Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (21-09-2015, 23:20)
Səddamla Xomeyni anlaşsaydı…...

Bu saat ətrafımızda gedən xaotik proseslər və cürbəcür ağlasığmaz olaylar başımızı o qədər qatıb ki, yaxın tarixdəki önəmli hadisələri belə unutmağa, onlara əhəmiyyət verməməyə başlamışıq. Halbuki hər hadisə bir ibrət dərsidir. Və ondan lazımi nəticələr çıxarmadıqda ardınca daha çox yanlışlıqlar, daha çox faciəvi olaylar gəlir. Bu saat müsəlman dünyasını ən çox narahat edən problemlərdən biri adında "İslam" məhfumunu daşıyan "İŞİD"-dir. Müsəlman adına böyük bir ləkə olan bu qurum harada yarandı? ABŞ və koalisiya qüvvələri tərəfindən işğal edilmiş İraqda və elə həmin güclərin daxildən "qaynadıb" parçaladığı Suriya torpaqlarında... 

Hazırda bu qondarma qurum hər iki dövlətin böyük bir ərazisinə nəzarət edir. Halbuki vaxt vardı, İraqda da, Suriyada da diktatorlar hökm sürsə də, sabitlik, dinclik idi. İraq lideri Səddam Hüseyn az qala, bütün müsəlman dünyasına meydan oxuyur,"Şərqin Stalini" kimi tanınırdı. Bu gün ABŞ və Avropanın müsəlman ölkələrində meydan sulamasının və "İŞİD" kimi əcaib bir qurumun peyda olmasının məhz həmin dövlət başçılarının, eləcə də qonşu İran, Türkiyə, liviya kimi dövlət liderlərinin də səhvlərinin, nəfslərinə qul olmasının nəticəsidir.

İraq İranla savaşmasaydı, "İŞİD" də yaranmazdı...

İraq parçalanmasaydı, "İŞİD" yaranardımı? İraq birdən-birə parçalanmadı. Onu tədricən, on illərlə zəiflətdilər. Səddam inadına dirənib gücləndikcə ölkəsi zəiflədi. ABŞ İraqa 2003-cü ildəki müdaxiləsindən hələ 12 il öncə-1991-ci ildə ilk dəfə bu ölkəyə qoşun yeritmişdi.Bəhanəsi də Səddamın Küveyti özününkü hesab edərək oraya soxulması olmuşdu. Ancaq "Şərqin Stalini"nin "dişinin dibindəki şirə" Küveytdən də 11 il öncə İrana müdaxiləsindən qalmışdı. İraqın zəifləməsinin əsas səbəblərindən biri də məhz 35 il öncə -1980-ci ildə başlamış İran-İraq müharibəsi olmuşdu. 8 il davam edən savaş hədsiz insan itikiləri, iqtisadi zərbələrlə yanaşı, İslam ölkələrinin birliyinə də böyük zərbə vurmuş, düşmənlərimizi sevindirmişdir. Məhz belə qardaş qırğınları sayəsində müsəlman dünyası bu günkü duruma düşmüş, "İŞİD" kimi qurumlar meydan sulamağa başlamışdır. Tarixə baxaq: Teymurləng-İldırım Bəyazid, Xətayi-Sultan Səlim və s... Bu mənada İran-İraq savaşını həm də Ayətullah Xomeyni-Səddam Hüseyn qarşıdurması da adlandırmaq olar. Bəs hansı səbəblərdən, kimlərin günahı ucbatından başladı bu mənasız qırğın?

Savaşı Səddam Hüseyn başlatdı...

