Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (25-09-2020, 13:36)
Ramiz Mehdiyevlə bağlı qalmaqala YAP da qoşuldu - Nə baş verir?..

Ramiz Mehdiyevlə bağlı qalmaqala YAP da qoşuldu
Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin tərəfdarları parlament deputatlarına vitse-spiker Adil Əliyevdən şikayət ediblər. Səbəb vitse-spikerin R.Mehdiyevi sərt tənqid etdiyi müsahibəsidir. Xatırladaq ki, Adil Əliyev müsahibəsində R.Mehdiyevi istefaya çağırmışdı: “Ramiz Mehdiyevdə zərrə qədər dövlətçilik şüuru olsaydı, tənqidə dözümlü yanaşar, emosiyalara qapılmadan səhvini etiraf edər və AMEA-nin prezidentliyindən istefa verib istirahətə gedərdi. O isə haqlı iradları süngü ilə qarşılayır”.

Müsahibədə həmçinin deyilir ki, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev bu vəzifəni itirdikdən sonra öz nüfuzunu saxlamağa çalışır. Akademiyada oturduğu halda yenə də əvvəllər vəzifəyə təyin etdiyi şəxsləri qəbul edir, onlarla iclaslar keçirir: “Bu adam hələ də ona verilən mesajı anlamaq fikrində deyil. Bir çox inzibati tədbirlər də onun bu inadkarlığı səbəbindən baş verdi”.

Sonra vitse-spiker 2012-2013-cü illərdə deputat Gülər Əhmədova ilə bağlı hay-küylü qalmaqalı xatırladı və deyib ki, G.Əhmədova R.Mehdiyevin adından deputatlığa namizədlərdən pul yığırdı və məlum məsələ ilə bağlı qalmaqalın digər fiqurantı Sevinc Babayeva o zaman Türkiyəyə qaçdı və orada qəribə şəraitdə vəfat etdi..

Vitse-spiker həmçinin Elmlər Akademiyasının səmərəsizliyini tənqid edib və demişdi ki, onun saxlanmasına hər il on milyonlarla manat xərclənir, lakin orada ciddi tədqiqatlar yoxdur.

Bu ittihamlara cavab olaraq hakim Yeni Azərbaycan Partiyasının AMEA ərazi təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru Ulduzə Qurbanova YAP ərazi təşkilatının üzvləri adından Milli Məclisin deputatlarına müraciət ünvanlayıb. Müraciətdə deputatlar “vitse-spikerin məsuliyyətsiz və populist çıxışları”na münasibət bildirməyə çağırılıb.

Milli Məclisin vitse-spikeri Adil Əliyev isə sözügedən şikayətlə bağlı ovqat.com-a bildirib ki, indiki ağır şəraitdə həmin müraciətə geniş cavab vermək istəmir: “Sərhədlərimizdə vəziyyətin getdikcə gərginləşdiyi, ermənilərin müharibəyə hazırlaşdığı bir zamanda bizim daxili didişmələrə getməyimiz doğru olmaz. Bununla belə, haqqımda irəli sürülən ittihamlara səssiz qalmaq da mümkün deyil. Əvvəla, mənim elmdən uzaq biri kimi təqdim olunmağım gülməlidir. Mən də o açıqlamanın müəllifi kimi, fəlsəfə doktoruyam və hüquq elmi sahəsində ”kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət hüququ və kriminoloji problemləri" mövzusunda müdafiə etmişəm. İkincisi, mənim AMEA-da süngüylə qarşılanan açıqlamam həqiqi alimlərə yox, konkret fərdə qarşı yönəlib. Həmin konkret fərd də kimlərinsə arxasında gizlənmədən ortaya çıxsın və mənə cavab versin".

Adil Əliyev iddiaların əksinə, nəinki alimlərə qarşı qərəzli mövqe tutmadığını, dəyərli elm xadimlərinə hər zaman xüsusi diqqət və sayqı göstərdiyini deyib: “AMEA dünya elminə Yusif Məmmədəliyev, Lüftü Zadə, Ziya Bünyadov, Azad Mirzəcanzadə və s. saymaqla bitməyəcək qədər görkəmli alimlər bəxş edib. Hər kəs kimi mən də bu alimlərlə fəxr edib, hər yerdə də bunu dilə gətirmişəm. Mənim qarşı çıxdığım məsələ AMEA-nın indiki çətin şəraitə salınmasıdır”.

