“Ötən 20 il ərzində Azərbaycan və İran arasındakı əlaqələr indiki kimi yaxın olmayıb, münasibətlərimiz indi misilsiz səviyyədədir”.
Mediatv.az-ın məlumatına görə, bunu İranın rabitə və informasiya texnologiyaları naziri, iqtisadi əməkdaşlıq üzrə İran-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi Təbrizdə keçirilən İran-Azərbaycan biznes forumunda çıxışında deyib.
M. Vaezi bildirib ki, iki ölkə münasibətlərində keçmişdə mövcud olan problemlər artıq öz həllini tapıb və ölkə rəhbərlərinin iradəsi ilə əlaqələr daha da inkişaf edəcək: “Həsən Ruhani hökumətinin siyasəti qonşu ölkələrlə əlaqələri inkişaf etdirməkdir. Azərbaycan dini və mədəni oxşarlığa görə bizə ən yaxın ölkədir”.
M. Vaezi qeyd edib ki, İran Milli Bankı Azərbaycanda fəaliyyətini genişləndirəcək: “İki ölkənin ticarət dövriyyəsində milli valyutalardan (manat və rialdan) istifadə haqqında razılıq əldə etmişik. Gömrük işlərinin, nəqliyyat və yükdaşımalarının asanlaşdırılması, viza rejiminin sadələşdirilməsi və rüsumların aşağı salınması ilə bağlı razılıqlarımız olub və gələcəkdə icrasına başlanacaq”.
Nazirin sözlərinə görə, İranın Şərqi Azərbaycan əyaləti ilə Azərbaycanın bölgələri arasında əlaqələrin inkişafı üçün hazırlıq işləri tamamlanıb və yaxın 2 ay ərzində Şərqi Azərbaycan əyalətinin başçısı İsmayıl Cabbarzadənin başçılığı ilə nümayəndə heyəti Bakıya səfər edəcək. Səfər zamanı yekun razılıqlar əldə olunaraq onların icrasına başlanacaq.