Dünya (8-09-2015, 19:03)
Türkiyə İraqda hərbi əməliyyata başlayıb
Türkiyə ordusu ölkənin cənub-şərqində hərbçilərinə ölümcül hücumdan sonra İraqdakı PKK bazalarına silsilə hava zərbələri endirib.
Çərşənbə axşamı günü 6 saat ərzində həyata keçirilən bombardmanda onlarla qırıcı təyyarə iştirak edib, Anadolu agentliyi bildirir.
Bazar günü İraq sərhədi yaxınlığındakı Dağlıca kəndi ətrafında baş verən PKK hücumundan sonra Türkiyənin baş naziri Ahmet Davutoğlu PKK bazalarını "məhv edəcəyinə" söz verib.
Bomba həmləsi nəticəsində ən azı 16 türk əsgəri həlak olub. Partlayışlar hərbi avtomobillərin yolla keçdiyi vaxt səslənib.
"Bu ölkənin dağları, düzənlikləri, hündürlükləri, şəhərləri terrorçulara tərk edilməyəcək", Türkiyənin baş naziri Ahmet Davutoğlu türk deyib.
"Siz bizim terrorla müharibəmizə mane ola bilməzsiniz. Həmin dağlar, bu terrorçulardan təmizlənəcək. Nə bahasına olursa olsun, onlar təmizlənəcək," cənab Davutoğlu jurnalistlərə açıqlamasında deyib.
Ordunun məlumatına görə, ölkənin cənub-şərqində yerləşən Hakkari vilayətində bazar günü baş vermiş hücumda azı 16 türk əsgəri həyatını itirib.
Buna cavab olaraq, bazar ertəsi Türkiyə PKK (Kürd Fəhlə Partiyası) düşərgələrinə bir neçə hava zərbəsi endirib.
Daha öncə çıxış edən prezident Recep Tayyip Erdogan hücuma görə üzüldüyünü bildirib və "həlledici" cavab veriləcəyini vəd edib.
İyul ayında Türkiyənin İraqdakı PKK düşərgələrinə hücumundan sonra PKK və ordu arasında qarşıdurmalar davam edir.
Hakkaridə baş tutan hücuma görə məsuliyyəti PKK qruplaşması öz üzərinə götürüb. Onlar öncə 15, sonra 31 əsgərin öldürüldüyünü bildirsə də, Türkiyə rəsmiləri 16 əsgərin həyatını itirdiyini və 6 əsgərin yaralandığını xəbər verib.
Ötən gün Türkiyə mediası yazıb ki, iki hərbi avtomobil Dağlıca kəndindən keçərkən bombalar atılıb.
Prezident Erdoganın Hakkari hücumu ilə bağlı açıqlamalarından sonra 200-ə yaxın insan onu dəstəkləyən şüarlar səsləndirərək İstanbulda Türkiyənin Hürriyet qəzetinin ofislərinə hücum edib.
Onlar qəzeti "Cənab Erdoganın sözlərinin səhv yozularaq Daglica hücumundan siyasi kapital qazanmaq istəməsi kimi qələmə verməsində" ittiham ediblər.
Hürriyet qəzeti Türkiyə hökuməti ilə PKK arasındakı münaqişənin işıqlandırılması ilə əlaqədar hökumətyönlü dairələrin tənqidinə məruz qalıb.
Milli.Az BBC-yə istinadən bildirir ki, hökümət PKK Türkiyə torpaqlarından çəkilənə və silahları təhvil verənə qədər hərbi əməliyyatların davam edəcəyini bildirib.
Döyüşlərin getdiyi bir neçə şəhərdə komendant saatı tətbiq edilib və yüzdən çox rayonda "müvəqqəti təhlükəsizlik zonaları" elan edilib.
Cavab olaraq kürdlərin üstünlük təşkil etdiyi şərq və cənub-şərqdə yerləşən bir neçə qəsəbə "özünü idarə" elan edib.
Prezident Erdoğanın tənqidçiləri onu kürdyönlü Xalq Demokratik Partiyasının (HDP) dəstəyini qazanmaq üçün zorakılığı yeniləməkdə ittiham edir.
Hökümət bu ittihamları rədd edir.
Bir çox insan qorxur ki, noyabrda keçiriləcək seçkilər yaxınlaşdıqca qarşıdurmaların sayı artacaq.
PKK-nın Türkiyəyə qarşı döyüşdüyü 1984-cü ildən bəri 40 min insan həyatını itirib.