Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (14-06-2019, 14:20)
AZƏRBAYCAN MİLLİ KİTABXANASI

  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Sistemində xüsusi yeri olan M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ölkənin milli maraqlarını qoruyan, bəşəriyyətin biliklərini özündə əks etdirən, mühüm elmi-mədəni, ictimai-siyasi, tarixi, iqtisadi informasiya resurslarını mühafizə edən və cəmiyyət üzvlərinin informasiya təminatını ödəyən, əhalidə mütaliə vərdişlərini kütləviləşdirən zəngin informasiya mərkəzi, elm məbədidir.      
Kitabxana 1922-ci ildə yaradılmış, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olmuşdur.
Kitabxana yarananda onun fonduna İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından 5000 nüsxə kitab verilmişdir. İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi genişlənmiş, onlarca yeni şöbə yaranmış, fondlarında ədəbiyyat sayı milyonlara, işçilərinin sayı yüzlərə çatmışdır. Hal-hazırda Milli Kitabxananın fondunda 5 milyona yaxın kitab var. Kitabxananın daimi oxucularının sayı 165048 nəfər , virtual oxucularının sayı isə 1 milyondur.
 
 
 
1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi M.F.Axundovun adı verilmişdir.
 Kitabxananın memarlıq baxımından tarixi abidə kimi qiymətləndirilən hazırki əzəmətli binaya 1961-ci ildə köçməsi onu sevənlər üçün gözəl hədiyyə olmuşdur. Qeyd etmək lazımdır ki, binanın yerinin seçilməsində və tikilməsində görkəmli Xalq yazıçısı Süleyman Rəhimovun böyük xidməti olmuşdur, binanın layihəsi isə akademik Mikayıl Hüseynova məxsusdur.
Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya, informasiya xidməti göstərmək, kitabxanalararası abonement, milli və tövsiyyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz  funksiyalarını yerinə yetirir.
Heç təsadüfi deyildir ki, ulu öndərimiz, elm və mədəniyyətə yüksək qiymət verən Heydər Əliyev prezidentliyi müddətində 4 dəfə (1995-3 iyun; 1996-4 mart; 1997-5, 20 noyabr) Milli Kitabxanaya gəlmiş və öz şəxsi kitabxanasından yüzlərlə kitabı kitabxanaya hədiyyə etmişdir.
2004-cü ildə Kitabxanaya Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu verilmişdir ki, bu da kitabxananın fəaliyyətinə verilən ən yüksək qiymətdir.
AMK Avropa Milli Kitabxanaları Konqresi (CENL), Avrasiya Kitabxana Assambleyası (BAE), Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatına Üzv Ölkələrin Milli Kitabxanaları Şurası, Avrasiya Kitabxanaçılar Birliyinin və s. üzvüdür.  
Milli Kitabxana Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə nəşr olunmuş Azərbaycan haqqında və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə qiymətli və digər məlumat daşıyıcılarını toplayıb mühafizə edən milli mədəniyyət xəzinəsi və dövlət kitabsaxlayıcısıdır.
“Kitabxana işi haqqında” və “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanunlarına əsasən Milli Kitabxana ölkə ərazisində dərc olunan nəşrlərdən pulsuz məcburi nüsxələr alır və onların əsasında milli mətbuatın arxiv fondunu yaradır.
Zəngin kitab fonduna malik olan Milli Kitabxanada Azərbaycan kitab mədəniyyətinin ilk nümunələri – daşbasma üsulu ilə çap olunmuş və ilk çap kitabları, XIX əsrin dövri mətbuat nümunələri toplanmışdır. Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində dünyanın 20‐ə yaxın dilində ən qədim kitablar, muxtəlif elm sahələrinə aid fundamental tədqiqat əsərləri, qiymətli sorğu ədəbiyyatları qorunub saxlanılır. Miniatur kitab kolleksiyası, nəfis tərtibatlı kitab nüsxələri oxucularda böyük maraq doğurur. Kitabxananın arxiv fondunda mətbuat tariximizin misilsiz bir hissəsini təşkil edən 91 adda qəzetin 1875-1930 –cu illəri əhatə edən böyük bir dövrünün əsli və fotosurətləri, eləcə də Azərbaycan mətbuatının inkişafında mühüm rol oynayan jurnallar qorunub saxlanılır.
2003-cü ildən kitabxanada avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə başlanılmışdır.M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında dünyanın ən böyük və zəngin kitabxanalarında daha çox tətbiq olunan avtomatlaşdırılmış kitabxana-informasiya sistemi VİRTUA proqramı tətbiq olunmuşdur.
 
