İqtisadiyyat (1-02-2017, 09:34)
Problemli kreditlərin həcmi 1 milyard 500 milyona çatıb
Dollar kreditlərinə çarə olacaqmı?; Mərkəzi Bank borcluların real statistikasını gizlədir...
Mediatv.az: Ölkənin bank sektorunun ciddi problemlərindən biri ödənilməyən kreditlərlə bağlıdır. Ekspertlər dəfələrlə təklif versələr də, hökumət yükü tamamilə vətəndaşın üstünə qoymaqda maraqlıdır. Nəticədə ilk devalvasiyadan keçən iki ilə yaxın müddətdə vətəndaş 150 faizə yaxınlaşan bahalaşma ilə dollar kreditini qaytarmalıdır. Qaytarılmayan, problemli kreditlərin artması da ölkənin bank sistemini çökdürməkdədir.
Son olaraq “Standard & Poor’s” (“S&P”) beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir ki, Azərbaycanın bank sektoru zəif olaraq qalır və mürəkkəb iqtisadi şəraitin təsiri altındadır. “Azərbaycan Mərkəzi Bankının 2016-cı ilin noyabr ayı üzrə açıqladığı statistikaya əsasən, problemli kreditlərin ümumi kredit qoyuluşlarında payı 9 faizdir. Lakin biz hesab edirik ki, bu rəqəm kiçildilib və problemli kreditlərin real həcmi daha yüksəkdir” deyə, məlumatda bildirilir. Agentliyin ekspertləri qeyd edirlər ki, manatın baş verə biləcək devalvasiyası bankların fəaliyyətini daha da çətinləşdirəcək.
Məlumatda deyilir ki, valyuta rejiminin müəyyənləşdirilməsi və bazarda intervensiyalardan savayı, Mərkəzi Bankın makroiqtisadi dinamikaya təsir imkanları hələ də məhdud olaraq qalır. Ekspertlər qeyd edirlər ki, banklarda depozitlərin dollarlaşma səviyyəsi 75 faizdir: “Bu da Mərkəzi Bankın monetar siyasətə təsir göstərmək imkanlarını məhdudlaşdırır”.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, dollar kreditləri ilə bağlı vəziyyət getdikcə kritik həddə çatır: “Məzənnə dəyişiklikləri olduqca, problemli kreditlərin həcmi sürətlə artdığından, əhalinin valyuta kreditlərini geri qaytarmasında ciddi problemlər yaşanır. Rəqəmlər də bunu sübut edir. Mərkəzi Bankın rəsmi rəqəmləri ilə təqribən 9 faiz problemli kredit var. Amma reallıqda bu rəqəm bir neçə dəfə çox ola bilər. ”Standard & Poor’s" beynəlxalq reytinq şirkəti də bu barədə bildirib. Yəni dolların məzənnəsi dəyişdikcə, vətəndaşların kreditləri qaytarması ilə bağlı problem daha da artır. İlk devalvasiyadan sonra heç olmasa, ikincidən sonra bununla bağlı bir qərar verilməli idi. Banklar da anlamalı idi ki, belə vəziyyət davam etdikcə, yük vətəndaşların çiynində qaldıqca, onlar daha çox ziyan edəcəklər. Məsuliyyət bölünməli, müqavilələr yenilənməli, yenidən qərar verilməli idi. Ya valyuta kreditləri manata çevrilməli, vətəndaşlarla razılaşdırılmış məzənnə ilə olmalı idi. Ya da həmin o fərqi üç yerə bölmək, bank, hökumət və vətəndaş arasında bölgü lazım idi. Məsuliyyəti bölərək bir formul yaradıla bilərdi, bir çox ölkələrdə bunun örnəkləri var. Amma nədənsə belə addımlar atılmadı. Təəssüf ki, bu addımların atılmaması bank sektoruna daha böyük ziyan vurur. Çünki problemli kreditlərin həcmi artdıqca, bank sektorunun işi çətinləşir, kredit vermək potensialı zəifləyir, gəlirliliyi aşağı düşür, dayanıqlığı azalır. Bu nöqteyi-nəzərdən indi məzənnənin 1,92 səviyyəsində olduğunu nəzərə alaraq, manatın daha da dəyərdən düşəcəyini də ehtimal edərək, durumun daha da pis olacağını söyləməliyik. Problemli kreditlərin həcmi daha böhranlı həddə çatacaq. Bankların işi iflic ola bilər. Nə qədər gec geyil, hansısa bir formul üzərində işlənməlidir. Belə olmasa, geri qayıtmayan kreditlərin həcmi artacaq, bu, yüz minlərlə insanı əhatə etdikcə, heç bunu məhkəmə qaydası ilə də həll etmək mümkün olmayacaq. Çünki məhkəmələr fiziki olaraq on minlərlə işə baxa bilməyəcək".
Ekspert Vüqar Bayramov isə bildirib ki, problemli kreditlərin həcmi 1 milyard 442 milyon manata çatıb: “Bu, 16 milyard 275 milyon manatlıq kredit portfelinin 8,9 faizi deməkdir. Neftin dünya bazar qiyməti aşağı düşməyə başlayanda bu rəqəm 5 faiz ətrafında dəyişirdi. Bununla belə, aparılan monitorinqlər göstərir ki, banklarda problemli kreditlərin məbləği Mərkəzi Bank tərəfindən rəsmi elan edilən rəqəmdən daha böyükdür. Fərqli səbəblərdən banklar yubanan kreditləri problemli kreditlər kimi rəsmilləşdirməyə həvəsli görsənmirlər. Kredit götürənlərin ödəmə qabiliyyətinin azaldığını nəzərə alsaq, o zaman növbəti aylarda da problemli kreditlərin həcmində artımlar qaçılmazdır. Tədqiqatlar göstərir ki, problemli kreditlərin xeyli hissəsi artıq ”ümidsiz kreditlərdir".
Yəni onların geri qaytarılması praktik olaraq mümkün deyil. Halbuki 2015-ci ilin əvvəlində təklif etdiyimiz kimi, Mərkəzi Bank sadəcə problemli kreditlərin yarısı qədər məbləğı xarici valyutada olan kreditlərə kompensasiya kimi ödəsəydi, 10 min dollaradək istehlak kreditlərinə güzəşt tətbiq edə bilərdi. Mərkəzi Bank kreditlərə güzəşt versəydi, nə problemli kreditlərin həcmi bu qədər şişərdi, nə də kredit borcu olanların ödəmə qabiliyyəti pisləşərdi. Bu isə o deməkdir ki, güzəşt tətbiq edilməyincə problemli kreditlərin həcmində artımlar davam edəcək".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024