İran-İraq münaqişəsinin kökləri hələ orta əsrlərə Osmanlı dönəminə gedib çıxır və təməlində ərəb-fars etnik və sünni-şiə dini qarşıdurması dayanır. Osmanlının çökməyə başladığı dönəmlərdə 1908-ci ildə İranın Xuzistan əyalətində neft yataqlarının kəşfi həmin ərazidə sərhədləri dəqiqləşdirməyi tələb edirdi. Bu zaman Dəclə və Fərat çaylarının qovuşmasından yaranan və böyük neft yataqları ilə zəngin olan Şəttül-Ərəb çayı boyunca sərhəd xüsusi əhəmiyyət kəsb edirdi. Həmin çayın Fars körfəzinə tökülənədək 82 km-lik hissəsi sərhəd zolağına düşür. 1913-cü ildə İstanbulda Osmanlı ilə İran arasında imzalanmış protokola görə, sərhəd çayın şərq sahili (İran tərəf) üzrə müəyyən edilmişdi. 1932-ci ildə İraq müstəqillik qazandıqdan sonra yeni danışıqlar başlandı və 1937-ci ildə bağlanmış müqaviləyə əsasən sərhəd xətti çayın ayrı-ayrı sahələrində İranın xeyrinə dəyişdirldi. 1975-ci ildə İran şahı Məhəmməd Rza Pəhləvi və İraqın baş naziri Səddam Hüseyn arasında çayın yatağı boyunca İran-İraq sərhədinin müəyyənləşdirilməsi barədə yeni müqavilə imzalandı. Lakin S.Hüseynin hakimiyyətə gəlməsi vəziyyəti kəskin olaraq dəyişir. Küveytə də iddialı olan Səddam 17 sentyabr 1980-ci ildə formal olaraq 1975-ci il Əlcəzair razılaşmasını denonsasiya edərək Şəttül-Ərəbin şərq sahillərini İraq ərazisi elan edir və bir neçə adanın İran ordularından təmizlənməsi tələbini irəli sürür. Nəticədə 22 sentyabr 1980-ci ildə İraq ordusu İran ərazisinə genişmiqyaslı hərbi müdaxiləyə başlayır. Müharibənin başlanmasına bəhanə rolunu isə həmin ilin aprelində İraqın cənubunda xarici işlər naziri Tariq Əzizə qarşı həyata keçirilmiş sui-qəsd cəhdində İran agentlərinin ittiham edilməsi oynadı.
İlk dövrdə müdaxilənin gözlənilməzliyi və İraq ordusunun say üstünlüyü hesabına iraqlılar İran ərazisinin 20 000 km?-lik hissəsini ələ keçirdilər. Bir həftə sonra İraq ordusu irəliləyişini dayandırdı və Səddam İrana sülh danışıqlarına başlamağı təklif etdi. Lakin rəsmi Tehran atəşkəsə razı olmadı. 1980-ci ilin dekabrında yağışlar mövsümünün başlanması və hərəkətin çətinləşməsi ilə S.Hüseyn İraq qoşunlarının müdafiə mövqeyinə keçdiyini elan etdi. Müharibənin başlanmasından keçən dövrdə İraq ordusu Xürrəmşəhr, Qəsri-Şirin, Neftşah, Mehran və Bostan şəhərlərini ələ keçirmiş, Abadanı mühasirəyə almışdı. Abadanı şərqdən mühasirədə saxlayan İraq qoşunları ilə döyüş sentyabrın 26-dan 29-dək davam etdi və uğurla nəticələndi. Bu İranın müharibə dövründəki ilk uğuru oldu. 1982-ci ilin martından İran yenidən hücum əməliyyatları həyata keçirir, mayda Xürrəmşəhr azad edilir. Hərbi əməliyyatlar meydanı İraq ərazisinə keçmiş olur, ancaq yenidən mövqe müharibəsi başlanır. 1982-ci ilin iyununda Səddam yenə də sülh danışıqlarına başlamaq istədiyini bildirsə də, İran hakimiyyəti buna razı olmur.

