Dünya (1-04-2014, 10:15)
Prezident qızının dustaq fotoları yayıldı
Özbəkistan prezidentinin iki aydır Daşkənddə ev dustağı edilən qızı Gülnarə Kərimova redaksiyası Nyu-Yorkda yerləşən müxalif uznews.net saytının elektron poçtuna iki yeni şəklini göndərib.
G.Kərimova bu şəkillərin hazırda dustaq saxlandığı evdə çəkildiyini bildirir. Şəkillərdə G.Kərimovanın əvvəlki qlamur obrazından əsər-əlamət yoxdur. Şəkillərin birində G.Kərimova ağ gecə köynəyində mətbəxdə oturub və “Nesquik” içir. Fotoda o, köməksiz və bitkin vəziyyətdə görünür. Bu şəkildə G.Kərimovanın əvvəlki bər-bəzəyindən və parıltısından heç nə yoxdur. Onun saçları səliqəsizdir. O biri fotoda isə G.Kərimova yığışdırılmamış yataqda oturub və nəsə oxuyur, qeydlər aparır. Kitabların yanında boş stəkan və hansısa dərman var. Foto bu qeydlərlə müşayiət olunur: “Situasiya pisləşir. Bu gün elə hönkürdüm ki, İmanın (qızı-red.) depressiyası dərinləşir. Ancaq dünən qızı qamarladılar! Digərini isə iki həftə əvvəl tutmuşdular ki, bizim evə gəlməsin”. Fotoşəkilləri göndərməzdən əvvəl G.Kərimova saytın elektron poçtuna yazıb ki, bu günlərdə Daşkənd Universitetinin tələbəsi Gulnaz Xocayevi ona baş çəkməyə gəldiyi üçün həbs ediblər. Qız əvvəllər G.Kərimovanın fondunda işləyib. Xatırladaq ki, bir neçə gün əvvəl G.Kərimovanın BBC-nin redaksiyasına göndərdiyi məktub yayılmışdı. Həmin məktubda o, atasının mühafizə xidmətinin rəisi tərəfindən döyüldüyünü, anasının əmri ilə ev dustağı edildiyini və bədənində xəsarət izlərinin olduğunu yazmış, kömək diləmişdi