İqtisadiyyat (21-11-2016, 17:14)
XARİCİ BORCUMUZ 3 AYDA 544 MİLYON ARTIB
Xaricdən cəlb olunmuş dövlət kreditlərinə görə, bu il iyulun 1-nə hər bir Azərbaycan vətəndaşına 782 dollar 60 sent borc düşür.
Mediatv.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu yazıb.
İqtisadçı qeyd edib ki, Azərbaycan iyulun 1-dək beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə 10.6 milyard dollar məbləğində kredit sazişləri imzalayıb. Bu sazişlər əsasında istifadə olunmuş kreditlər 7.6 milyard dollar olub.
«İmzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə, xarici dövlət borcu ümumi daxili məhsulun 20 faizini təşkil edib. Adambaşına düşən xarici dövlət borcu istifadə edilmiş kreditlərə görə, 782.6, imzalanmış sazişlər üzrə 1080 dollar olub», – iqtisadçı qeyd edib.
İqtisadçı əlavə edib ki, kreditlərin 68.5 faizi dollarla, 18.3 faizi avro ilə, 3.7 faizi yapon yeni ilə, 1.7 faizi isə digər valyutalar ilə alınıb. Kreditlərin 39.2 faizi sabit, 60.8 faizi isə dəyişkən dərəcə ilə götürülüb.
Kreditlərin qaytarılma müddətinə gəlincə, iqtisadçı bildirir ki, xarici borcun 53.2 faizi 10 ilə, 41.2 faizi 10-20 ilə, 5.6 faizi isə 20 ildən yuxarı müddətdə qaytarılmalıdır.
Adambaşına düşən xarici borcun məbləğində artım müşahidə olunur. Maliyyə Nazirliyinin aprel ayında açıqladığı bilgilərdə deyilirdi ki, adambaşına düşən xarici borc 765 dollar 50 sent təşkil edir.
Həmin məlumatda bu ilin ilk 3 ayında Azərbaycanın xarici dövlət borcunun 544 milyon 400 min dollar artdığı qeyd edilirdi.
Ondan hökumətin birbaşa öhdəliklərinin və dövlət zəmanəti ilə alınan borcun məbləğinin 7 milyard 448 milyon 700 min dollara çatdığı vurğulanırdı.