İqtisadiyyat / Slayd (22-07-2015, 20:32)
Beynəlxalq Banka yeni sədr təyin edildi
Bu gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının yığıncağının qərarı ilə Elmar Məmmədov bankın İdarə Heyətinin sədri təyin edilib.
Mediatv.az-ın məlumatına görə, daha əvvəl o, “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Cahangir Hacıyev səhhətinə görə vəzifəsini tərk etdikdən sonra Azərbaycanın iri bankının rəhbəri vəzifəsi 2015-ci il martın 18-dən boş qalmışdı.
C.Hacıyev 2001-ci ilin martından ABB-nin İdarə Heyətinin sədri vəzifəsini tuturdu. Onun gedişindən sonra bankın İdarə Heyətinin sədrinin səlahiyyətlərini ABB-nin İdarə Heyətinin sədrinin müavini Emil Mustafayev icra edirdi.
Məmmədov Elmar Məmməd oğlu 1967-ci il oktyabrın 9-da anadan olub. 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “Maliyyə və kredit”, 1994-cü ildə isə Bakı Dövlət Universitetini “Hüquqşünas” ixtisası üzrə bitirib. 1995-2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Əməliyyat idarəsinin rəisi, bankın Səbail filialının müdiri olub. 2004-cü ilin noyabrından “Kapital Bank” ASC-nin Kreditləşmə və layihələrin maliyyələşdirilməsi departamentinin direktoru, həmin ilin dekabrından bankın İdarə Heyəti sədrinin müavini, 2005-ci ilin dekabrından isə İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində çalışıb. “Kapital Bank” ASC Müşahidə Şurasının 05 iyun 2009-cu il tarixli qərarına əsasən, “Kapital Bank” ASC İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. 2014-cü il iyunun sonundan “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri olub. Ailəlidir, bir övladı var.
ABB-nin əsası 1992-ci ilin yanvarında qoyulub. Bankın əsas səhmdarı Azərbaycan hökuməti adından Maliyyə Nazirliyidir. Azərbaycan hökuməti səhmlərin 51,07 faizinə sahibdir, səhmlərin qalan hissəsi isə özəl fiziki və hüquqi şəxslərin payına düşür.