Təxminən iki həftə əvvəl mətbuatda uzun illər hazırkı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun şirkəti kimi tanınan “Gilan Holdinq” MMC-yə daxil olan “Gilan Dəri” Məhdud Məsuliyyətli Cəmiyyətinin holdinqdən ayrılaraq, “A.C.E Dəri” MMC kimi fəaliyyət göstərdiyinə dair məlumat yayılmışdı. “AzPolitika.info” xəbər verir ki, “Gilan Holdinq”i daha üç iri şirkətin tərk etdiyi məlum olub. Belə ki, üç şirkət eyni gündə “Gilan” brendindən imtina edib. Bununla da 2021-ci il ərzində ümumilikdə beş şirkət “Gilan Holdinq”-dən ayrılaraq, rebrendinq etmiş olub. Bununla bağlı Banker.az-ın əldə etdiyi məlumata görə, hər üç şirkətin yeni adında “ABA” sözü var. Belə ki, “Gilan Cotton and Grain” MMC bundan sonra “ABA CG” MMC adı ilə, “Gilan Trading” MMC şirkəti “ABA Trading-123” MMC və “Gilan Vineyards” MMC isə “ABA VY” MMC adı ilə bazarda çıxış edəcək. Məlumat üçün qeyd edək ki, “Gilan Vineyards” MMC “Agro-Azərinvest” şirkətinin törəməsidir. “Agro-Azərinvest” 2004-ci ildə Qəbələ rayonunda təsis edilib. Şirkət Qəbələ, Lənkəran, Göygöl, Samux, Tovuz və Yevlax rayonları ərazisində fransız və gürcü sortlarından olan şərab üzümləri yetişdirməklə şərab istehsal edir. Maraqlıdır ki, “Gilan”-dan ayrılan hər üç şirkət 2015-ci ilin iyul-avqust aylarında “Gilan Holdinq” MMC ilə eyni ünvanda yaradılmışdı - Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov pr., ev 206, məh.466. O da məlum olub ki, hər üç şirkətə Qafarova Günel Vilayət qızı rəhbərlik edəcək. Qeyd edək ki, əvvəl bu şirkətlərin hər birinə ayr-ayrı adamlar rəhbərlik edirdi. Adla bərabər şirkətlərin hüquqi ünvanları da dəyişib - Bakı şəhəri Xətai rayonu, Babək pr., ev 8, məhəllə 1130/1133, m. 70. Törəmə şirkətləri bir-bir “Gilan” brendindən imtina etməsi və başqa adamların adlarına keçirilməsi “Gilan Holdinq”-in bu gedişlə holdinq statusundan çıxa biləcəyini düşünməyə əsas verir. Onu da qeyd edək ki, “Gilan Holdinq” onun adından imtina edən şirkətlərin satılmasıyla bağlı hər hansısa investorla alqı-satqı müqaviləsinin olub-olmamasına dair sorğulara cavab vermir. Lakin həm hüquqi ünvanın dəyişdirilməsi, həm də “Gilan” brendindən imtina edilməsi onu güman etməyə əsas verir ki, artıq bu müəssisələrin “Gilan Holdinq”-ə aidiyyatı olmayacaq...