 Son illər informasiya-kommunikasiya texnologiyalarının kitabxana işinə tətbiqi ilə əlaqədar olaraq AMK-da yeni şöbələr və bölmələr açılmışdır: “Elektron informasiya xidməti”, “İnfrastrukturun təşkili və proqram təminatı”, “Avtomatlaşdırma və informasiya texnologiyaları”,“Elektron resursların yaradılması”, “Analitik elektron məlumat bazasının təşkili”,“Elektron kataloqun formalaşdırılması”, “Elektron dissertasiya fondunun təşkili və ondan istifadə”, “Kitabxanaların metodik təminatı” şöbələri, “Elektron resurslardan istifadənin təşkili”,“Lokal şəbəkədən istifadə üzrə oxu zalı” bölmələri və s. Yeni şöbə və bölmələrin yaradılması ilə əlaqədar bir çox ənənəvi iş sahələri yeni texnologiyalarla təchiz olunmuş, ənənəvi kataloq sistemi elektron kataloqla əvəzlənmiş, elektron kataloqla yanaşı elektron kitabxana yaradılmışdır.
Kitabxananın 3 dildə fəaliyyət göstərən saytı (www.anl.az) vasitəsilə oxuculara xidmət həyata keçirilir. Milli Kitabxananın saytından istifadə etməklə oxucular məlumat bazalarından yararlanmaq, Milli Kitabxananın nəşrlərindən istifadə etmək, elektron kataloqda və elektron kitabxanada, həmçinin dünya ölkələrinin kitabxanalarında axtarış aparmaq imkanı əldə edirlər.
Qısa müddət ərzində informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş Azərbacan Milli Kitabxanasında sistemli iş aparılmış, avtomatlaşdırılmış kitabxana idarəetmə sistemi tam tətbiq edilmiş, zəngin elektron resurslar yaradılmışdır. İndi bilavasitə kitabxanaya gələn oxuculara Elektron kitabxananın resursları lokal şəbəkə - İNTRANET vasitəsilə, uzaq məsafəli istifadəçilərə isə qlobal şəbəkə - İNTERNET vasitəsilə təqdim olunur.
Kitab, qəzet  və junalların elektron versiyaları ilə yanaşı, Milli Kitabxananın fondunda olan musiqi ədəbiyyatının, not nəşrlərinin elektron versiyalarının bazaları da yaradılmış və kitabxananın saytında  “Musiqi kitabxanası” bölməsində oxucuların istifadəsinə verilmişdir.
2008-ci ildən Milii Kitabxanada ölkə mətbuatının ayrı-ayrı mövzular və predmetlər üzrə tammətnli analitik məlumat bazasının yaradılması işinə başlanılmışdır.  100-dən çox qəzet və jurnalda dərc olunan materialların tam elektron mətnləri mövzu və predmetlər üzrə qruplaşdırılaraq Milli Kitabxananın elektron kataloqunun analitik məlumat bazasına daxil edilir.
2009-cu ildən başlayaraq Milli Kitabxananın fondunda olan Azərbaycan klassiklərinin musiqi əsərləri yazılmış qrammofon vallarının informasiya daşıyıcılarına köçürülməsi işi həyata keçirilməyə başlanmışdır.
 Bu gün kitabxananın oxucuları və eləcə də dünya miqyasında Azərbaycanla maraqlanan bütün insanlar Milli Kitabxananın saytı və elektron kataloqu vasitəsilə zaman və məkan problemi olmadan Milli Kitabxananın nəinki kataloq və fondlarına daxil olaraq ondan sərbəst istifadə edə bilirlər, hətta onun tammətnli elektron məlumat bazalarından da bəhrələnirlər.
2010-cu ildən etibarən Milli Kitabxananın fondunda olmayan ədəbiyyatı dünya kitabxanalarından əldə etmək üçün bir sıra iri kitabxanalarla ikitərəfli müqavilələr imzalanmışdır.
 Milli Kitabxana respublikanın bütün kitabxanalarına, eləcə də bütünoxuculara və internet istifadəçilərinə virtual rejimdə xidmət göstərir. Kitabxananın saytında “Metodik xidmət”, “Biblioqrafik sorğu” və “ Virtual sifariş” onlayn xidmət növləri yaradılmışdır. Hər bir kitabxana işçisi, müxtəlif oxucular, istifadəçilər sorğularını Milli Kitabxanaya ünvanlayır və ən qısa müddətdə cavab ala bilirlər.
