Dünya (15-11-2015, 19:12)
Türkiyədən cənubi azərbaycanlılara dəstək
İstanbulda bir qrup fəal İranın baş konsulluğu qarşısında etiraz aksiyası keçirib.
Mediatv.az xəbər verir ki, aksiya iştirakçıları İran televiziyasını pisləyərək, Azərbaycan türklərinin milli hisslərini təhqirdə ittiham ediblər.
“Ülkü Ocakları” milliyətçi hərəkatının İstanbul bölməsinin sədri Yigit Yıldırım İran televiziyasının Azərbaycan türklərinin milli hisslərini təhqir etməsini pisləyib.
“İran Azərbaycan türklərinin assimilyasiyası siyasətini yürüdür. Biz bir millət kimi bu siyasətə qarşı çıxırıq və buna düşmənçilik kimi baxırıq. Noyabrın 6-da dövlət televiziyasının efirində gedən verilişdə Azərbaycan türkləri aşkar şəkildə təhqir olunublar. Biz İranın Azərbaycan türklərinə qarşı apardığı siyasətə etiraz edir və onu pisləyirik”, - deyə Yıldırım bildirib.
Çıxışdan sonra aksiya iştirakçıları konsulluq qarşısında Cənubi Azərbaycanın bayrağını asaraq oranı tərk ediblər.