Cinayət törətmiş miqrantların deportasiyasını sadələşdirən qanun dəyişikliyi nəzərdən keçiriləcək.
Mediatv.az BBC-yə istinadən xəbər verir ki, bu brədə Almaniya kansleri Angela Merkel deyib.
Bu bəyanat Yeni il gecəsi Kölndə qadınlara qarşı cinsi zəmində kütləvi hücum hallarından sonra səslənir. Gənc kişilərin zahirən Şimali Afrika və ərəb mənşəli şəxslərə bənzədiyi barədə xəbər ölkəyə miqrant axını ilə bağlı müzakirələrə təkan verib. Almaniya siyasətçiləri miqrasiya əleyhinə olan qüvvələrin yaranmış əhval-ruhiyyədən öz maraqları üçün istifadə etdiyini bildirirlər.
Hazırkı qanunlara görə sığınacağa müraciət etmiş şəxs yalnız 3 ildən artıq müddətə məhkum edildiyi və vətəndə həyatına risk olmaması şərtilə deportasiya edilə bilər.
Köln hücumlarının qurbanları oğurluq və cinsi zəmində təcavüz hallarına hakimiyyətin ləng reaksiyasını tənqid edirlər.
Hadisədən sonra çoxsaylı iradlar ardınca Köln polis idarəsinin rəisi vəzifəsindən kənarlaşdırılıb.
Angela Merkel-in Xristian Demokrat Partiyasında (CDP) hazırlandığı qanun əlavələrinə əsasən hər-hansı müddətə həbs edilmiş miqrant ölkədən deportasiya oluna bilər. Bu təkliflər parlament təsdiqindən keçməlidir.
Almaniya kansleri deyib ki, hazırda məsələ daxili işlər və ədliyyə nazirləri tərəfindən müzakirə edilir.
Bundan əvvəl, Almaniyanın ədliyyə naziri qaçqın statusu üçün müraciət etmiş və hücumlara aidiyyatı olan şəxslərin deportasiya ediləcəyini bildirib.
Almaniya polisi hücumlarla bağlı 21 nəfərin işi üzrə istintaq aparır.