İqtisadiyyat (15-02-2016, 09:14)
Mərkəzi Bank faizləri qaldırdı
Milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün Mərkəzi Bankın İdarə Heyəti 15 fevral 2016-cı il tarixindən uçot dərəcəsini 5% (əvəlki 3 %), likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2% (əvvəlki 0,1%), yuxarı həddini isə 10% (əvvəlki 5 %)səviyyəsində müəyyən etmək barədə qərar qəbul etmişdir.
Mediatv.az-a bu barədə Mərkəzi Bankdan bildirilib.
“Bu qərar həm də başlıca makroiqtisadi göstəricilərin proqnozuna və orta müddətli dövrdə dayanıqlı qiymət sabitliyinə nail olunması məqsədinə əsaslanmaqla qəbul edilmişdir.
Mərkəzi Bank bundan sonra da makroiqtisadi prosesləri və maliyyə bazarında vəziyyəti izləyəcək və zərurət yarandıqda mərhələlərlə pul siyasəti alətləri vasitəsilə çevik reaksiya verəcəkdir”.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı makroiqtisadi sabitliyin və dayanıqlığın təmin olunmasına yönəldilmiş tədbirləri davam etdirir. Bu məqsədlə elan edilən yeni məzənnə rejiminə uyğun əməliyyat çərçivəsinin tətbiqi və bununla valyuta bazarında vəziyyətin stabilləşməsinə nail olmaq istiqamətində zəruri tədbirlər görülür. Mərkəzi Bank tərəfindən keçirilən son valyuta satışı hərraclarında tələbin təklifdən az olması, eləcə də manatın xarici valyutalara nəzərən məzənnəsinin bir qədər möhkəmlənməsi valyuta bazarında tarazlığın yaranması üzrə ilkin nəticələr kimi qiymətləndirilə bilər. Tətbiq olunan məzənnə rejimi pul-valyuta bazarının inkişafı və iqtisadi subyektlər tərəfindən risk idarəetməsinin inkişafı ilə müşaiyət olunmaqdadır.
Valyuta bazarında vəziyyətin stabilləşməsi, banklar tərəfindən milli valyuta ilə depozitlərə görə daha cəlbedici faizlərin təklif olunması, eləcə də dövlət tərəfindən milli valyutada olan istiqrazların xarici valyutada istiqrazlarla müqayisədə daha yüksək gəlirliklə yerləşdirilməsi milli valyutanın yığım vasitəsi kimi daha geniş istifadəsinə müsbət təsir göstərməkdədir”, – Mərkəzi Bankın məlumatında deyilir.
UÇOT DƏRƏCƏSİ NƏDİR?
Məlumat üçün bildirək ki, uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir. Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.