İraq ABŞ-dan silah və pul almağa başlayır

Belə olan təqdirdə Səddam ABŞ-dan və digər müttəfiqlərindən əlavə pul, silah, hərbi texnika və kimyəvi silahlar alır. İran ən böyük uğurunu 1986-cı ilin fevralında əldə edir. İraqa məxsus Fao yarımadasını mühasirəyə almaqla ölkənin Fars körfəzi ilə əlaqəsini kəsir. 6 il quru müharibəsində müdafiə strategiyası ilə çıxış edən İraq 1988-ci ilin aprelindən hücum əməliyyatlarını artıraraq 48 saatlıq qanlı döyüşlər nəticəsində Fao yarımadasını geri qaytardı. Bu hadisə İraq üçün müharibədə dönüş nöqtəsi oldu. Həmin ilin avqustundan İraq hərbi hissələri iranlılara aramsız hücumlar sayəsində bir çox işğal edilmiş əraziləri azad edirlər. 
1988-ci ilin iyulunda İraq təyyarələri İranda yerləşən və kürdlərin məskunlaşdığı Zərdan kəndinə sianid bombaları atdılar. Bundan 4 ay əvvəl Səddamın əmrilə İraqın şimalındakı üsyançı kürd qruplaşmalarını ləğv etmək bəhanəsilə, əsasən kürdlərin məskunlaşdığı Hələbcə şəhərinə edilmiş bənzər hücum nəticəsində 5000-ə yaxın insan həlak olmuşdu. Bu gün Amerika mənbələri də həmin kimyəvi silahın məhz 15 il sonra Səddamı elə bunda günahlandırıb asacaq Ağ Ev rəsmiləri tərəfindən ötürüldüyünü təsdiqləyir. Bu iş əsasən 1984-1985-ci illərdə ABŞ prezidentinin İraq üzrə nümayəndəsi, sonradan müdafiə naziri olan Donald Ramsfeld tərəfindən həyata keçirilib...

2 milyona yaxın müsəlman mənasız yerə həlak oldu və yaralandı...

Hərbi əməliyyatların gedişində İran tərəfinin ölü olaraq itirdiyi insanların sayı 600 min (Türkiyə mənbələrnə görə, 750-1 milyon) nəfərdən çox idi. İran tərəfdən yüz minlərlə azərbaycanlı da həlak olmuşdu. İraqın itkiləri nisbətən az olmuşdu. Hər iki tərəfdən 1-2 milyon nəfərdən çox insan tələf olmuşdu. 40 mindən çox hərbçi əsir düşmüşdü. Müharibənin hər iki tərəfə vurduğu zərərin ümumi miqdarı 350 milyard dollar həcmində olduğu hesab edilir.
Savaşı İran ərazisinə təcavüz etməklə İraq başlamışdı. Bu mənada ilk vaxtlar İran haqlı olaraq müdafiə olunurdu. Bu, həm Qurana, həm də beynəlxalq qanunlara uyğun idi. Ancaq belə fikir var ki, İran əks-hücuma keçib öz ərazilərini azad edib artıq İraqı işğal etməyə başladıqda dini lider kimi dünyada Səddam Hüseyndən daha çox nüfuza malik olan Ayətullah Xomeyni digər müsəlman dövlətləri Türkiyə, Pakistan, Liviya, eləcə də SSRİ-ni vasitəçi kimi proseslərə qoşmaqla sülhü tezləşdirə bilərdi. Lakin tərəflər arasındakı həm siyasi, həm dini, həm də şəxsi ziddiyyətlər buna imkan vermədi. Xomeyni zorla "İslam inqilabı"nı qonşu ölkələrə də ixrac etmək, Səddam isə ərəb ölkələrinə liderliklə yanaşı, həm də ərazi iddialarında bulunurdu. Heç biri- nə Xomeyni, nə də Səddam müsəlman ökəsinin lideri kimi İslam düşmənlərinin fitvası ilə başlamış müharibənin qorxunc nəticələrini, 10 il, 20 il sonrakı faciələri görmək istəmirdi... 
1984-cü ilin aprelində Səddam bitərəf ərazidə Ayətullah Xomeyni ilə sülh danışıqlarına başlamağı təklif etsə də, onun təklifi qəbul edilmədi. 1986-cı ilin payızında tərəflər arasında yaranmış pat vəziyyətindən istifadə etməyə çalışan İran müharibəni qurtarmaq üçün aşağıdakı şərtləri İraqa Səddam Hüseynin hakimiyyətdən getməsini, BƏƏS partiyasının siyasi arenadan uzaqlaşmasını, - Bağdadda İranı razı salacaq hakimiyyətin qurulmasını, İsrailə qarşı müharibədə İraqın iştirak etməsini kimi sərt təkliflər edir. Təbii ki, Səddam bunlarla razılaşmazdı...
İranın beynəlxalq təcrid olunması faktorundan istifadə edən İraq iqtisadiyyatını müharibə yolunda səfərbər edərək 1988-ci ilin yaz-yayında öz ərazisini İran qoşunlarından təmizləmək istiqamətində bir neçə uğurlu əməliyyat keçirdi. Nəticədə Xomeyni anladı ki, İraqı məğlub etməyə çalışmaqdansa, İranın bütövlüyünü saxlamaq daha vacibdir. Əvvəl "Zəhər içərəm, ancaq barışığa getmərəm" deyən Xomeyni dövlətinin məhv olmaq təhlükəsini göz önünə alaraq sülh danışıqlarına başlamağı qərara aldı.

