Hadisə (28-02-2016, 22:05)
Bakıda “İnfiniti” klubda kütləvi dava – Obyekt bağlandı
Bakıda klublardan birində kütləvi dava baş verib. Klubun nəzarətçisi vəhşicəsinə döyülüb.
Mediatv.az: Musavat.com-un əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl Bakıda davaları, əxlaqsızlıq yuvası olması ilə tez-tez gündəmə gələn məşhur “İnfiniti” klubda baş verib.
Gecə saatlarında baş verən davada əcnəbi nəzarətçi naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.
Klubda nəzarətçi işləyən Livan vətəndaşı 1978-ci il təvəllüdlü Dərviş Fərmin oğlu Bəsimi çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, naməlum şəxslər mühafizəçini döydükdən sonra kluba daxil olaraq oranın əşyalarını dağıdıblar.
Kütləvi davanın təfərrüatı ilə bağlı polisdən əlavə məlumat öyrənmək mümkün olmayıb. Musavat.com-un əməkdaşı əlavə məlumat əldə etmək üçün davanın baş verdiyi kluba yollanıb. Lakin “İnfiniti” klub bağlı olub.
Klubun yanındakı eyni adlı karaoke klub da bağlı olub.
Ətrafda olanların bildirdiyinə görə, klub kütləvi davadan sonra bağlanıb. Həmin gündən oraya gələn olmayıb. Yaxınlıqdakı taksi sürücüləri də kütləvi davanın olmasını təsdiqləyiblər.