İqtisadiyyat (15-05-2017, 13:32)
Moskva və Ər-Riad neft hasilatına məhdudiyyətin müddətini uzatmaq barədə razılığa gəliblər
Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının məhdudlaşdırılmasına dair sazişin müddətinin doqquz ay, yəni 2018-ci ilin mart ayına qədər uzadılmasına hazır olduqlarını bildiriblər.
Mediatv.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Pekində görüşün nəticələrində Rusiyanın energetika naziri Aleksandr Novak və Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Flaihin birgə bəyanatında deyilir.
“Nazirlər kooperasiya barədə deklarasiyanın müddətinin doqquz ay uzadılmasına dair tam konsensus əldə etmək üçün mayın 24-də sazişin iştirakçı ölkələri və digər istehsalçılar ilə konsultasiya keçirməyə dair razılığa gəliblər. Nazirlər həmçinin ölkələrin əksəriyyətinin neft bazarının sabitləşməsindən müsbət effekti qiymətləndirəcəklərinə və bu səylərə qoşulacaqlarına dair optimistlik nümayiş etdiriblər”, - birgə bəyanatda deyilir.
2016-cı ilin noyabr ayının 30-da Vyanada OPEC ölkələri neft hasilatının sutkada bir milyon barelə qədər azaltmaq barədə razılığa gəliblər. Bu, 2008-ci ildən xammalın hasilatının azaldılmasına dair ilk razılaşma idi.