İmtahan yalnız qiymətləndirmə deyil, etimad göstəricisidir
Təhsil müəssisəsinin real gücü auditoriyalarda deyil, məhz imtahan dövründə üzə çıxır. Çünki imtahan – biliklə yanaşı, idarəetmənin, təşkilatçılığın, şəffaflığın və insan amilinə verilən dəyərin sınağıdır. Bu baxımdan Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Texniki Kollecində start götürən qış imtahan sessiyası sadəcə növbəti tədris mərhələsinin yekunu deyil, həm də son illər aparılan ardıcıl islahatların real nəticəsinin bariz göstəricisi kimi yadda qalır.
İlk gündən hiss olunur ki, bu imtahan sessiyasına adi bir prosedur kimi yox, təhsilin keyfiyyətinə verilən ictimai etimadın qorunması kimi yanaşılır. Kollecin dəhlizlərində hökm sürən sakitlik, müəllim və tələbələr arasında qarşılıqlı hörmət, nəzarət mexanizmlərinin aydın və şəffaf qurulması onu göstərir ki, burada imtahan anlayışı qorxu yox, məsuliyyət yaradır.
Yüksək səviyyəli hazırlıq: görünməyən əməyin nəticəsi
İmtahan sessiyasının başlanmasına qədər görülən hazırlıq işləri ilk baxışda gözə çarpmaya bilər. Lakin hər detalda sistemli yanaşma hiss olunur. Auditoriyaların əvvəlcədən yoxlanılması, imtahan materiallarının məxfiliyinin qorunması, nəzarət mexanizmlərinin optimallaşdırılması, müəllim heyətinin sessiyaya psixoloji və metodiki baxımdan hazırlanması – bütün bunlar peşəkar idarəetmənin nəticəsidir.
Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, imtahanların gedişində tələbələrə əlavə psixoloji təzyiq göstərilmir. Əksinə, sağlam akademik mühit yaradılaraq biliklərin real qiymətləndirilməsi hədəflənir. Bu yanaşma gənclərin öz bilik və bacarıqlarına inamını artırmaqla yanaşı, kollecin məzun profilinin keyfiyyətinə də birbaşa təsir göstərir.
İdarəetmədə təmkin və prinsipiallıq nümunəsi...
Bu uğurlu təşkilatçılığın arxasında konkret idarəçilik fəlsəfəsi dayanır.Bakı Texniki Kollecin direktoru professor Akif Cahangirov uzun müddətdir ki, təhsil cameəsində təmkinli, prinsipial və nəticəyə hesablanan idarəçi kimi tanınır. Lakin maraqlı məqam odur ki, imtahan sessiyasının yüksək səviyyədə təşkili ilə bağlı ünvanlanan təriflərə direktorun münasibəti gözlənildiyindən fərqlidir.
Akif Cahangirov açıq şəkildə bildirir ki, bu gün kollecdə müşahidə olunan müsbət dəyişikliklər və şəffaf imtahan mühiti ayrı-ayrı şəxslərin deyil, bütövlükdə ölkədə təhsil sahəsində aparılan sistemli islahatların nəticəsidir. Onun sözlərinə görə, xüsusilə Təhsil Nazirliyinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin son illərdə həyata keçirdiyi struktur və məzmun dəyişiklikləri kolleclərin fəaliyyətində keyfiyyət mərhələsini formalaşdırıb.
Bu mövqe bir daha göstərir ki, direktor şəxsi təşəbbüslərini ön plana çıxarmaqdansa, institusional yanaşmanı əsas tutur. Məhz bu təvazökar mövqe onun idarəetmə üslubunun əsas cizgilərindən biridir.
Tələbə mərkəzli imtahan modeli...
Qış imtahan sessiyasında diqqət çəkən əsas yeniliklərdən biri tələbə mərkəzli yanaşmanın açıq şəkildə hiss olunmasıdır. İmtahan cədvəllərinin optimal tərtibi, fənlər üzrə yüklənmənin balanslaşdırılması, apellyasiya mexanizmlərinin əvvəlcədən izah edilməsi tələbələrdə əlavə gərginliyin yaranmasının qarşısını alır.
Bununla yanaşı, imtahan prosesində obyektivliyin qorunması əsas prinsip kimi götürülüb. Nəzarətçilərin peşəkarlığı, müəllimlərin etik davranışı və qaydalara ciddi əməl olunması kollecdə sağlam akademik mühitin formalaşdığını təsdiqləyir.
Sessiya bir imtahandan daha artığıdır...
Əslində, bu qış imtahan sessiyası Bakı Texniki Kolecinin yalnız bu gününü deyil, gələcək inkişaf konturlarını da göstərir. Burada formalaşan yanaşma onu deməyə əsas verir ki, kollecdə təhsil yalnız öyrətmək yox, həm də məsuliyyətli və müasir düşüncəli kadr yetişdirmək məqsədi daşıyır.
Müşahidələr göstərir ki, kollecin rəhbərliyi üçün imtahan sessiyası statistik göstəricilərdən ibarət hesabat deyil. Bu proses daha çox sistemin zəif və güclü tərəflərini üzə çıxaran bir mexanizm kimi dəyərləndirilir. Elə buna görə də hər sessiya növbəti tədris mərhələsi üçün yeni planların formalaşmasına zəmin yaradır.
Nəticə əvəzi...
AzTU-nun nəzdində fəaliyyət göstərən Bakı Texniki Kollecdə keçirilən qış imtahan sessiyası bir daha sübut edir ki, düzgün idarəetmə, institusional yanaşma və dövlət siyasəti ilə uzlaşan fəaliyyət modeli təhsildə real keyfiyyət yarada bilir. Burada əldə olunan nəticələr təsadüfi deyil – bu, ardıcıl islahatların, peşəkar kollektivin və təvazökar, lakin prinsipial rəhbərliyin məntiqi yekunudur.
Mediatv.az
Əfqan Bəhluloğlu


























