Dünya (21-12-2015, 09:12)
“Hələ heç nə razılaşdırılmayıb” – Sarkisyan
“Hələ hər şey razılaşdırılmayıb, heç nə razılaşdırılmayıb”.
Mediatv.az TASS-a istinadən xəbər verir ki, bunu Azərbaycan və Ermənistan arasında işğal altında olan Dağlıq Qarabağ üzrə danışıqlar prosesinə münasibət bildirən düşmən ölkənin Prezident Apparatının rəhbəri Viqen Sarkisyan “TV Armeniya” telekanalına müsahibəsində bildirib.
“Ermənistanın əsas vəzifəsi problemin ATƏT-in Minsk qrupu çərçivəsində nizamlanmasıdır. Minsk qrupu tərəflərin mövqelərinin yaxınlaşdırılması üçün bütün lazımi şəraiti yaradıb”, – deyə Sarkisyan qeyd edib.
Onun sözlərinə görə, “vasitəçilərin istənilən təklifi daha geniş konteksdə nəzərdən keçirilməlidir”.
“Erməni tərəfi üçün bu kontekst aydın və başa düşüləndir: problemin nizamlanma təməli “Dağlıq Qarabağ xalqı”nın öz müqəddəratını təyin etmək hüququ olmalıdır. Qalan hər şey, bundan törəmədir və statusun həlli məsələsindən qarşıya qoyula bilməz”, – deyə erməni apparat rəhbəri vurğulayıb.
Şənbə günü İsveçrənin Bern şəhərində iki ölkə prezidenti arasında baş tutan görüş barədə danışan Sarksiyan qeyd edib ki, “İrəvan qoşunların təmas xəttində yaranan gərginlik nəzərə alınaraq görüşlərə, dialoqa son dərəcə mühüm əhəmiyyət verir”. O, həmçinin bildirib ki, “bir görüşlə problemin nizamlanmasına çətin ki, nail olmaq mümkün olsun, bunun üçün daha çox vaxt tələb olunur”.
Sarkisyan Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində indiyədək insidentlərə nəzarət mexanizminin yaradılmadığını və artıq yaxın həftələrdə və aylarda bu mexanizmin yaradılmasına dair təklifin irəli sürüləcəyini proqnoz verib.