Dünya (18-02-2015, 20:28)
Avropa Oyunlarına maraq böyükdür - DÜNYA MƏTBUATI
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov Neva sahilində yerləşən bu şəhərin ən qocaman və populyar nəşrlərindən biri sayılan "Veçerni Peterburq" qəzetinə müsahibə verib. Baş konsul 1992-ci ilin aprelində Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlərin qurulması tarixi, bu münasibətlərin müasir vəziyyəti və 20 ildən çox müddətdə sürətlə inkişafı barədə məlumat verib.
Diplomat Azərbaycan ilə Sankt-Peterburq arasında iqtisadi, humanitar və mədəni əlaqələri vurğulayaraq bildirib ki, belə əlaqələr sayəsində 2014-cü ilin aprelində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Şimal-Qərb İdarəçilik İnstitutu arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb, 2014-cü il oktyabrın 16-17-də Bakıda Sankt-Peterburqun mədəni-işgüzar missiyası həyata keçirilib, 2014-cü il aprelin 17-də Tavriya Sarayında böyük ictimai xadim, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topşubaşovun büstü açılıb.
Ölkəmizin turizm potensialı üzərində dayanan E.Qulamov Azərbaycana gələn xarici turistlərin sayının son 10 ildə iki dəfə artdığını bildirib. Vurğulayıb ki, müxtəlif dövrlərə aid 6 mindən çox mədəniyyət abidəsi və 130-dan çox muzey turistlər üçün çox cəlbedicidir. Azərbaycanda 500-dən çox komfortlu otel fəaliyyət göstərir ki, onların arasında dünyanın ən məşhur və nəhəng otel şəbəkələri təmsil olunub. Bundan əlavə, Azərbaycan tarixində ilk dəfə "Şahdağ" dağ-xizək kurortunun açılışı olub. Sonra diplomat 2015, 2016 və 2017-ci illərdə nəzərdə tutulan Birinci Avropa Oyunlarından, "Formula-1" üzrə Qran-pri yarışlarından və İslam Həmrəyliyi Oyunlarından söz açıb.
Azərbaycanın İndoneziya, Timor-Leste, Filippin və Sinqapurdakı səfiri Tamerlan Qarayev İndoneziyanın "SCTV qrupu"na məxsus "KMK Online" kanalına müsahibə verib.Səfirlikdən "Həftə içi"nə bildirilib ki, diplomat müsahibədə Azərbaycan -İndoneziya əlaqələrinin siyasi, iqtisadi və mədəni aspektləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı, Azərbaycanın regiondakı rolu, multikulturalizm, Ukrayna ətrafında baş verən hadisələrə dair Azərbaycanın mövqeyi barədə danışıb, indoneziyalı turistləri ölkəmizə cəlb edəcək maraqlı faktlar diqqətə çatdırılıb.
Səfir Azərbaycan ilə İndoneziya arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, iqtisadi əlaqələrin də qənaətbəxş olmasına baxmayaraq, bu sahədə, eləcə də turizm sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensialın mövcudluğunu qeyd edib. O, bu sahələrdə əlaqələrin inkişafı üçün birbaşa aviareyslərin və yük daşımalarının həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Ermənistanın Azərbaycana hərbi təcavüzü haqqında söhbət açan T.Qarayev İndoneziya hökumətinin İslam Əməkdaşlıq Təşkilatının rəsmi Yerevana qarşı siyasi və iqtisadi sanksiyalara dair mövcud qətnamələrinin tətbiq edilməsinin önəmini diqqətə çatdırıb. Müsahibədə T.Qarayev İndoneziya haqqında təəssüratlarını da bölüşüb.
