Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (8-10-2015, 14:35)
Azərbaycan dəmir yolunun Gəncə istiqamətində “plastik əməliyyat”

Azərbaycan dəmir yolunun Gəncə istiqamətində “plastik əməliyyat”
İstənilən nazir, komitə sədri, icra başçısı və bu qəbildən olan digər məmurlar ölkə başçısı qarşısında hesabat xarakterli çıxış edəndə, televiziya kamerası qarşısına keçəndə, hansısa qəzetə müsahibə verəndə elə ütülü, sığallı cümlələr qurub danışır, xalqın adamı olmasından, onlara qayğıdan elə söz açır, qanundan, düzlükdən, məsuliyyətdən elə dəm vurur ki, auditoriya az qalır onları bağrına bassın.

Mediatv.az dia.az-a istinadən xəbər verir ki, Əslində isə bu gün bu cəmiyyətdə bilməyən yoxdur ki, bunlar... imitasiyadır, görüntüdən başqa bir şey deyil. O çıxışların arxasında da maddi marağa xidmət edən cılız bir niyyət gizlənir. Məsələn, əgər sabah Nəqliyyat Nazirliyinin və yaxud Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin istənilən bir məmuru ictimaiyyət qarşısına çıxıb eyni məzmunlu nitq irad eləsə, əmin olun, cəmiyyətdə eyni effekti yaradacaq, amma onu da əminliklə demək olar ki, o çıxışın arxasında da mütləq və mütləq cılız bir niyyət olacaq. Sözə söykək üçün presedent də var. Görün bir nazirliyin, konkret olaraq Nəqliyyat Nazirliyinin tabeliyində olan bir qurumda nələr olur. Adamın inanmağı gəlmir ki, yuxarı instansiyalarda Gəncədə baş verən bu özbaşınalıqlardan xəbərdar deyillər.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (ADY QSC) qərb istiqaməti üzrə Yükdaşıma Departamentinin rəisi Füzuli Kərimov İnfrastruktur Departamentinin Gəncədəki 5 nömrəli müəssisəsinin sahə rəisi Müzəffər Həsəncanovla müvəqqəti də olsa “sülh sazişi imzalayaraq” yuxarılardan, yəni ADY rəhbərliyindən xəbərsiz Gəncə Dəmir Yolu İdarəsində vəzifə bölgüsü ətrafında kombinasiyalar qurmaqdadırlar. “Piyadaları vəzirə çevirmək üçün artıq oyunun endşpilində olan” kombinatorlara “sekundantlıq”, daha doğtusu, “krışalıq” edən isə Müzəffər Həsəncanovun Rusiya Federasiyasının Rostov şəhərindəki dəmir yolu institutunun təsərrüfat işləri üzrə prorektoru işləyən bibisi oğlu Yusif Baqiyevdir. O Yusif Baqiyev ki, uzun illərdir institutun bütün iaşə obyektlərini əlində çəmləşdirərək bundan böyük biznes yarada bilib. Müzəffər Həsəncanovun dediyinə görə, dayısı oğlu Yusif Baqiyev nəinki sözügedən ali təhsil ocağında sözükeçən şəxsdir, həmçinin Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovla yaxın münasibəti, eyni zamanda onun Rusiyadakı-Rostovdakı biznes əlaqələrinin koordinatoru, işlərinin idarəçisi və icraçısı olan səlahiyyətli bir şəxsdir.

...Mətbuatdan məlum olduğu kimi, artıq bir müddətdir ki, nəqliyyat naziri Ziya Məmmədovun başı Milli Məclisin deputatı olan qardaşı Elton Məmmədova və

onun oğlunun cəmiyyətə bəlli “kaprizlərinə” qarışıb. Fürsət yoxsulları vaxtı fövtə verərmi? Bu baş qarışıqlığından istifadə edən ADY QSC-nin ölkənin qərb istiqamətindəki, yəni Gəncədəki tamahkar, kreslo və sərvət hərisi olan iki məmuru vəzifə qamarlamaq üstündə az qala savaşa çıxıb, bir-birinə bacardıqları qədər badalaq vurmaqla məşğuldurlar.

