İqtisadiyyat (16-07-2015, 18:02)
Metyu Brayza: ""Qazprom"a çətin olacaq"
"Qazprom" şirkətinin Türkmənistanda maliyyə çətinliklərinin bir çox səbəbi var.
Qərbin Ukrayna ilə bağlı Rusiyaya tətbiq etdiyi sanksiyalar bu səbəblərdən yalnız biridir. Həqiqətdə isə səbəblər çoxdur.
Bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib.
M.Brayza qeyd edib ki, "Qazprom"un daha bir problemi şəffaflıq prinsipi əsasında fəaliyyət göstərməməsidir: "Şirkətin gəlirinin böyük bir hissəsini Rusiya hökuməti qeyri-şəffaf zəmin əsasında istifadə edir, bundan başqa, "Qazprom" Rusiyada sosial dəstək çərçivəsində qazı aşağı qiymətə satmağa məcburdur və bu itkiləri xaricdə baş tutan satışlar hesabına ödəməlidir. Bütün bu cəhətlər "Qazprom"un gəlirli şirkət kimi qalmasına imkan vermir".
O bildirib ki, Avropa danışıqlar prosesində daha aşağı qiymət əldə etmək üçün Rusiyaya müəyyən vasitələrlə təzyiq edir.
Türkmənistan və Rusiyanın energetika sahəsində əməkdaşlığını şərh edən ekspert bildirib ki, Aşqabadın uzun illər Moskvanın əsas tərəfdaşı olmasına baxmayaraq, müəyyən dövrdə hər iki ölkənin çətinlikləri olub: "2010-cu ildən Türkmənistan qaz ixracı bazarında Rusiyadan asılılığı azaltmaq üçün böyük səylər göstərib. Artıq Türkmənistanın Çinə böyük həcmdə qaz ixrac etdiyini görürük və bu artacaq. Düşünürəm ki, Türkmənistan öz qazının Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya nəqli üçün addımlar atacaq".
M.Brayza qeyd edib ki, uzun illər Rusiya Türkmənistandan aldığı qazın pulunu ödəmirdi: "Rusiya uzun illər müqavilə şərtlərini pozub. Özünü belə aparan tərəf isə bütün etibarını itirir. Türkmənistanın gözündə etibarlı tərəfdaş olmaq "Qazprom"a çətin olacaq. Ən yaxşı halda, "Qazprom" inhisarı itirəcək və "Statoil", "BP", "Shell" kimi başqa xarici şirkətlərlə rəqabət aparmalı olacaq. "Qazprom" bazarların əldə olunması uğrunda rəqabət aparsa, şirkət daha effektiv olacaq və xarici ölkələr, beynəlxalq şirkətlər, həmçinin Rusiya xalqı üçün yaxşı tərəfdaş olacaq. Belə olduğu təqdirdə Rusiya xalqı daha keyfiyyətli xidmət əldə edəcək".
Mediatv.az