Gündəm (7-05-2016, 13:15)
“Həmin dövrdə hakimiyyətdə olanlar yaranmış şəraiti obyektiv qiymətləndirə bilmədilər” – Əli Həsənov
“Əlverişli coğrafi məkanda yerləşən Azərbaycan dünyada zəngin multikultral dəyərlərə, tolerantlıq ənənələrinə malik olan və müxtəlif dinlərin yanaşı mövcud olduğu çoxmillətli dövlət kimi tanınır”.
Mediatv.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Heydər Əliyev irsi və multikultral dəyərlər” adlı kitabda dərc olunan məqaləsində yer alıb.
Ə.Həsənov qeyd edib ki, Azərbaycanın qədim dövləştçilik tarixində multikultralizmin özünə mühim yer tutması onun ərazisində yaşayan əhalinin milli-etnik dəyərlərinin zənginləşməsinə təsir göstərir və mədəniyyətlərarası dialoq üçün əlverişli şərait yaradır: “1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini əldə etməsi siyasi və iqtisadi münasibətlərin yeni prinsipləri üzərində bərqərar olunmasına səbəb olmaqla yanaşı, eyni zamanda ölkəmizdə multikulturalizmin inkişafı üçün geniş imkanlar yaradıb. Keçmiş hakim ideolagiyanın aradan qalxması adət-ənənələrə, milli və dini münasibətlərə siyasi ideoloji qadağalardan kənar yeni yanaşmaların meydana gəlməsini şərtləndirib. Dövrün tələblərinə uyğun olaraq multikultral münasibətləri tənzimləmək, müxtəlif dini inancların, mənəvi-mədəni dəyərlərin daşıyıcısı olan azyaşlı xalqların müstəqil dövlətçilik ideyaları ətrafında sıx birləşməsini tıəmin etmək dövlətin qarşısında duran əsas vəzifələrdən biri idi. Çox təəssüf ki, həmin dövrdə hakimiyətdə olan qüvvələr yaranmış şəraitin əhəmiyyətini obyektiv qiymətləndirə bilməyib və siyasi idarəçiliyin yarıtmazlığı müstəqil dövlətə qarşı etnik separatizm hallarının baş verməsinə, multikultral dəyərlərə təhdidlərin yaranmasına gətirib çıxardı. Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə gəldikdən sonra azərbaycançılıq ideologiyasına əsaslanmaqla, ölkəmizdə yaşayan bütün azsaylı xalqların maraqlarına cavab verən, mədəni müxtəlifliyi təmin edən, onu zənginləşdirən dövlət siyasətinin həyata keçirilməsinə başlanılıb”.
Ə.Həsənov xatırladıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikultralizm ili” elan olunub: “Bütün bunlar müasir dövrdə ölkəmizdə aparılan dövlət siyasətinin tolerantlıq prinsiplərinə əsaslandığının bariz ifadəsidir”.