SSRİ kimin tərəfində idi?

Sovet İttifaqı müharibə dövründə ilk baxışdan neytral mövqe tutaraq hər iki tərəfi sülhə səsləyirdi. Çünki hər hansı bir tərəfin qələbəsi SSRİ-yə sərf etmirdi. Müharibənin əvvəlində SSRİ İraqa silah satışını dayandırsa da,1982-ci ildə müharibənin İraq ərazisinə keçməsi və İrandakı antisovet aksiyaları ilə əlaqədar olaraq yenidən bərpa edir. Bununla bərabər SSRİ Suriya vasitəsilə İrana da silah yardımı edirdi. 
ABŞ və Avropa İranın daha böyük bir neft gücü olmasını istəmirdi və neft sahibi olan ərəb ölkələri ilə maraqları üst-üstə düşürdü. Digər tərəfdən, İranda amerikapərəst şah rejimi devrildikdən sonra qurulmuş İran İslam Respublikası ilə münasibətlər demək olar ki, dümənçilik səviyyəsində idi. Odur ki, Ağ Ev 1967-ci ildən diplomatik ilişkiləri kəsdiyi İraqla münasibətləri yenidən yoluna qoymağa çalışırdı. Eyni zamanda Bağdadda gizli şəkildə çalışan "Amerika maraqlarının müdafiəsi şöbəsi" agentlərinin Səddamı İranla müharibəyə təhrik etmək üçün gördüyü işlər barədə kəşfiyyat məlumatları və sübutlar mövcuddur. Vaşinqton həm də 1979-cu ilin noyabrında Tehranda Amerika səfirliyi əməkdaşlarını girov götürülməsi əməliyyatına görə də İrandan qisas almaq niyyətində idi. Bu səbəblərdən hələ 1980-ci ilin yazından İran-İraq savaşını körükləmək qərarını vermişdi. Həmin dövrdə Livanın "Əş-Şəab" qəzetinin yazdığı kimi, İran-İraq silahlı qarşıdurmasına nail olmaqla ABŞ müharibə nəticəsində İran ordusunun zəifləyəcəyini, eyni zamanda İraqın diqqətinin İsraillə qarşıdurmadan yayınacağını və üçüncüsü, özünün Fars körfəzi ölkələrinin daxili işlərinə qarışmasına şərait yaranacağını düşünürdü.

Savaşdan 3 ay öncə Səddamla görüşən Bzejinski nə demişdi?