...ADY QSC-nin Gəncə şəhərindəki yükdaşıma departamentinin Qərb istiqaməti üzrə rəisi, yaşı artıq 75-ə çatmasına baxmayaraq hələ də nəinki işdə, eləcə də vəzifədə qalan Fizuli Kərimovun, necə deyərlər, bu zonada qarşısına çöp salan yoxdur. Nəinki bunu edənin, hətta bu haqda düşünənin belə aqibəti açınacaqlı olur. Fikir verin, nazir Ziya Məmmədovun NN-də çalışan böyük qardaşı Nəriman Məmmədov yaş həddi ilə bağlı işdən azad olunsa da, Füzuli Kərimov hələ də qərb istiqamətini kurasiya etməkdə davam edir. Tək bu faktor çox şeydən xəbər verir, deyilmi? Əslən Ucar rayonundan olan Füzuli Kərimov özünün nazirlə qohumluğundan, üstəlik də Ziya Məmmədovun qardaşı, deputat Nəriman Məmmədovla yaxınlığından sui-istifadə edərək illərdir ki, regionu “atmosfer”də saxlamağa nail olub. Görünür, ağsaqqallığına hörmət və etimad göstərilən Fizuli Kərimovun “yuxarılarla” belə sıx əlaqəsi, məhrəm münasibəti onun “burda mənəm, Bağdadda kor xəlifə” deməsinə stimul verib. Başqa necə izah etmək olar ki, F.Kərimov departament rəisi kimi Gəncə dəmir yolunu əvvəllər necə idarə edirdisə, indi də eləcə idarə edir, halbuki indi Gəncədə F.Kərimov kimi eyni vəzifə səlahiyyətinə malik bir neçə departament rəisi var. O isə həmin rəisləri görməzdən gələrək “burda hələ də mənəm” effekti yaratmaq üçün öz əvvəlki kabinetində oturur, hələ də onlara hökm edir. Başqa cür desək, bu qoca kişi ona məxsus olmayan mövqeni zorla da olsa əlindən vermək istəmir, vəzifə iyerarxiyasında onunla bərabər səlahiyyətə malik insanları yeri gələndə hətta şantajdan da yararlanmaqla təzyiq altında saxlayır.

...Karyerasına gəlincə, o tutduğu vəzifəyə qarmaqarışıq bir dövrdə -1990-cı illərdə, xalq hərəkatı zamanında gəlib və dəmir yolunun müəmmalı yükdaşımaları hesabına böyük sərvətə sahib olaraq vəzifəsinə keçilməz istehkam yaradıb. Təkcə yükdaşımalar hesabınamı? “Yox” sözünü ona görə deyirik ki, Füzuli Kərimovun fürsət düşəndə o illərdə hətta neft vaqonlarından gecələr külli miqdarda benzin oğurlaması kimi aşağılığının şahidləri bu gün də həyatdadır və lazım gəlsə onun bu “qəhrəmanlığını” üzünə oxuya bilərlər. Məhz bunun nəticəsidir ki, bir zamanlar ADY QSC-nin sədri Arif Əsgərovla və kadr məsələləri ilə şəxsən özü məşğul olan, Qapalı Səhmdar Cəmiyyətin aparıcı qüvvəsi sayılan sədrin birinci müavini Əlirza Süleymanovla hesablaşmağı özünə artıq bilən Füzuli Kərimov indi özünə ağsaqqal bildiyi Çingiz Məmmədova arxayındır. O Çingiz Məmmədova ki, bu gün ADY QSC-nin təmir-tikinti departamentinin rəisi, eyni zamanda iddiaya görə, Prezident

İlham Əliyevin iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədovla birbaşa əlaqəsi və yaxınlığı var. Və bunu onun özü də heç kimdən gizlətmir, əksinə, yeri gələndə bu haqda fəxrlə danışır. Bu faktordan çıxış edərək əminliklə demək olar ki, bu gün Füzuli Kərimov artıq dəmir yolu idarəsinin rəhbərliyi bir yana, heç nazirin özü ilə də hesablaşmağı özünə sığışdırmır. Odur ki, yaş həddinin ona şamil olunmayacağına bir “quş” qoyaraq arın-arxayın Azərbaycan dəmir yollarında yeni kombinasiyalar qurmağa, “plastik əməliyyatar” aparmağa can atır.