Məlum bəyanatda AMEA-nın işçilərinin ağır sosial vəziyyətindən danışıldığını, millət vəkillərindən fərqli olaraq onların maaşlarının artırılmaması məsələsinin qaldırıldığını bildirən vitse-spiker deyib: “Yazırlar ki, mən bəzi başqa həmkarlarımla bərabər maaş davası edənlərdənəm. Halbuki mənim heç vaxt bu mövzuda çıxışım olmayıb. Mən heç vaxt nə maaş, nə də vəzifə davası aparmamışam. Harada işləməyimdən asılı olmayaraq, başımı aşağı salıb xidməti vəzifəmi yerinə yetirmişəm. Əldə etdiyim uğurlar və vəzifələr isə xidmətdəki alın tərimin mükafatıdır. Digər tərəfdən, dünyanın bütün ölkələrində millət vəkilləri dövlət büdcəsindən maaş alırlar. Amma elm ocaqları, akademiyalar öz ixtiraları, kəşfləri ilə böyük miqdarda patent haqqı qazanırlar. Alimlər heç bir siyasi proseslərə cəlb olunmadan elmi yaradıcılıqla məşğul olsalar, cəmiyyətimizə daha böyük fayda verərlər. Ramiz Mehdiyevin çoxillik fəaliyyəti isə bu uğurun qarşısını almağa yönəlib. Bir çox hallarda alimlərimiz əqli potensialları ilə deyil, qohumbazlıq, şəxsi münasibətlər kriteriyası ilə önə çəkilib. Onlar elmi nailiyyətlərinə yox, kimlərəsə yaxınlıqlarına görə qiymətləndirilib və nəticədə AMEA əvvəlki potensialını itirib”.

O ki qaldı bəyanatda səsləndirilən “müəmmalı keçmiş” məsələsinə, Adil Əliyev həmin fikirlərin əsl müəlliflərinə səslənərək bildirib: “Yaxşısı budur, ”qaranlıq keçmiş" məsələsinə toxunmayaq, bu, sizlərin xeyrinə olmaz. Elə mənim barəmdə “qaranlıq keçmiş” əfsanəsini siz uydurmusunuz. Hacı Məmmədovun dəstəsi ifşa olunmamışdan öncə, Ulu Öndər Heydər Əliyevə yalan məlumatı siz vermişdiniz. Çoxsaylı adam oğurluqlarının və qətllərin başında mənim əlimin olduğunu siz demişdiniz. Bəs nə oldu, o cinayətlərin arxasından mən yox, siz çıxdınız".

Özü barədə ittihamın Ulduzə Qurbanova tərəfindən irəli sürüldüyünə inanmayan millət vəkili iddialarının əsl müəlliflərini şəxsən ortaya çıxmağa çağırıb: “Bu fikrin müəllifləri barəmdə əllərindəki bütün faktları ortaya qoysunlar. İbarəli sözlərlə kimisə şantaj etmək alim adı daşıyana yaraşmaz. Cinayət Məcəlləsinə görə, faktı bilib gizlətmək də cinayətdir. Mən həmin alim adı daşıyanları bu cinayətdə iştirak etməməyə çağırıram. Mövlananın bir sözü var: ”Ya olduğun kimi görün, ya göründüyün kimi ol". Alim adı daşıyanlar alim kimi görünməli və kriminal ünsürlərin silahı sayılan şantaj elementlərindən istifadə etməməlidir".

Adil Əliyev sonda vurğulayıb ki, belə bəyanatlar davam etsə, konkret faktları, ad familyaları ilə bərabər sadalayacaq.

Bir sıra siyasi təhlilçilər isə hesab edir ki, YAP-ın ərazi təşkilatı adından vitse-spikerdən deputatlara şikayət ünvanlanması Ramiz Mehdiyevlə bağlı son vaxtlar baş verənlərə birbaşa olaraq partiyanın qatılması məsələnin Milli Elmlər Akademiyası müstəvisindən çıxarılaraq tamamailə siyasiləşdirilməsi məqsədi güdür. Bu, elm ocağının siyasi mübarizəyə cəlb olunmasıdır.

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, YAP-ın ərazi təşkilatı adından Milli Məclisə ünvanlanan həmin bəyanat çox ciddi hadisədir və çox ciddi mətləblərdən xəbər verir. Faktiki olaraq YAP-ın ərazi təşkilatını Ramiz Mehdiyev öz mübarizəsinə cəlb edib. İkincisi, bununla demək istəyir ki, mənim YAP-a təsirlərim hələ qalır, istədiyim vaxt YAP-ın üzvlərindən dəstək almaq imkanım var. Nəzərə alsaq ki, ərazi təşkilatının üzvləri Elmlər Akademiyasının əməkdaşları olan insanlardır, deməli, artıq Ramiz Mehdiyev bu strukturu siyasətə, siyasəi mübarizəsinə yönəltmiş sayılır. Bəs partiyanın ərazi təşkilatı bu cür bəyanat, müraciət verəndə partiyanın rəhbər orqanları və şəxsləri ilə razılaşdırmalıdırlarmı?

YAP-dan bildirildi ki, adıçəkilən ərazi təşkilatından Milli Məclisə hansısa müraciət ünvanlayacaqları və ünvanladıqları barədə partiyanın yuxarı orqanlarına məlumat verilməyib.
“Yeni Müsavat”
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024