Hadisə (1-03-2016, 10:47)
“Məni Cahangir Hacıyev həbs etdirdi, MTN 1 milyon pulumu əlimdən aldı…”
Mediatv.az: Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan iş adamı Kərimov Rauf Faiq oğlu üzləşdiyi problemlərlə bağlı Prezident İlham Əliyevə, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova, Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, Prezident Administrasiyası Dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyevə, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə, “Texnikabank ASC”-nin ləğvedicisi təyin olunmuş “M.M.M. Perfekt Konsaltinq” MMC rəhbərliyinə müraciət ünvanlayıb.
R.Kərimov, bir nüsxəsi “AzPolitika”ya təqdim olunmuş müraciətində yazır ki, 2 ildir qanunsuz olaraq saxta ittihamlarla dustaq həyatı yaşayır. Həmin müraciəti olduğu kimi təqdim edirik.
“Mən, Kərimov Rauf Faiq oğlu 2014-cü il martın 27-də saxta, heç bir qanuna söykənməyən, əsassız, tamamilə absurd ittihamlarla həbs olunmuşam. 16 il ərzində dövlətimə 10 milyondan artıq vergi ödəmişəm, ancaq bu gün saxta ittihamlarla həbsdə çürüyürəm. Artıq 2 ilə yaxındır ki, qanunsuz olaraq həbsdəyəm və mənə qarşı elan olunan ittihamların əvvəldən heç bir əsası olmamışdır. İbtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar əsasında cinayət işinin materiallarından da görmək olar ki, mən günahsızam, heç bir təqsirim yoxdur, qondarma, sifarişli ittihamlarla həbs olunmuşam. Lakin hələ də həbsdəyəm. İttiham olunduğum maddələrlə (178.3.2, 179.3.2, 213.1, 213.2, 308.2 və 313 ) bağlı təqsirli əməllərimin, cinayətimin nədən ibarət olmasını heç kim izah edə bilmir. Təqsirimin nədən ibarət olmasına aydınlıq gətirilməsini dəfələrlə məhkəmədən xahiş və tələb etsək də, nəticəsiz qalmışdır. Mən 16 il ərzində dövlətimə 10 milyondan artıq vergi ödəmişəm, bunu dəlillərlə sübut etməyə də hazıram. Ölkəmə, dövlətimə bir vətəndaş və iş adamı kimi layiqincə xidmət etmişəm. Bu gün isə qanunsuz, sifarişli ittihamlarla həbsdə yatıram, ailəm, yaxınlarım əziyyət çəkir. İşgüzar nüfuzuma, fəaliyyətimə gətirilmiş xələl məni tamamilə sarsıtmışdır. AR CM-nin 179.3.2 maddəsi ilə ittiham olunmağım isə heç bir məntiqə sığmır. İstintaqa, məhkəməyə təqdim etdiyimiz sübutlardan da aydın olur ki, bu, sifarişli ittihamdır və sırf məni şərləmək üçün qurulan oyundur. Bunu hər kəs bilir. Guya şərikim Hacıyev Cavidan Mustafa oğlu ilə birlikdə 25 dekabr 2008-ci il tarixli kredit müqavilələri əsasında “Texnikabank” ASC-dən “Faktum”, “Sağlam Rəqabət”, “Transalyans”, “İnter Alyans LTD” MMC-lərin adına 25.000.000 manat, 20 dekabr 2008-ci il müqavilələri əsasında isə “Bəzz” və “Faktum” MMC-lərin adına 5.100.000 manat, ümumilikdə isə 30.100.000 pul vəsaitini götürmüşük və qaytarmamışıq. Tamamilə yalandır! Halbuki ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilib ki, 30.100.000 manat kreditin 17.000.000 manata yaxın məbləğ ümumiyyətlə bankdan götürülməmişdir və birbaşa hesabdan-hesaba köçürülmə yolu ilə daha əvvəllər həmin bankdan götürülmüş kreditlərin bağlanmasına sərf edilmişdir. Yəni 17.000.000 manata yaxın məbləğ nə mənə, nə də şərikim Hacıyev Cavidana verilməmişdir. Belə olan halda bu pulu necə mənimsəmək olardı? Bankdan faktiki olaraq 13.100.000 manat pul götürülmüşdür. İstintaq orqanının gəldiyi nəticəyə əsasən vəsaitin də 11.564.000 manatı mənim və şərikim tərəfindən “Texnikabank” ASC-yə ödənilmişdir. Həmçinin bu məbləğ ibtidai istintaq dövründə deyil, cinayət işi başlanmazdan əvvəl banka ödənilmişdir. “Texnikabank”ın kassa-mədaxil orderlərindən də görünür ki, banka 15.000.000 manatdan artıq pul ödənilmişdir. Eyni zamanda mənə məxsus çoxsaylı mülklərin üzərinə həbs qoyulmuşdur. İttiham aktında da qeyd edilən əmlakların ümumi dəyəri 14.456.072 manat müəyyən edilib. İttihamda irəli sürülmüş 30.100.000 manat məbləğində pul kreditindən təqsirləndirilən şəxs kimi bizim tərəfimizdən ümumilikdə “Texnikabank”a 26.564.000 manat məbləğində pul ödənmişdir. 17.000.000 manat vəsait isə ümumiyyətlə götürülməyərək bankda olan daha əvvəlki illərdə götürülmüş kredit vəsaitlərinin bağlanmasına yönəlib.Bundan başqa cinayət işinin materillarında olan girov müqavilələrindən də görünür ki, mənə məxsus “Bakı-Mehmanxanası” ASC-nin səhmlərini “Texnikabank” ASC-nin Mərkəzi Bankdan götürdüyü 50.000.000 (əlli milyon) manat kredit öhdəliyimin təminatı kimi vermişəm.
