Dünya (2-04-2014, 17:57)
“Mustafa Denizliyə “torba tikirlər””
“Xəzər Lənkəran”ın Premyer Liqada uğursuz çıxışı azarkeşlərin səbr kasasını daşırır.
“Mediatv.az” Futbolinfo.az-a istinadən xəbər verir ki, Mustafa Dənizlinin gəlişindən sonra bir müddət uğurlu çıxış edən komanda yenidən köhnə günlərini xatırlatmağa başlayıb. Amma son iki ildə 4 məşqçi dəyişən komandada bu dəfə günahkar baş məşqçi yox, futbolçu heyəti göstərilir. Təsadüfi deyil ki, cənublu azarkeşlər də hazırda Dənizlini yox, futbolçuları hədəfə alıblar. Hətta Lənkərandakı “Xan Lənkəran” fan-klubu kampaniyaya da başlayıb. Onlar Dənizliyə dəstək olmaq fikrindədilər. Azarkeşlər bununla bağlı bəyanat da yayıblar. Lənkəranda olan bəzi azarkeşlər bununla bağlı tədbirlər keçirmək barədə də düşünür.
Azarkeşlərin səsləndirdiyi iddialara görə, hətta klubun bəzi işçiləri də Dənizlinin komandadan getməsini istəyirlər. Daim sərbəstliyə öyrəşən cənub klubu türkiyəli mütəxəssisin gətirdiyi nizam-intizama tab gətirə bilmir. Elə ona görə də ona “torba tikib” komandadan göndərmək üçün hər kəs “səylə” çalışır.
Fan-klubun bu məsələ ilə bağlı yaydığı bəyanatı təqdim edirik:
"Xəzər Lənkəran"ın düşərgəsində yenə aləm qarışdı, məzhəb itdi. Dənizliyə klub daxilində kimlər və niyə mane olur, torba tikmək istəyir? Dənizli "Sumurq" məğlubiyyətindən sonra kimləri söydü və niyə otağından iki gün çölə çıxmadı?
Hörmətli futbol həvəskarları, əziz xan lənkəranlılar! Biz artıq "Xəzər Lənkəran" klubunun daxilində baş verən "torbatikmə" əməliyyatlarına birmənalı olaraq öyrəşmiş sayılırıq. Belə ki, bu yolla artıq bir neçə məşqçinin "Xəzər Lənkəran"dan biabırçı şəkildə yola salındığının şahidi olmuşuq. Bir çox azarkeşlərə bu "torbatikmə əməliyyatının" əsas mənası qaranlıq qalsa da, azarkeşlərin müəyyən bir hissəsinin bu əməliyyatın nə kimi məkrli məqsədlərə xidmət etməsindən xəbəri var. Bu gün o xəbəri olmayanları da məsələdən xəbərdar etmək istəyirik. İstəyirik ki, artıq azarkeşlərimiz gözlərini açsın və sevimli komandamızda baş verən uğursuzluqların əsil səbəblərini bilsin. Bilsinlər ki, klubda baş verənlərdə heç də məşqçilərin günahı yoxdu. "Xəzər Lənkəran"a bu günə kimi gəlmiş məşqçilərin əksəriyyəti kifayət qədər tanınmış və uğurlara imza atmış məşqçilərdi. Bəs necə olur ki, bu məşqçilər burada uğursuzluqla üzləşirlər? Bunların ilk səbəblərindən birini sizə deyirik. Diqqət yetirsəniz görəcəksiz ki, uğursuzluğa düçar olmuş məşqçilərin əksəriyyəti Mübariz Mənsimovun bura şəxsən göndərdiyi məşqçilərdi. Bu məşqçilərin ən böyük qəbahətləri ondadı ki, onlar bütün məsələləri birbaşa Mübariz bəyin özü ilə həll edirlər. Bu isə buradakı idarəçilərə sərf etmir. Buna görə də onlar belə məşqçilərə qarşı həmin sözügedən "torbatikmə əməliyyatını" tədbiq edirlər. İndi isə torbaya girmə sırası Dənizlidədi.
Klubun səriştəsiz idarəçiləri artıq Mustafa hocanı da azarkeşlərin gözündən salmaq üçün planlı əməliyyatlara başlayıblar. Belə ki, "Sumurq"a öz meydanında 1:3 hesabıyla məğlub olmuş "Xəzər Lənkəran"ın baş məşqçisi oyundan dərhal sonra komandanı toplayaraq əsəbindən oyunçuları ən nalayiq sözlərlə təhqir edib: "Mən sizi kişi bilib çalışdırmağa razılıq verdim. Bilsəydim ki, bu qədər qeyrətsizsiniz, bura gəlməzdim. Sizin məşqdəki potensialınızı görüb anladım ki, sizinlə irəli getmək olar. Amma qeyrətinizi təəssüf ki, görə bilmirdim. Görə bilsəydim, hamınızı komandadan göndərərdim. Mən məşqçiyəm və kimi istəyirəmsə, onu da meydana buraxaram. Kimsə mənim üçün kənardan heyyət müəyyən edə bilməz. Mənə qarşı qruplaşma yaradırsız? Kimə xidmət edirsiz? Pula yoxsa...?"
Bu sözləri işlədəndən sonra Dənizli otağına çəkilib və iki gün utandığından oradan kənara çıxmayıb. Bu sözlərdən sonra komandanın müdafiəçisi, əzmkar oyunu ilə seçilən Vanderson Skarduelli hönkür-hönkür ağlayıb və klub işçiləri onu güclə sakitləşdiriblər. Artıq Dənizli də klubun daxilində nəsə qara işlərin baş verdiyinin fərqindədi və aldığımız məlumata görə o, məhz bu səbəbdən "Neftçi" ilə oyundan sonra Türkiyəyə yola düşüb. Gözləntilərə görə, Mustafa bəy yay transfer pəncərəsi zamanı bütün heyəti dəyişmək fikrindədi. Amma ona bu zamana kimi imkan veriləcəkmi?
Əziz "Xəzər Lənkəran" azarkeşləri! "Xan Lənkəran" Azarkeş Klubu olaraq sizə müraciət və xahiş edirik! Nə olursa-olsun, hətta "Xəzər Lənkəran" kubok oyunlarında məğlub olsa belə, hətta çempionatda ən sonuncu pillədə olan komandalara 0:10 hesabıyla məğlub olsa belə, yenə də sona kimi Dənizlinin arxasında durmalı, ən azından ona yay transfer zamanına kimi şans verməliyik. Nə olursa-olsun onu istafaya səsləməməliyik. Gəlin imkan verməyək ki, bu səriştəsiz rəhbərlik belə bir ağsaqqalı da biabır edib, əliboş yola salsın. Çünki Dənizli həm də türk futbolunun ağsaqqalı sayılır. O, belə bir biabırçılığa layiq deyil".