Milli Kitabxana hər il kitabxana işinin bu və ya başqa məsələlərinə dair xeyli miqdarda metodik vəsaitlər nəşr edir və region kitabxanalarına göndərir.Azərbaycan Milli Kitabxanası öz fonduna və ölkəmizin iri kitabxanalarına daxil olan yeni nəşrləri əhatə edən rüblük “Yeni kitablar” cari informasiya göstəriciləri, hər il “Əlamətdar və tarixi günlər təqvimi”, Azərbaycanın görkəmli şəxsiyyətləri silsiləsindən, eyni zamanda digər mövzulara həsr olunmuş fundamental biblioqrafik vəsaitlər,“Mədəniyyət, incəsənət, turizm, və ədəbiyyatşünaslıq haqqında yeni ədəbiyyat” adlı cari biblioqrafik informasiya göstəricisini və s.nəşr edir.
Milli Kitabxananın hazırladığı materiallar və vəsaitlər kitabxananın saytında yerləşdirilir və nəticədə bütün nəşrlər çap olunmamışdan və yerlərə göndərilməmişdən kitabxanaçıların ixtiyarına verilir.
2008-ci ildən Milli Kitabxanada oxuculara virtual kitab sifarişi imkanı da yaradılmışdır. Yəni internetə çıxışı olan hər bir oxucu yaşayış və yaxud iş yerindən kitabxananın saytındakı “virtual xidmət” bölməsinə daxil olaraq istənilən kitabı sifariş edə bilər və dərhal ona həmin kitabın kitabxanada olub-olmaması barədə məlumat verilir, lazım gəldikdə onu sifariş edir və artıq oxucu kitabxanaya gələrkən kitab rəfdə onu gözləyir.
Azərbaycan musiqisinin dünyada və respublikada geniş miqyaslı təbliğinə nail olmaq məqsədilə Mədəniyyət  Nazirliyi və Milli Kitabxana tərəfindən "Azərbaycan musiqi irsinin dünyada təbliği” adlı birgə layihə həyata keçirilmişdir. Azərbaycan Milli Kitabxanasının əməkdaşları beynəlxalq musiqi saytı olan “Petruççi Musiqi kitabxanası”nda (www.imslp.org) Azərbaycan xalq mahnıları və bəstəkarlarının 300-dən çox musiqi əsərinin notlarını, habelə Azərbaycanın korifey ifaçılarının səs yazılarını mp-3 formatında yerləşdirmişlər.
Gənclərin fəal mütaliəyə cəlb olunması, mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında Milli Kitabxananın nəzdində həftənin bütün günləri fasiləsiz 24 saat fəaliyyət göstərən “Açıq Kitabxana - sərbəst mütaliə məkanı” yaradılmışdır. Burada ayrı-ayrı oxucular, yazıçılar, şairlər, görkəmli elm və mədəniyyət xadiməri tərəfindən kitabxanaya hədiyyə edilən kitablar nümayiş olunur və onların mütaliəsinə şərait yaradılır. Eyni zamanda Açıq kitabxanada kitabların mütaliəsi ilə bərabər, mübadiləsinə də gözəl imkan yaradılmışdır.Burada “Mən oxudum, sən də oxu” devizi altında “Kitabı kitaba dəyişmə” guşəsi  fəaliyyət göstərir. Açıq Kitabxanada  hər bir vətəndaşa artıq özünün mütaliə etdiyi kitabı gətirərək həmin guşəyə təhvil vermək və əvəzində mütaliə etmədiyi kitabı apararaq özünün iş və yaşayış yerində mütaliə etmək imkanı yaradılmışdır. Bu guşəyə müraciət edən hər bir kəs mütaliə etdiyi və artıq ona lazım olmayan kitabların digər şəxslər tərəfindən də mütaliə olunmasına şərait yaradır.Açıq kitabxanadan  hər bir kəs sərbəst, qeydiyyatsız yararlana bilir. Bu gün yeni tipli Açıq kitabxanada oxucuların elektron-informasiya xidmətlərindən yararlanması üçün də əlverişli şərait yaradılmışdır. Açıq Kitabxanada Azərbaycan Milli Kitabxanasının Elektron kataloqundan, Elektron kitabxanasından, Azərbaycan ədəbiyyatının virtual kitabxanasından və digər elektron kitabxanalardan oxucuların istifadəsi üçün kompüter avadanlıqları və Wi-Fi şəbəkəsi quraşdırılmışdır.Açıq kitabxananın saytı vasitəsilə oxucular Açıq kitabxananın virtual sifariş xidmətlərindən yararlanır, onun fondunda olan kitablarla onlayn tanış olur, lazım gəldikdə seçdikləri kitabı sifariş edə, eyni zamanda burada keçirilən tədbirlər haqqında məlumat əldə edə bilirlər. Həmçinin oxucuların dünya və respublika kitabxanalarının saytlarına giriş, internetdən kitab satışı həyata keçirən mərkəzlərlə əlaqə imkanı vardır.


