İqtisadiyyat (10-05-2017, 16:19)
Səbuhi Əliyev: Hüquqi şəxslərə cinayət məsuliyyəti müəyyən olunmalıdır
Hüquqi baxımdan hüquqi şəxslərin cinayət məsuliyyəti daşıması və bunun üçün cinayət qanunvericiliyində cinayətin subyekti kimi tanınması müasir dövrdə müzakirə olunan mövzulardan biridir.
Mediatv.az marja-ya istinadən xəbər verir ki, məsələnin aktuallığı onunla şərtlənir ki, hüquqi şəxslər mühüm təsərrüfat subyekti olmaqla, iqtisadi münasibətlərin bilavasitə iştirakçılarıdırlar.
İqtisadi münasibətlərin dərinləşdiyi, bu münasibətlərin müasir metodlarla tənzimləndiyi bir dönəmdə, burada iştirak edən iriçəkili subyektlər tərəfindən törədilən əməllərin qarşısını almaq və cəzalandırmaq qanunvericilik qarşısında duran vəzifələrdən birinə çevrilmişdir.
Hüquq üzrə fəlsəfə doktoru, “AtaBank” ASC-nin İdarə Heyəti sədrinin müavini, ekspert Səbuhi Əliyevin sözlərinə görə, Azərbaycan Respublikasının qüvvədə olan cinayət qanunvericiliyinə əsasən, hüquqi şəxslərin, ümumiyyətlə, cinayətin subyekti olmaları istisna edilir.
Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 19-cu maddəsi ilə hüquqi şəxslər cinayətin subyekti kimi tanınmırlar, sadəcə olaraq onlar barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilmiş bəzi maddələr üzrə cinayət əməlləri törədildiyi halda, cinayət-hüquqi tədbirlər tətbiq oluna bilər. Bu isə hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi anlamına gəlmir.
Bir sıra beynəlxalq sənədlərdə hüquqi şəxslər üçün cinayət məsuliyyəti müəyyənləşdirməyin praktiki əsasları göstərilmişdir.
Belə ki, 1978-ci ildə Avropa Şurasının Cinayətkarlıq Problemləri üzrə Avropa Komitəsi ekoloji cinayətlərə görə hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasının vacibliyini vurğulamışdır. Sonralar bu tövsiyə BMT səviyyəsində keçirilən konqreslərin müvafiq qərarları ilə təsdiq edilmişdir.
Söhbət BMT-nin “Cinayətkarlığın qarşısının alınmasına dair” 7-ci və 8-ci Konqreslərinin qərarlarından gedir. Bundan əlavə, Avropa Şurasının Nazirlər Komitəsinin 20 dekabr 1988-ci il tarixdə qəbul etdiyi 88 saylı təsərrüfat fəaliyyətini həyata keçirən zaman törədilən hüquq pozuntularına görə müəssisələrin – hüquqi şəxslərin məsuliyyəti haqqında tövsiyəsində qeyd olunur ki, hüquqi şəxslər (müəssisələr) də cinayət məsuliyyəti daşımalıdırlar.
Eyni zamanda, Avropa Şurası 27 yanvar 1999-cu ildə Strasburqda korrupsiya ilə bağlı Konvensiya qəbul etmişdir; bu Konvensiyanın 18-ci maddəsi cinayət hüquq pozuntusu törədilməsi ilə bağlı olaraq hüquqi şəxslərin məsuliyyət daşımasını nəzərdə tutur.
Bu Konvensiyanın qəbul olunmasından bir qədər sonra BMT səviyyəsində “Transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə haqqında” Konvensiya imzalandı.
Bu Konvensiya iştirakçı dövlətlərin üzərinə belə bir vəzifə qoyur ki, onlar hüquqi şəxslərin mülki, inzibati və cinayət məsuliyyəti daşımasını nəzərdə tutan norma müəyyənləşdirsinlər.
Göründüyü kimi, beynəlxalq cinayət hüququ hüquqi şəxslərin cinayət məsuliyyəti daşıması prinsipindən çıxış edir. Azərbaycan Respublikasının cinayət hüququnda hüquqi şəxslərin cinayət məsuliyyəti barədə norma nəzərdə tutulması, özlüyündə beynəlxalq “standart”lara, yəni beynəlxalq cinayət qanunvericiliyinə uyğunlaşma istiqamətində irəliyə atılmış addım olardı.
Yeri gəlmişkən, “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyanın tələbinə görə, hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması barədə qanunvericilik və digər tədbirlərin görülməsini Azərbaycan Respublikası öz üzərinə götürmüşdür.
Eyni zamanda, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun “Korrupsiya hüquqpozmalarına görə fiziki və ya hüquqi şəxslərin məsuliyyəti” adlı 11-ci maddəsində korrupsiya hüquqpozmalarını törətmiş hüquqi şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada cərimə edilməsi və ya digər cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi nəzərdə tutulmuşdur.
