İqtisadiyyat (24-07-2015, 23:41)
5 milyon manatlıq ipoteka istiqrazları hərraca çıxarılır
2015-ci il iyulun 28-də Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək və hərraca 5 milyon manat həcmində istiqraz çıxarılacaq.
İstiqrazlar 100,1333 qiyməti ilə satışa çıxarılacaq. İstiqrazları əldə etmək istəyən şəxslər “Bakı Fond Birjası” QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər.
İstiqrazların ödənmə tarixi – 21 noyabr 2024-cü ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Mərkəzi Bankıdır.
Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 30 dekabr 2014-cü il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 5 milyon manat təşkil edir, bir istiqrazın nominal dəyəri min manat, istiqraz üzrə faiz dərəcəsi isə 3% təşkil edir.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.
Bu istiqrazların yerləşdirilməsinə 13 yanvar 2015-ci il tarixində başlanılıb və hərraca bu günədək 26 milyon manat həcmində istiqraz yerləşdirilib.