 
 
 
 
 
 
 
 
 
Milli Kitabxananın beynəlxalq əlaqələr və beynəlxalq kitab mübadiləsi sahəsində fəaliyyəti də gündən-günə genişlənir.Azərbaycan Milli Kitabxanası dünyanın 60-dan artıq kitabxanası ilə kitab mübadiləsini həyata keçirir.
 
Azərbaycan Milli Kitabxanası öz fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mədəniyyət, elm, təhsil, informasiya texnologiyaları və digər müvafiq sahələrə dair imzaladığı fərman və sərəncamlar, Nazirlər Kabinetinin, Mədəniyyət Nazirliyinin verdiyi göstəriş və tapşırıqlar, eləcə də mövcud qanunvericiliyə uyğun olaraq qurur, ölkədə elm, təhsil, mədəniyyətin inkişafı, milli-mənəvi dəyərlərimizin, kitab və mütaliənin təbliği ilə əlaqədar əhəmiyyətli layihələr həyata keçirir, Azərbaycan gerçəkliklərinin dünyada tanıdılması istiqamətində mühüm nəticələrə nail olur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi haqqında” 15 noyabr 2018-ci il və “Azərbaycanda 2019-cu ilin “Nəsimi ili” elan olunması haqqında” 11 yanvar 2019-cu il tarixli sərəncamlarına müvafiq olaraq  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2019-cu il TÜRKSOY Beynəlxalq Təşkilatı tərəfindən “Nəsimi ili” elan olunmuşdur.
TÜRKSOY Beynəlxalq Təşkilatı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə razılaşdıraraq 2019-cu il mart ayının 6-7-də Türkiyənin Ankara və İstanbul şəhərlərində Azərbaycan Mədəniyyət Nazirliyi və Milli Kitabxana ilə birlikdə “Nəsimi ili”nin rəsmi açılış mərasimini keçirmişdir.
 
Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş növbəti tədbirAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycanın Macarıstandakı Səfirliyi, Azərbaycan Milli Kitabxanası və Budapeştdəki Yunus Əmrə İnstitutun birgə təşkilatçılığı ilə aprelin 24-də Macarıstanın paytaxtı Budapeştdə keçirilib.
 
Aprel ayının 4-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və Azərbaycan Milli Kitabxanası ilə birgə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr olunmuş elmi konfrans və prof. Asif Rüstəmlinin“Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabının təqdimat mərasimi keçirilmişdir. 
 
Aprelin 11-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Maraqlı insanlarla görüş”Klubunun növbəti məşğələsində Azərbaycanın Xalq yazıçısı, dedektiv roman janrının ən parlaq nümayəndələrindən biri, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin 60 illik yubileyinə həsr olunmuş görüş keçirilmişdir.
 
 
Ölkə başçısının müvafiq Sərəncamına əsasən Aprelin 19-da Azərbaycan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Milli Kitabxananın Mədəniyyət Nazirliyi ilə birgə təşkil etdiyi tədbirdə kitabxananın əməkdaşları tərəfindən hazırlanmış“İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının və “İsmayıl Şıxlı–100” elektron məlumat bazasının təqdimatları olub.
 
May ayının 3-də Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasında Dövlət Gömrük Komitəsi Akademiyası, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası və BDU-nun Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda sərgi-konfrans keçirilmişdir.
 
May ayının 7-də Quba rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə  təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr edilmiş Respublika Konfransı keçirilib.
 
Qırğızıstan Respublikasının Bişkek şəhərində 15-18 may tarixlərində keçirilən “Rəqəmsal əsrdə kitab və mütaliə” mövzusunda Beynəlxalq Konfrans çərçivəsində Qırğızıstan Milli Kitabxanası, Azərbaycan Respublikasının Qırğızıstandakı Səfirliyi, TÜRKSOY təşkilatı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilmişdir.
 
Keçirilən tədbirlərdə şairin həyat və yaradıcılığı haqqında geniş məruzələrlə çıxışlar olmuş, Azərbaycan Milli Kitabxanasının fondlarında mühafizə olunan Nəsiminin əsərlərindən və onun haqqında ədəbiyyatdan ibarət geniş kitab sərgiləri təşkil edilmiş, İmadəddin Nəsimi haqqında sənədli filmlər nümayiş olunmuş, şairin yaradıcılığından bədii hissə təşkil olunmuşdur .
Mayın 23-də isə Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Azərbaycan Milli Kitabxanasında görkəmli dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 105 illiyi münasibətilə tədbir və “İlyas Əfəndiyev-105” adlı elektron məlumat bazasının təqdimatı olub.
 
 
Qarşıda  2019 –cu il ərzində Azərbaycan Milli Kitabxanasının ev sahibliyi edəcəyi beynəlxalq tədbirlər, eləcə də Milli Kitabxananın əməkdaşlarının iştirak edəcəyi tədbirlər yaxınlaşır.
 Azərbaycan Milli Kitabxanası öz işini uğurla davam etdirir.


 шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024