Mən və şərikim “Texnikabank”dan götürdüyümüz kreditlərin təminatı kimi, dəyəri həmin kreditlərdən dəfələrlə çox olan daşınar və daşınmaz əmlakları girov olaraq qoymuşuq. Həmin əmlaklar bu gün də bankda girov olaraq qalır, bankın mülki məhkəmələrdə qaldırdığı iddialar əsasında həmin kredit məbləğlərin tutulması üçün onların girov və ipoteka predmetlərinə yönəldilməsi və onların açıq hərracdan satılması qət edilib. Hərrac keçirildikdən sonra mənim banka olan borcumun qalıb-qalmayacağı da müəyyən deyildir. Deməli, mənim bank qarşısında hər hansı öhdəliyimin olub-olmaması tamamilə təkzib olunur. Eləcə də ibtidai istintaq zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası “Faktum” MMC-nin adına rəsmiləşdirilmiş 9.800.000 manat kreditin də bizə verilmədiyini sübuta yetirmişdir. Bütün bunlar ağ yalandır, böhtandır! İkincisi, haqqımda AR CM-nin 178.3.2 maddəsi ilə elan edilmiş ittiham tamamilə əsasızdır. Guya Azər Əmiraslanovdan aldığım 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində vəsaiti ona qaytarmamışam. Halbuki ibtidai istintaq zamanı da sübuta yetirildi ki, Azər Əmiraslanova 1.600.000 ABŞ dolları pul qaytarmışam. Bunu Azər Əmiraslanov 27 dekabr 2010-cu il tarixli verdiyi ifadəsində də göstərmişdir. O, 1.000.000 ABŞ dolları məbləğində pul vermiş və əvəzində faizlər şəklində 1.287.000 ABŞ dolları məbləğində pul almışdır.
Üçüncüsü, AR CM-nin 213.1 maddəsi ilə ittiham olunmağım açıq-aşkar mənə qarşı irəli sürülən ittihamların tamamilə sifarişli, qərəzli olduğunu sübuta yetirir. Guya rəhbərlik etdiyim “Meridian Compani” MMC yol vergisindən yayınmışdır. Tamamilə absurddur! Çünki “Meridian Compani” MMC-nin balansında olan cəmi 4 ədəd yararsız vəziyyətdə yük avtomobili olmuşdur ki, onların da yol vergisi ödənilmişdir. Həmin avtomobillər də 2006-ci ildə başqa şəxslərə satılmış, lakin rəsmiləşdirmək mümkün olmamışdır. Müəssisənin balansında olan qalan bütün nəqliyyat vasitələri qoşqulardır. Və onların da mühərriki olmadığından onlara yol vergisi hesablana bilməzdi. İbtidai istintaq da bu faktları təkzib edəcək bir sübut ortaya qoya bilməyib.
Dördüncüsü, AR CM-nin 213.2.2 maddəsi ilə məni ittiham edənlər mənim bir sualıma cavab versinlər: Heç bir fəaliyyəti olmayan “Bəzz” MMC tərəfindən hansı maliyyə əməliyyatı əsasında ödəmə mənbəyində tutulan vergini ödəməli idi? Bu sualın cavabı yoxdur və bu günə qədər də ibtidai istintaq orqanı bu şübhəli məqamı araşdırmayıb. Məhkəmə-ekspertiza rəyi də göstərir ki, “Bəzz” MMC götürülmüş heç bir krediti mənimsəməmişdir. Mən heç bir vergidən yayınmamışam, məni bu cür saxta ittihamla həbsdə çürüdürlər.
