Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (12-01-2021, 09:45)
Moskva bəyanatının şifrələri - İLGİNC GƏLİŞMƏ

Moskva bəyanatının şifrələri
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşündə növbəti birgə bəyanat imzalandı. Dörd saat davam edən görüşün yekununda imzalanmış 4 bənddən ibarət bəyanatda bütün diqqət ötən il Azərbaycan Ordusunun tam qələbəsinə çox az qalmış imzalanan 10 noyabr Bəyanatının 9-cu maddəsinin icrasına yönəlib.

Əvvəlcə 9-cu maddəni xatırlayaq:

“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Bu gün – 11 yanvar 2021-ci il tarixində imzalanmış Bəyanatın 1-ci bəndində deyilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üçün prezident Putinin Azərbaycan, Ermənistan, Rusiya baş nazirlərinin müavinlərindən ibarət işçi qrupun yaradılması barədə təklifi dəstəklənir. 2-ci maddəyə əsasən işçi qrup ilk iclasını yanvarın 30-dək keçirəcək və ötənilki Bəyanatın 9-cu bəndinin icrasından irəli gələn əsas iş sahələrinin siyahısını hazırlayacaq, dəmir yolu və avtomobil yolları rabitəsini prioritet kimi müəyyənləşdirəcək. 3-cü bənddə bildirilir ki, əsas fəaliyyət istiqamətlərini həyata keçirmək üçün işçi qrupun həmsədrləri bu sahələrdə ekspert alt qruplarının tərkibini, tərəflərin səlahiyyətli orqanlarının və təşkilatlarının vəzifəli şəxsləri arasından təsdiqləyəcəklər. Mütəxəssis alt qrupları, işçi qrupun iclasından sonra 1 ay müddətində ən yüksək səviyyədə həyata keçirilməsi və təsdiqlənməsi üçün zəruri resursların və fəaliyyətlərin əsaslandırıldığı layihələrin siyahısını təqdim edəcəklər. 4-cü bəndə görə, işçi qrup martın 1-dək Azərbaycan və Ermənistan ərazisindən beynəlxalq nəqliyyatın təşkili, həyata keçirilməsi və təhlükəsizliyi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpası və inşası ilə bağlı tədbirlərin ən yüksək səviyyədə həyata keçirilməsinin siyahısı və cədvəlini tərəflərin təsdiqinə təqdim edəcək.

Sual yaranır: niyə Rusiya bütün diqqətini və enerjisini 9-cu maddənin tezliklə həyata keçirilməsinə yönəldib?



Şübhəsiz ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasında nəqliyyat əlaqəsinin bərpası bizim üçün önəmli məsələdir. Azərbaycan prezidenti dəfələrlə Naxçıvana dəhliz açılmasının önəmini qeyd edib və bu məsələnin üçtərəfli Bəyanata daxil edilməsini ciddi uğur kimi qiymətləndirib. Çünki Bakıda öz avtomobilinə əyləşən vətəndaşlarımız Naxçıvana və əks istiqamətdə rahat gedib-gələ biləcək, İran vasitəsilə Naxçıvana daşınan yüklər daha qısa marşrutla – şose və dəmir yolu ilə Ermənistan ərazisindən göndəriləcək, Rusiyanın nəzarətində də olsa, Türkiyə ilə quru əlaqəsi və qarşılıqlı ticarət baxımından Gürcüstan yoluna nisbətən bir az qısa məsafəli marşrut yaranacaq və s…

Amma hazırkı mərhələdə Azərbaycanı narahat edən daha ciddi problemlər var. Bu problemləri belə sıralamaq olar:

– Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində Azərbaycanın dövlət suverenliyinin bərpası;

– Həmin əraziyə azərbaycanlı köçkünlərin qayıtması;

– Dağlıq Qarabadakı erməni silahlı dəstələrinin taleyi;

– Dağlıq Qarabağdakı oyuncaq rejimin və onun cinayətkar rəhbərlərinin sərbəst fəaliyyəti;

– Rusiya sülhməramlılarının fəaliyyət sferası və mandatı ilə bağlı suallar;

– Ağdərə-Kəlbəcər yolunun açılması…

Belə görünür ki, bu məsələlər hələlik müzakirə mövzusu deyil. Ola bilər ki, bu məqamlar sülh müqaviləsinin çözəcəyi problemlər olduğundan, onların müzakirəsi ATƏT-in Minsk Qrupu çərçivəsində aparılacaq.

Rusiyanın bu mərhələdə bütün diqqətini 9-cu maddəyə cəmləşdirməsini 2 təməl səbəblə izah etmək olar:

Moskva tezliklə Azərbaycan üzərindən Ermənistanla etibarlı, daimi quru və dəmir yolu əlaqəsi yaratmaq istəyir.
Hazırda Rusiya-Ermənistan qarşılıqlı ticarət əlaqələri əsasən Gürcüstan üzərindən, Yuxarı Lars nəzarət-buraxılış məntəqəsi vasitəsilə həyata keçirilir. Lakin qış aylarında Hərbi-Gürcüstan yolunda hərəkət çətinləşir, bəzən isə tam dayanır. Ona görə də, daha əlverişli alternativə ehtiyac var. Digər tərəfdən, Gürcüstan hökuməti öz ərazisi ilə Ermənistana hərbi yüklərin daşınmasına icazə vermir, yaxud nadir hallarda icazə verir. Faktiki olaraq, Ermənistandakı Rusiya hərbi bazaları nəqliyyat-logistika imkanlarından məhrum şəraitdə qalıb. Gürcülərin birmənalı strateji seçimi və avroatlantik inteqrasiya siyasəti aparması o deməkdir ki, Gürcüstan marşrutu istər ticarət, istərsə də hərbi yüklərin tranziti baxmından Rusiya üçün etibarlı, uzunmüddətli ola bilməz. Azərbaycan ərazisi vasitəsilə Rusiya öz hərbi bazalarını blokada vəziyyətindən çıxaracaq və oranın təchizat-rotasiya işlərini ilin bütün fəsillərində rahat gerçəkləşdirə biləcək. (Təbii ki, Azərbaycanın razılığı ilə.)

Başqa bir problem budur ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının heç bir üzvü ilə quru əlaqəsinə malik deyil və vahid iqtisadi məkandan qopuq vəziyyətdə, bir növ onun anklavı kimi qalıb. Azərbaycan üzərindən qısa marşrut Ermənistanı Rusiyaya bağlayaraq bu problemi də həll etmiş olacaq.

Kommunikasiyaların açılmasından, nəqliyyat əlaqələrinin bərpasından sonra Rusiya Azərbaycanın da Avrasiya İqtisadi İttifaqına üzvlüyü məsələsini gündəmə gətirə bilər.
Açıq sərhədlər və kommunikasiyalar bunun üşün yaxşı zəmin hazırlayır. Moskva tərəfindən belə bir təklif səslənərsə, Bakının buna yox deməsi elə də asan olmayacaq, çünki əks halda, Rusiya Qarabağda bizə problemlər yaratmaq imkanındadır. Avrasiya İttifaqına üzvlük bizi bu risklərdən xilas edə bilər. Keçmiş SSRİ zamanında olduğu kimi, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalır, tərəflər əməkdaşlığa başlayır, tədricən düşmənçiliklər unudulur, sülhməramlılar Rusiya hərbi bazasının şəxsi heyətinə çevrilir və beləliklə, Rusiyanın himayəsində sülh və sabitlik bərqərar olur… Məncə, Rusiyanın bölgə ilə bağlı vizyonu budur.
Müəllif: Şahin Cəfərli
 //pressklub.az//
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024