Dünya (14-03-2015, 22:41)
Kazanın ən varlı adamı həbs edilir
Kazan şəhərindəki “Admiral” ticarət mərkəzində yanğın faktı üzrə daha bir nəfər saxlanılıb.
ANS PRESS-in məlumatına görə, saxlanılan şəxs icarədar “Zarya” şirkətinin direktorunun təhlükəsizlik texnikası üzrə müavini Nikolay Kayekindir.
Bu arada prokuror İldus Nafikovun yanmış ticarət mərkəzinin mülkiyyətçisi olan kompaniyanın rəhbərlərinin – “UK AC Menecment Qapalı Səhmdar Cəmiyyəti direktorlar şurasının sədri Aleksey Syominin və kompaniyanın baş direktoru Robert Xayrulinin məsuliyyətə cəlb olunması tələbini irəli sürdüyü bildirilir. Tatarıstan prokurorluğunun mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.
ASG investisiya qrupları kompaniyasının rəhbəri, Tatarıstanın ən varlı şəxslərindən biri olan milyarder Aleksey Syomin Moskvada və 2005-ci ildə Fransada aldığı tarixi Levevill qəsrində yaşayır.
Tatarıstan Fövqəladə Hallar Xidmətinin mətbuat katibi Andrey Rodıgin isə açıqlamasında bildirib ki, sahibkarlar mallarını yanğından xilas etmək üçün polisin qurduğu maneəni aşaraq binaya giriblər.
Onun dediyinə görə, yanğın başlayan zaman insanlar evakuasiya olunduqdan sonra mərkəzin sağ tərəfində polis kordonu qurulmuşdu. Lakin sahibkarlar mallarını yanan binadan çıxarmaq üçün maneəni yararaq yenidən içəriyə giriblər. Bu zaman mərkəzin bir hissəsi “domino” effekti ilə dağılıb.
Rusiya FHN-in Volqayanı regional mərkəzinin rəisi İqor Panşin də öz növbəsində hesab edir ki, həlak olan insanların xilas şansı çox olsa da, onlar bundan istifadə etməyiblər. Onun verdiyi son məlumata görə, faciə qurbanlarının sayı 17 nəfərə çatıb. Dağıntılar altında daha 16 nəfərin qaldığı ehtimal edilir.