Bəs bu kombinasiya, bu “plastik əməliyyat” nəmənə olan şeydir? Heç nə, uzun illərdən bəri şəxsi mənfəətə hesablanmış cürbəcür manevrləri sayəsində Azərbaycan dəmir yolunun qərb istiqaməti üzrə yükdaşıma departamentinin rəisi olmuş və bu rəislikdən “yükünü” çoxdan tutmuş, Bakıda, Gəncədə, Samuxda və ölkənin digər rayonlarında şəxsi evləri, obyekləri, ferması, torpaq sahələri olan Füzuli Kərimovun hələlik reallaşdırmadığı bircə arzusu qalıb ki, onu gerçəkləşdirmək - Gəncə dəmir yolu stansiyasına rəis qoydurduğu oğlu Zaur Kərimovu öz yerinə təyin etdirib sonra bəlkə təqaüdə getmək. Getmək deyəndə ki... nə getmək, əgər oğlunu öz yerinə oturda bilsə, bu gediş sadəcə formal xarakter daşıyacaq, yəni qərb istiqamətində yükdaşıma səlahiyyəti yenə bu qocanın əlində qalacaq. Ona görə də Füzuli Kərimov bu gün bütün resurslarını bu istiqamətə yönəldib: nəyin bahasına olursa-olsun, oğlunu öz yerinə otuzdurmaq! O oğulu ki, idarəetmə qabiliyyətinə malik olmaması cəhənnəm, heç dəmir yolu işindən də düz-əməlli başı çıxmır. Amma nə olsun, Zaur Kərimovun geydirmə işləri düzüb-qoşmaqda istedadı qıcqıran, al-ver də pərgar olan Füzuli Kərimov kimi “delovoy”, kombinator atası var. Əks təqdirdə Füzuli Kərimovun tabeliyində olduğu departament rəisi İsfəndiyər Kərimov yaş senzi ilə bağlı pensiyaya göndəriləndə onu da göndərərdilər. Əks təqdirdə, yəni bu qoca “delovoy” olmasaydı, Prezident İlham Əliyevin yaş həddi ilə bağlı fərmanı havadan asılı qalmaz, başqaları kimi ona da şamil olunardı.

...Bir müddət öncə isə Füzuli Kərimova məlum olub ki, oğlu üçün “bron” etdiyi və hələlik özünün oturduğu kresloya daha bir idddiaçı peyda olub və bu adam həmin vəzifəyə ən real namizədlərdən hesab olunur. Bu isə yuxarıda haqqında bəhs etdiyimiz... Müzəffər Həsəncanovdur. Gəncə lokomotiv deposunda uzun illər kadrlar şöbəsinin müdiri, daha sonra Gəncə dəmir yolunda su idarəsinin müdiri, hal-hazırda isə ADY QSC-nin infrastruktur departamentində 5 nömrəli müəssisəsinin Gəncə üzrə sahə rəisi vəzifəsində çalışan Müzəffər Həsəncanov. Bütün zamanlarda dəmir yolunda müxtəlif vəzifələrdə çalışan M. Həsəncanovun adının Füzuli Kərimovun tutduğu vəzifəyə namizədlər siyahısında liderlik etdiyindən, o, yəni Füzuli Kərimov Müzəffər Həsəncanovun hansı potensiala malik olduğunu anlayaraq (Müzəffər Həsəncanovun yuxarıda haqqında bəhs

etdiyimiz Yusif Baqiyevlə dayı oğlu bibi oğlu olması faktoru) onunla kompromisə getmək zorunda qalıb. Bəs necə, nazir Ziya Məmmədovun yaxın dostu və Rusiya koordinatoru olan Yusif Baqiyevin qohumu ilə münaqişəyə girmək elə Y.Baqiyevlə münaqişə demək olardı və istəyini reallaşdırmaq üçün daha çox xərcə düşərdi. Bu ona sözün mütləq mənasında baha başa gələrdi. Yəni oğlu üçün “bron” saxladığı vəzifəyə iki namizəd, ələlxüsus da pullu namizəd olanda qiymətlər lap auksiondakı kimi artır axı. ...Elə buna görə də eyni amal sahibi olan, yəni övladlarını yağlı vəzifələrə yerləşdirmək istəyən hər iki dəmiryolçu ortaq məxrəcə gələrək Gəncədə birgə işləmək, vəzifələri də hər ikisinin marağı nəzərə alınmaqla bölüşdürmək razılığına gəliblər. Yalnız bundan sonra Müzəffər Həsəncanov Gəncədə 5 nömrəli yol təmiri müəssisəsində, yəni öz yanında formal olaraq ştatda saxladığı, amma ərköyünlük edərək Postova, öz qohumları Y.Baqiyevin yanına gedən oğlu Səbuhi Həsəncanovu geri gətirdərək vəzifəyə təyin etdirə bilib. M.Həsəncanov vaxtilə Gəncə lokomotiv deposunda kadrlar şöbəsinin rəisi vəzifəsində çalışdığından, indi də fikir formalaşdırır ki, onun ərköyün oğlu məhz onun uzun illər öncəki kreslosuna varısdir.