Hüquqi şəxslərin cinayət məsuliyyəti barədə norma respublikanın cinayət qanunvericiliyinə həm də ona görə daxil edilməlidir ki, bir sıra demokratik, sivil, mütərəqqi Qərb dövlətlərində fiziki şəxslər kimi hüquqi şəxslər də cinayət məsuliyyətinə cəlb oluna bilirlər. Yalnız belə ölkələrin qanunvericilik təcrübəsini nəzərə almaqla Azərbaycan Respublikasının cinayət qanunvericiliyini təkmilləşdirmək və inkişaf etdirmək olar. Bu həm də cinayət-hüquqi inteqrasiya prosesini gücləndirərdi.
Ekspert hesab edir ki, hüquqi şəxslərin cinayət məsuliyyəti daşımasının zəruriliyini əsaslandırmaq üçün kifayət dərəcədə əsaslar vardır. Birincisi, hüquqi şəxslərin idarə olunması mürəkkəb strukturun vasitəsilə həyata keçirilir. Bu da öz növbəsində cinayətin törədilməsində təqsirli olan konkret şəxsin müəyyənləşdirilməsində çətinlik yaradır.
Müəyyən hallarda isə törədilmiş cinayətə görə cavab verməli olan konkret şəxsi (hüquqi şəxsin konkret əməkdaşını) müəyyənləşdirmək mümkün olmur. İkincisi, hüquqi şəxslər tərəfindən, öz fəaliyyətini həyata keçirən zaman yol verdiyi cinayət xarakteri daşıyan hüquq pozuntularının sayı artır.
Bunun nəticəsində ayrı-ayrı şəxslərə və bütövlükdə cəmiyyətə xeyli ziyan vurulur. Ayrı-ayrı şəxslərə cinayət-hüquqi sanksiyaların tətbiqi hüquqi şəxslərin yeni hüquq pozuntusu törətməsinin qarşısını almağın effektivliyi üçün kifayət etmir.
Buna görə də, hüquqi şəxslərin cinayət məsuliyyəti daşıması daha effektiv tədbirdir. Hüquqi şəxslər hüququn müstəqil subyektidir; onlar hüquqi nemətlərin müstəqil daşıyıcılarıdırlar.
Buna görə də, hüquqi şəxslərin cinayət-hüquqi kontekstdə cəzalandırılması məqsədəuyğun və vacibdir. Şübhə yoxdur ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə hüquqi şəxslərin cinayət məsuliyyəti barədə müvafiq maddənin daxil edilməsi xüsusilə iqtisadi fəaliyyət sahəsində törədilən ictimai təhlükəli əməllərin qarşısının alınmasının, aradan qaldırılmasının effektiv vasitəsi olacaqdır.
S.Əliyev bildirib ki, hüquqi şəxslər cinayətin subyekti kimi tanınmasa da, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Qanununa ilə AR Cinayət Məcəlləsinə əlavə edilmiş XV-II fəslə (AR CM-nin 99-4, 99-5-ci maddələri) əsasən, onlara qarşı cərimə, xüsusi müsadirə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və hüquqi şəxsi ləğv etmə kimi cinayət-hüquqi tədbirlər, həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir:
1) hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 2) hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 3) hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 4) həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi.
Lakin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-4.6 maddəsinə görə, hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144, 144-1, 144-2, 144-3, 167–169, 169-1, 170–171-1, 192-2, 193-1, 194, 200-1, 200-2, 214–220, 233, 242-244-1, 259-261, 271–284, 308, 311, 312, 312-1, 313, 315, 316-1, 316-2, 320 və 323–326-cı maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir ki, bu effektiv tənzimləmə mexanizmi deyildir.
Belə ki, xüsusilə iqtisadi fəaliyyət sahəsində olan cinayətlər, məsələn, qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə, kreditor borclarını ödəməkdən qəsdən yayınma və s. əsasən, hüquqi şəxslər tərəfindən törədilə bilər, belə olan halda ən azından Azərbaycan Respublikasının cinayət qanunvericiliyində hüquqi şəxslərə iqtisadi fəaliyyət sahəsində olan bu kimi cinayətlərə görə də cinayət-hüquqi tədbirlərin tətbiq olunması təqdirəlayiq hal olardı.
Ekspert hesab edir ki, ümumilikdə isə cərimə, xüsusi müsadirə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi tədbirlər formasında ayrı-ayrı maddələrə görə deyil, subyekt olaraq hüquqi şəxs tərəfindən cinayət qanununu ilə qorunan obyektlərə ziyanın vurulması halında cinayət-hüquqi sanksiya olaraq tətbiq edilməlidir.