Mütəmadi olaraq həm ABŞ, həm də Qərbi Avropa mətbuatı İraqdakı BƏƏS rejiminin İrandakı İslam İnqilabı üçün və əksinə, İslam İnqilabının İraq üçün böyük təhlükə ollması barədə miflər yaradırdı. Gərginliyin artırılması işinə ABŞ administrasiyasının yüksək rütbəli rəsmiləri cəlb olunmuşdu. Qərb mətbuatının yazdığına görə, 1980-ci ilin iyununda prezident C.Karterin mili təhlükəsizlik üzrə köməkçisi Z.Bjezinski özünün Yaxın Şərq səfəri zamanı İran və İraqı bir-birinin üzərinə qızışdırmaq üçün "müstsna araqızışdırma bacarığı" nümayiş etdirmişdir. İyunun 7-də Səddamla görüşdən sonra verdiyi telemüsahibəsində Bjezinski belə deyib:"Biz Vaşinqtonla Bağdad arasında əhəmiyyətli ziddiyyətlər görmürük. Biz hesab edirik ki, İraq müstəqilliyə can atır və Fars körfəzinin təhlükəsizliyini arzulayır. Və biz düşünmürük ki, Amerika-İraq əlaqələri zəifləyəcək". 
2012-ci ildə Misirin "Əl-Əhrəm" qəzetindəki açıqlamasında strateji ekspert, istefada olan general Samex Seyf əl-Yəzəl Bjezinskinin 35 il əvvəl atdığı addımların gələcək məqsədləri barədə danışıb:"1980-ci ildə İran-İraq müharibəsini başlatmaqla Bjezinski gələcəkdə Fars körfəzində ikinci savaşı törətməyə imkan verəcək "səbəbləri" yetişdirmək barədə də düşünməmiş deyildi. Müharibə ona gizli Sayks-Piko (1916-cı ildə Britaniya, Fransa və çar Rusiyası arasında Osmanlı dövlətinin Yaxın Şərqdəki ərazilərini bölüşdürmək üçün imzalanmış gizli saziş-S.L.) sazişinin şərtlərinin həyata keçirilməsi üçün lazım idi. Məhz İran-İraq müharibəsi başladıqdan sonra Pentaqonun əmri ilə təxribatçı tarixçi Bernard Lyuis leqitim İslam blokunun dağıdılması üçün məşhur planını işləməyə başladı. Həmin plana görə İslam dövlətləri ardıcıllıqla: İraq, Suriya, Livan (artıq bu günlərdə Beyrutda da inqilabi çıxışlar başlayıb-S.L.), Misir, Sudan, İran, Türkiyə, Əfqanıstan, Pakistan, Səudiyyə Ərəbistanı və Şimali Afrika ölkələri... Bu ökələrdən hər biri ərazisində yaşayan xalqların milliyyəti, dini, fəlsəfi məktəbi, sekta və s. xüsusiyyətlərinə uyğun olaraq parçalara bölünməlidir... 
İran ordusu 1979-cu ilədək əsasən ABŞ silahları ilə təchiz olunsa da, AFR,SSRİ və İsraildən də silahlar alırdı. 1981-ci ilin yayında İsrail dolayısıyla da İrana kömək etmişdi: 7 iyun 1981-ci ildə bu ölkənin aviasiyası İraqın Fransadan aldığı atom reaktorunu bombalamaqla İraqın nüvə proqramını növbəti dəfə dayandırmışdı...

Bu savaş Qiyamət gününün əlaməti idi...

Peyğəmbərin (s) hədislərində Qiyamət gününün əlamətlərindən biri kimi bir müsəlman ölkəsinin kafir ölkələrlə birləşərək digər müsəlman ölkəsinə hücum etməsi göstərilir. 8 illik İraq-İran savaşı bunun ən bariz nümunəsi oldu. Bu savaş hər iki ölkənin və qonşu ölkələrin müsəlmanlarının yaddaşında sünni-şiə savaşı kimi də qaldı. Və düşmənlər bundan bu gün də yararlanmaqdadırlar. İndi İraq və Suriyanın parçalanmasıyla yanaşı, Türkiyədə baş verənlərdə də sözügedən savaşın birbaşa, yaxud dolayı nəticələri var. Bu gün nə Səddam var, nə də Xomeyni... İran öz yerindədir, İraq torpağında isə özəyi ABŞ-ın zindanlara yığıb sonra buraxdırdığı Səddam tərəfdarları olan hərbçilərdən qurulan "İŞİD" savaşır. Bu saat İran və İraq hökumətləri birləşərək İraq torpaqlarındakı müqəddəs dini məkanları birgə qorumağa məcburdurlar. Bu birlik 50 il, 100 il bundan əvvəl lazım idi. Çünki düşmənlərin qondardığı "İŞİD" kimi qurumlar yalnız şiələrin çoxluq təşkil etdiyi İrana qarşı yox, heç bir məzhəb fərqi qoymadan bütün İslama qarşı, əslində isə elə bütün bəşəriyyətə qarşı savaş aparır...

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024