Cəmiyyət (15-07-2016, 11:13)
“Azərsu” abonentlərə kələk gəlir
NK-nın qərarını su xidmətçiləri dəyişiblər
Suyun qiyməti qaxdı, xidmətin səviyyəsi endi
Mediatv.az: Təbii inhisar sahələrinin ən başlıcalarından biri su-kanalizasiya xidmətidir. Başqa xidmət sahələrində olduğu kimi, sözügedən sahədə də istehlakçıların hüquqları nəinki qorunur, əksinə, çeşidli yollarla vətəndaşlar xidmətdən məhrum edilir, su üzünə həsrət qalır. Kanalizasiya xidməti haqqının suya “pərçimlənməsi” sərfiyyatın sayğac yolu ilə avtomatlaşdırılması adına anlaşılan olsa da, bir çox yerlərdə ciddi narazılıq yaradır.
Elə evlər var ki, ümumiyyətlə, kanalizasiya sisteminə qoşulmayıb, amma abonentlər olmayan kanalizasiyaya görə su sayğacının göstəricisinə uyğun ödəniş etməyə məcbur edilirlər. Bakının mərkəzində Nərimanov rayonu, Ə.Rəcəbli-46 ünvanında dövlət sifarişilə əlil və şəhid ailələri üçün tikilən ev kimi. Bu ev 7 ildir istifadəyə verilib, di gəl, kanalizasiya xəttinə hələ də qoşulmayıb. Əlil və şəhid ailələrinə isə zorla kanalizasiya haqqı ödətdirirlər. Bağlantılı qurumlar, “Azərsu” özü günahı sakinlərin üstünə yıxırlar ki, tikiləndə kanalizasiyanı yada salmayıblar (????). Bir problem də su sərfinə uyğun kanalizasiya haqqının müəyyən edilməsindən qaynaqlanır. Ilk olaraq 1 kub metr su haqqının (30 qəpik) 20 faizi miqdarında, yəni 6 qəpik (toplam 36 qəpik) qəbul edilən kanalizasiya pulunun qiyməti getdikcə artır. Son qiymət artımında bu özünü bir daha göstərdi. Hazırda toplam qiyməti 50 qəpik olan su tarifinin 35 qəpiyi suyun, 15 qəpiyi isə kanalizasiyanın payına düşür. Bu isə su haqqının 43 faizi deməkdir. Başqa sözlə, suyun özü 17 faiz qalxdığı halda, kanalizasiya tarifi 2,5 dəfə qalxıb! Bu tariflər əhali qrupuna aid olanlardır. Digər kateqoriydan olan abonentlər üçün tariflər astronomik sayıla bilən həddə qaldırılıb. Iqtisadi – maliyyə başbilənləri bunu necə sosial-iqtisadi yöndən əsaslandırıblar, başadüşülən deyil.
Tarifin qaldırılmasına nail olan “Azərsu” yetkililəri xidmətin, suyun keyfiyyətini qaldırmağa, nədənsə tələsmirlər. Elə su-kanalizasiya xidmətinin səviyyəsi “köhnə hamam, köhnə tas” olaraq qalır. Hətta xidmətdən imtina halları getdikcə artır. Belə imtinalar ənənəvi olaraq yeni su xəttinin çəkilməsinə texniki şərtin verilməsində, su sayğaclarının quraşdırılmasında özünü qabarıq göstərir. Digər xidmət sahələrində olduğu kimi, su-kanalizasiya xidmətçilərinin də başlıca qanunsuz gəlir mənbəyi texniki şərti “şərtlə” vermələrindən və sayğacı abonentin hesabına sənədləşdirmədən qaynaqlanır. Düzdür, indi texniki şərti “ASAN” xidmətdən almaq olur, amma sayğaca gəldikdə, əhali açıq-aşkar aldadılır. Özü də bilərəkdən Nazirlər Kabinetinin (NK) qərarını yanlış izah və tətbiq etməklə, hətta dəyişdirməklə. Konkret fakta baxaq: Nizami rayonunda yaşayan Qarabağ əlili 2 ilə yaxındır dövlətin reabilitasiya amacı ilə verdiyi sosial binaya su xətti çəkilib sayğac quraşdırılmasına texniki şərt alsa da, nəinki sayğac quraşdırılmasına nail olub, əksinə, öz hesabına çəkdiyi su xəttini də kəsib atıblar. Nizami rayon prokuroru Akşin Ziyadov bu özbaşınalıqla bağlı vətəndaşa Inzibati-Iqtisadi Məhkəmədə iddia qaldırmağı məsləhət bilib. Prokuroun qanunvericilkdən xəbərsiz olması üzə çıxır. Birincisi, bəs pokurorluq nədən yanadır və ikincisi, istehlakçı hüquqlarının müdafiəsilə bağlı iddialara ümumi məhkəmələr baxır. Nizami rayon su-kanal idarəsinin rəisi Intiqam Kərimov isə avtomatika və metrologiya şöbəsinin rəisi R.Qorçiyevin icraçılığı ilə potensial abonentin diqqətinə çatdırıb ki, “Azərsu” ASC-nin 11.03.2016 tarixli 106 nömrəli əmrilə təsdiq edilmiş “Abonenet xidmətlərinə dair təlimat”ın 4.9 bəndinə və Sudan istifadə qaydalarının 6.5 bəndinə əsasən qeyri-əhali abonentlərinə quraşdırılacaq sayğac abonentin hesabına alınır, STKM (su təchizatı və kanalizasiya müəssisəsi) isə quraşdırır”. Fikir verin, NK-nın qərarı necə dəyişdirilib? NK-nın 17.07.2014 tarixli 262 saylı “Sudan istifadə qaydalarının təsdiq edilməsi haqqında” qərarının 6.5 bəndində yazılıb: “Istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına… həyata keçirilir”. Göründüyü kimi, istehlakçılara kələk gəlinir, fiziki şəxslər qeyri-əhali qrupuna aid edilir və onlardan sayğacı bazardan alandan sonra əlaqə saxlamaları, hətta su və çirkab su xidmətlərinə görə müqavilənin surətini təqdim etmələri də tələb olunur(??). Belə çıxır, müqaviləni də fiziki şəxs tərtib etməlidir?
…Istənilən halda NK-nın sözügedən qərarının 6.5 bəndində “qeyri-əhali”, “əhali” qrupundan yox, fiziki və hüquqi şəxslərdən söhbət gedir. Bu isə “su-kanalizasiya” xidmətçilərinin bilərəkdən çaşmasını deməyə əsas verir. Görəsən, Artur Rasizadənin “Azərsu” məmurlarının NK-nın qərarını dəyişdirmələrindən xəbəri var?(Azadliq.info)