Yaponiyanın məşhur "Point de Vue Japon" jurnalının cari ildəki ilk nömrəsində azərbaycanlı Rəna İsmayılzadənin ölkəmizlə bağlı geniş müsahibəsi dərc olunub. R.İsmayılzadə Azərbaycanın coğrafi mövqeyi, tarixi, iqtisadiyyatı, mədəniyyəti, adət-ənənələri barədə ətraflı məlumat verib. Müxbirin Naxçıvan Muxtar Respublikasının Azərbaycanla sərhədinin olmaması barədə sualı cavablandıran R.İsmayılzadə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarından, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərdən bəhs edib. Naxçıvan Muxtar Respublikasının uzun illər Ermənistan tərəfindən blokadaya alınması, müharibənin regiona və ölkəmizə vurduğu ziyan, xalqımızın tarix boyu üzləşdiyi haqsızlıqlar, sovet işğalından əvvəl Azərbaycanın daha böyük əraziyə malik olması ilə əlaqədar faktlar oxucuların diqqətinə çatdırılıb.
Müsahibə zamanı R.İsmayılzadə ölkəmizin füsunkar təbiəti, zəngin təbii sərvətləri, mətbəxi, milli bayramları barədə söhbət açıb, Azərbaycanın tolerant cəmiyyət kimi dünyada böyük nüfuza malik olduğunu və beynəlxalq təşkilatlar tərəfindən bir nümunə kimi qəbul edildiyini vurğulayıb. Müsahibədə Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, beynəlxalq təşkilatlar çərçivəsində mədəniyyətlərarası dialoqun aparılması prosesində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti və xidmətləri barədə də məlumat verilib.
Bundan başqa, müsahibədə Azərbaycanda son illər təşkil olunan beynəlxalq humanitar və iqtisadi forumlar, bu il keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq prosesinin gedişi, həyata keçirilən irimiqyaslı layihələr, ölkəmizin tarixi abidələri, gözoxşayan mənzərələri, Azərbaycan ilə Yaponiya arasındakı mədəni əlaqələrin durumu və perspektivləri haqqında söhbət açılıb. Jurnalın səkkiz səhifəsini əhatə edən müsahibədə ölkəmizlə bağlı maraqlı fotolara yer verilib.
Baltikyanı ölkələrdə ən populyar "Delfi" informasiya portalında Azərbaycan Respublikasının birinci xanımı, "Bakı-2015" birinci Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva haqqında məqalə dərc edilib. Çoxsaylı fotomateriallarla illüstrasiya edilmiş məqalədə Mehriban xanımın həyat yolundan bəhs edilir. Bu yazı "Delfi" informasiya xəbər portalı ilə Azərbaycanın Tallindəki səfirliyinin əməkdaşlığı sayəsində, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu il iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarının populyarlaşdırılmasına yönəlmiş layihəsinin həyata keçirilməsi çərçivəsində çap edilmiş silsilə məqalələrdən biridir.
Ümumiyyətlə, qarşıdakı Avropa Oyunları və Azərbaycan haqqında müxtəlif mövzularda 20-dən çox məqalə dərc edilməsi planlaşdırılır. Hələlik yalnız eston dilində çap olunan bu məqalələrin sonradan "Delfi" səhifələrində rus dilində də nəşri nəzərdə tutulur. Estoniyalı oxucular Avropa Oyunlarının keçirilməsi ideyasının tarixi, Oyunlara hazırlığın gedişi və təşkilati işin yüksək səviyyədə olması barədə məlumat alıblar. Estoniya ictimaiyyəti Azərbaycan haqqında - onun keçmişi və bu günü, zəngin mədəniyyəti, adət və ənənələri, o cümlədən keçən əsrin əvvəlində Estoniya ilə Azərbaycan arasında münasibətlərin tarixi barədə maraqlı faktlarla tanış olub. Müasir Azərbaycan, onun sürətli iqtisadi inkişaf fenomeni barədə məlumatlar oxucuların xüsusi marağına səbəb olub. Qeyd etmək lazımdır ki, bu məqalələr Estoniya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır, məqalələrə və onlarla bağlı şərhlərə baxışların sayı isə belə deməyə əsas verir ki, Azərbaycan haqqında rubrika "Delfi" portalının ən populyar rubrikalarından biridir.
Vüsal