Bu, ssenarinin başlanğıcıdır, amma inandırıcı başlanğıcdır. Bir ildən artıq öz iş yerini qoyub Rusiyaya gedən, amma atasının kəraməti sayəsində saxtakarlıq edilərək adı ştatda saxlanılan ərköyün oğulun gəlişi ilə Gəncə lokomotiv deposunda uzun illər kadrlar şöbəsinin rəisi olan Samir Qazıyev vəzifəsindən həmən azad edilib. O Samir Qazıyev ki, bu vəzifəyə fəhləlikdən başlayaraq illərini sərf etmiş, pillə-pillə qalxmışdı, ali təhsilli, dəmir yolu işlərini mükəmməl bilən mütəxəssis idi. Təbii ki, belə üzdəniraq “kadr islahatları” elə-belə, “qara qaşa” görə edilmir. Müzəffər Həsəncanov da Füzuli Kərimov kimi vaxtilə tutduğu vəzifəyə öz oğlunu oturtmaq istəyir. Yeri gəlmişkən qeyd edək ki, bu, M.Həsəncanovun ən yaxın perspekiv üçün planıdır. Səbuhi Həsəncanovun Postovda ali təhsil alması isə (Yusif Baqiyevin kimliyini nəzərə alsaq, Səbuhinin Gəncədə formal olaraq işlədiyi kimi, ali təhsil almasının da formal olduğunu düşünmək olar-müəllif) işbaz atanı uzaq perspektiv üçün də planlar qurmağa vadar edib. İştah diş altındadır-deyiblər. Odur ki, M.Həsəncanov ərköyün oğlunun gələcəkdə Gəncə lokomotiv deposunun rəisi olacağı düşüncəsini də gizlətmir. Çünki uzun illər dəmir yolunda çalışmasına baxmayaraq, hal-hazırda Gəncə lokomotiv deposunun rəisi olan Faxrəddin Rzayev texnikum təhsillidir. Bu faktor isə Müzəffər Həsəncanovu, ələlxüsus da hazırda bölgəyə kuratorluq edən 75 yaşlı qoca dəmiryolçu Füzuli Kərimovu yaman iştaha gətirib. Bəs necə, yağlı bir vəzifə tez-gec boşalacaq, o vəzifəni saxlamaq və ya satmaq ixtiyarı onların olacaq. Yeri gəlmişkən onu da qeyd edək ki, lokomotiv deposu Gəncə istiqamətində ən iri müəssisə olduğundan o vəzifəyə digər iddialılar da var. Bunlardan biri və ən real sayılan namizəd isə Gəncə vaqon deposunun rəisi

Şabəddin Hüseynovdur ki, Füzuli Kərimov bunu bilsə də, hələlik birtəhər sinirir. Çünki... məqamını gözləyir. Real vəziyyəti eyni prizmadan dəyərləndirən hər iki “delovoy” dəmiryolçu perspektivdəki vəzifə bölgüsü xatirinə hələ ki, “sülh müqaviləsinə” sadiqlik nümayiş etdirərək susmağa üstünlük verirlər. Çalışırlar ki, gördükləri və görəcəkləri işi, həyata keçirəcəkləri kadr əməliyyatını ehmalla, səssiz-səmirsiz, ADY rəhbərlərinin, nazirliyin diqqətini çəkmədən həyata keçirsinlər. Yəni ki, Füzuli Kərimov oğlunu öz yerinə oturtsun, bunun müqabilində 5 nömrəli müəssisəyə Müzəffər Həsəncanov, lokomotiv deposuna isə M.Həsəncanovun oğlu Səbuhi Həsəncanov rəis gətirilsin. Maraqlı məqam isə odur ki, həm Gəncədəki infrastruktur departamentinin 5 nömrəli müəssisəsinin rəisi Aydın Cabbarov, həm də Gəncə lokomotiv deposunun rəisi Fəxrəddin Rzayev Gəncədən deyil, Ağstafa rayonundandır. Əgər belə demək mümkünsə, Füzuli Kərimovla Müzəffər Həsəncanov öz rəzil və cılız ideyalarını-feodalizm dövründən qalma iyrənclikləri gerçəkləşdirmək üçün öz vəzifələrindən sui-istifadə edir, saxtakarlıq, talançılıq, oğurluq və əyriliklə əldə edilmiş haram pullarla özlərinə arxa-dayaq taparaq Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində həm də bölgəçilik salmaq kimi bir aşağılıqla məşğuldurlar.

Bu məqamda istər-istəməz sual yaranır: Bəs görəsən nəqliyyat nazirliyində, ADY QSC-nin rəhbərliyində oturanların bu kombinasiyalardan, onun qurucularının bəd əməllərindən xəbəri olan varmı və əgər varsa, onların “blits”ə bənzəyən bu oyuna münasibəti necədir? Bəlkə, ümumiyyətlə, ADY QSC hal-hazırda NN-nə o qədər də gəlir gətirmədiyindən Ziya Məmmədovun gözündən və könlündən iraq düşüb? Bir də... görəsən doğrudanmı ADY-də məmurların kreslo seçimi nəqliyyat nazirliyindən deyil, Rostov şəhərindən edilir?.. Bu suallara cavab tapmaq ümidi ilə...

...Mövzuya qayıdacağıq. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024