəsində 10 nömrəli yaşayış binalarının yerində bir ədəd çoxmənzilli yaşayış binasının, Əhməd bəy Ağaoğlu, Aşıq Alı və Dəmirçizadə küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binasının və Qarabağ, Əhməd bəy Ağaoğlu, Ə.Dəmirçizadə küçələrində, Xətai prospektinin əhatə etdiyi ərazidə binaların yerində bir ədəd çoxmənzilli yaşayış binasının, “Bakı Mexanikləşdirmə-1” ASC tərəfindən A.Heydərov küçəsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının yerində bir ədəd çoxmənzilli yaşayış binasının və Ə.Orucəliyev-Arif Heydərov küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının yerində bir ədəd çoxmənzilli yaşayış binasının, “Çinar-Z” MMC tərəfindən Ə.Əliyev küçəsində bir ədəd çoxmənzilli yaşayış binasının inşası davam edir.
Bundan başqa, Səməd Vurğun və Sabit Rəhman küçələrinin, Mirəli Qaşqay və Möhsüm Sənani küçələrinin, Təbriz və Firdovsi Məmmədov küçələrinin, Təbriz, Ə.Dəmirçizadə və F.Əsədov küçələrinin kəsişməsində, Mövsüm Sənani küçəsi ilə Xan Şuşinski küçəsinin kəsişməsində, Ə.Dəmirçizadə, Ə.Əlizadə, Qarabağ və Əhməd bəy Ağaoğlu küçələrinin əhatə etdiyi ərazidə, Xətai prospekti, Qarabağ küçəsi, Tələt Şıxəliyev və Əhməd bəy Ağaoğlu küçələrinin əhatə etdiyi ərazidə yerləşən binaların yerində çoxmənzilli yaşayış evləri tikilir.
Rəşid Ağayev bildirib ki, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, ən çox belə layihə hazırda Nərimanov rayonunda həyata keçirilir: “Bakı şəhərində tikintinin kütləviləşdiyi 6-7 il öncəki dövrdə Nərimanov rayonunda orta hesabla il ərzində 8-10 bina inşa edilib. Hansı ki, onların əksəriyyəti birbloklu olub. Hazırda həyata keçirilən “pilot layihələr” üzrə isə inşa edilən binalar azı ikiblokludur. Ümumilikdə, layihələr üzrə blokların sayı 100-dən çoxdur”.
Mənzillərin qiyməti ucuzlaşır, keyfiyyət yüksəlir, iş yerləri açılır
Nərimanov RİH rəsmisi “pilot layihələr”in müsbət iqtisadi tərəfləri barədə də danışıb. Onun sözlərinə görə, yeni yaşayış binalarının inşası ümumən mənzillərin qiymətlərinin ucuzlaşmasına, beləliklə, vətəndaşlar üçün daha əlçatan olmasına müsbət təsir göstərib: “Hazırda reallıq ondan ibarətdir ki, vaxtilə bir kvadratmetri 3 min manata olan mənzil indi 1500 manata təklif olunur. Bunun da əsas səbəbi təklifin tələbi üstələməsidir. Real vəziyyət isə tikinti şirkətlərini tam qane edir.
Məsələnin digər iqtisadi və daha çox sosial tərəfi yeni iş yerlərinin açılmasıdır. Bir neçə il öncə tikinti sektoru zəiflədiyindən inşaatçılar arasında işsizlik də artmışdı. Bu gün isə yeni tikilən binaların inşasına minlərlə işçi cəlb edilib. Bu, vətəndaşların məşğulluğunun təmin olunması ilə yanaşı, həm də yüzlərlə ailənin sosial rifahının, maddi imkanlarının yaxşılaşması deməkdir.
Yeni yaşayış binalarının inşası həm də inşaat sektorunun canlanmasına səbəb olur. Tikinti elə bir sektordur ki, zəncirvari şəkildə özündə yüzlərlə elementi birləşdirir. Daş, qum, sement, çınqıl, armatur, taxta, elektrik naqilləri, boyalar və s. bu kimi inşaat elementləri ayrı-ayrı istehsal sahələrinin məhsullarıdır. Bu mənada, yenidən vüsət alan yaşayış binalarının inşası bütün tikinti məhsulları bazarını hərəkətə gətirir”.
Qeyd edək ki, Nərimanov, Səbail, Nəsimi, Xətai, Nizami, Suraxanı və Yasamal rayonlarında planlaşdırma layihələri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmış və “pilot layihə”lər adlandılıran 254 yüksəkmərtəbəli yaşayış və qeyri-yaşayış tikililərindən artıq 45-nin tikintisinə başlanılıb.
Bu da onu deməyə əsas verir ki, Bakının tikinti sektorunda yeni mərhələ başlayıb. Dövlətin dəstəyi və zəmanəti ilə istismar müddətini başa vurmuş və qəzalı evlərin söküntüsünü və yeni binaların inşasını əhatə edən mərhələlərdə tikinti işləri sırf şəhərsalma prinsipləri, arxitektur tələblər çərçivəsində, Bakının ümumi görünüşünə uyğun şəkildə aparılır.