Beşincisi, mənə AR CM-nin 308.2 maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamının irəli sürülməsi isə tamamilə biabırçılıqdır. Bu açıq qərəzdir, qeyri-obyektivlikdir, Azərbaycan qanunlarını tapdalamaqdır. Əgər müəssisə ittihamda göstərilən hadisələrdən bir neçə il əvvəl fəaliyyətini dayandırıbsa, müəssisənin ittihamda göstərilənlərlə heç bir əlaqəsi yoxdursa, mən bu maddə ilə necə ittiham olunmuşam? Ümumiyyətlə, belə olan halda mən hansı vəzifə səlahiyyətlərimdən sui-istifadə hallarına yol verə bilərdim!? Altıncısı, mənə AR CM-nin 313-cü maddəsi ilə elan edilmiş ittihamın mahiyyətinə, hansı xüsusat üzrə olduğuna heç kim aydınlıq gətirə bilmir. Bu barədə nə cinayət materillarında, nə də ittiham aktında heç bir qeyd yoxdur. Bu maddə ilə ittiham olunmağımının səbəblərini nə istintaq, nə də məhkəmə mənə izah edə bilmir.
“Məni Cahangir Hacıyev həbs etdirdi, MTN 1 milyon pulumu, Eldar Mahmudov “Çinar” kafesini əlimdən aldı…”
Həbs olunduğum vaxtdan bu günə qədər haqqımda sifarişli, çirkli yazılar, dezinformasiyalar, böhtan-şər xarakterli materiallar dərc olunur. İşgüzar nüfuzuma, şəxsiyyətimə kölgə salmaq istəyənlər bu yola əl atırlar. Xüsusilə də “Azadlıq” qəzetinin və “Azadlıq radiosu”nun “45 milyonluq mənimsəmə” ittihamı ilə silsilə yazılar dərc etməsi təəssüf doğurur. Yaxşı olardı ki, haqqımda çıxarılan saxta ittihamları araşdırıb sonra yazsınlar. Mənə qarşı irəli sürülən ittihamların saxta olduğu istintaq zamanı sübuta yetirilib. Ancaq bütün bunlara baxmayaraq, hamı susur, məhkəmə də suallarımıza cavab vermir. Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyev və onun yaxın ətrafının göstərişi ilə həbs olunmuşam. Bu adam illərlə mənə təzyiqlər etdirdi, şər-böhtanla dəfələrlə məni hədələdi. İş o yerə çatdı ki, məni keçmiş Milli Təhlükəsizlik Nazirliyinə çağırdılar, hədə-qorxu altında şantaj etdilər. Keçmiş MTN-nin İstintaq Baş İdarəsinin rəisi Mövlan Şıxəliyev məni şantaj etdi, hədə-qorxu gəldi və həmin idarənin şöbə rəisi, polkovnik Vüsal Ələkbərov məndən 1 milyon pulumu aldı. Keçmiş MTN şefi Eldar Mahmudov mənə məxsus “Çinar” kafesini qanunuz şəkildə hədə-qorxu gələrək şəxsən özü əlimdən alıb…
Cənab Prezident! Siz sahibkarlığın inkişafına, sahibkarlara həmişə dəstək olmusunuz. Mən bir günahsız vətəndaş, iş adamı kimi həbsdə çürüyürəm, bütün həyatım məhv olub. Mən terrorçu deyiləm, dövlətimə, millətimə sadiq iş adamı olmuşam. Mənimlə isə terrorçu kimi rəftar edirlər. Məni bilə-bilə ağır cinayətdə ittiham edirlər, azadlığımı əlimdən almaq istəyirlər. Əslində əsl cinayət elə budur. Sizdən xahiş edirəm ki, mənim işimin ədalətli araşdırılmasına, haqqın, ədalətin bərpa olunmasına göstəriş verəsiniz. Ümidim Sizədir! Yalnız Siz bu haqsızlığa, özbaşınalığa son qoya bilərsiniz! Çünki dəqiq bilirəm və əminəm ki, mən saxta ittihamlarla, sifarişlə həbs olunmuşam. Çünki iş o yerə çatıb ki, 2 ildir səsimi eşidən, məhkəmədə mənə qulaq asan yoxdur, qaldırdığımız heç bir vəsatət qəbul olunmur. Sizdən xahiş edirəm ki, məhkəmənin düzgün aparılmasına, təqdim etdiyimiz sübut, dəlilləri qulaq ardına vurmamaları üçün lazımı göstərişlər verəsiniz!”