Cəmiyyət (5-02-2015, 13:52)
Azərbaycanda məşhur holdinq rəhbəri tutuldu
Azərbaycanda külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş holdinq rəhbərinin cinayət işi baxılması üçün məhkəməyə göndərilib
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, özünü vəzifəli şəxs kimi təqdim edən Bakı şəhər sakini Müstəcəb Səfərovun qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
İstintaq zamanı M.Səfərovun “İqtisadi Əlaqələr” Holdinqinin rəhbəri vəzifəsində işləyərkən qulluq mövqeyindən sui-istifadə edərək Bakı şəhərində inşa edilmiş çoxmərtəbəli binada birotaqlı mənzili şəhər sakininin adına rəsmiləşdirəcəyini, Quba rayonunda su və kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı tenderi “REK Holdinq”ə satacağını, habelə özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edərək Zaqatala rayonunda zəlzələdən qəzalı vəziyyətə düşmüş evlərin təmiri işini “Hüseyn-T” şirkətinə həvalə etdirəcəyini yalandan vəd edərək ümumilikdə 61 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərinin mənimsəmə) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.
İstintaq dövründə vurulmuş ziyanın əhəmiyyətli hissəsinin ödətdirilməsi təmin edilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.