Gündəm / Slayd (5-10-2024, 14:16)
Zəfər xronikası -5 oktyabrda azad olunan kəndlər
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Mediatv.az hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.
5 oktyabr - müharibənin 9-cu günü
• Azərbaycan Ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad edib. Prezident İlham Əliyev bu barədə rəsmi tviter səhifəsində paylaşım edib.
• Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib.
• Azərbaycan Ordusunun zərbələri nəticəsində Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 3 tankı məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
• Aprel döyüşlərində düşmənin altı tankını məhv etdiyinə görə “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş gizir Tahir Misirxanov Vətən müharibəsinin gedişində Ermənistan ordusunun daha 11 zirehli texnikasını sıradan çıxarıb.
• Səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə raket buraxılışını qeydə alıb.
• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində oktyabrın 5-i saat 16:00-ya olan məlumata görə, həlak olmuş mülki şəxslərin sayı 25-ə, xəsarət alanların sayı isə 127-yə çatıb. Bundan başqa, 316 evə və 56 mülki obyektə ciddi ziyan dəyib.
• İşğalçı ölkənin silahlı qüvvələri cəbhə bölgəsindən 100 kilometr uzaqlıqdakı Mingəçevir şəhərini raket atəşinə tutub, nəticədə 5 nəfər yaralanıb.
• Müdafiə Nazirliyi işğaldan azad edilmiş Talış kəndinin videogörüntülərini paylaşıb.
• Ermənistan ordusunun Cəbrayıl istiqamətində atıb qaçdığı xeyli sayda silah-sursatı, döyüş və avtomobil texnikası qənimət götürülüb.
• Ermənistan ordusunun bölmələri müharibə cinayətlərini davam etdirərək Ağcabədi, Bərdə, Gəncə və Mingəçevir şəhərlərini, Tərtər rayonunun Əskipara kəndini, Ağdam rayonunun Xındırıstan kəndini və cəbhəyanı ərazilərdəki digər yaşayış məntəqələrini ağır silahlardan və artilleriya qurğularından atəşə tutub. Nəticədə onlarla mülki infrastruktur obyekti sıradan çıxıb, əhalinin əmlakına külli miqdarda ziyan dəyib