Sosial (23-07-2015, 16:14)
Bağlanan marşrutlar nə vaxt açılacaq?
Bakının on minlərlə sakini hər gün intizarla yeni qərar gözləyir.
Bakının Parlament prospektində yaşayan Vüqar 60 yaşlı anasını hər gün taksi ilə İçərişəhər metrosunun yaxınlığında yerləşən klinikaya apardığını söyləyir.
“Həkim anama gündəlik masaj yazıb. Əvvəllər avtobusla gedirdik. Evdən çıxıb yolu keçirdik, Fəxri Xiyabanın yanındakı dayanacaqda avtobusa minirdik. İndi bizim məhəlləyə avtobus gəlmir. Ən yaxın dayanacağa məsafə 1 kilometri keçir, anamsa o qədər məsafəni yeriyə bilmir”,- deyə orta yaşlı Bakı sakini ANS PRESS əməkdaşı ilə söhbətində bildirir.
60 yaşlı xəstə qadın Bakıda bu problemlə üzləşmiş tək insan deyil. Məsələ bundadır ki, Avropa oyunları ərəfəsində Bakının Şəhidlər Xiyabanı istiqamətində hərəkət edən bütün avtobuslar dayandırılıb. Artıq iki aya yaxındır ki, Milli Məclisdə, Dövlət Tele-Radio Komitəsində, Milli Təhlükəsizlik Nazirliyində, Müdafiə Nazirliyində, Mərkəzi Klinikada, yaxınlıqda yerləşən otel və institularda işləyən minlərlə insan hər gün dayanacaqdan işə, işdən dayanacağa kilometrlərlə yol getməli olurlar. Bakının ilin ən isti günlərini yaşadığı nəzərə alınarsa, həmin insanların hansı əziyyətlərə qatlaşdığı aydın olar.
Oxşar problem paytaxtın bir çox məhəllələrində yaşanır. “Bakı Sərnişinnəqliyyat” MMC-dənAvropa Oyunları ərəfəsində yayılan məlumatda bildirilirdi ki, 10 marşrutun fəaliyyəti dayandırılıb. Bunlar aşağıdakılardır:
1, 14, 20, 25, 53, 69, 86, 90, 125, 194
İstiqaməti dəyişən marşrutlar - 2, 15, 120, 70 və 82
Marşrutu uzadılanlar - 11, 82 və 83
Üç qapılı avtobuslar da ümumiyyətlə şəhər küçələrindən yığışdırıldı.
O vaxt əhali marşrutların bağlanmasını və hərəkət istiqamətinin qısaldılmasını müvəqqəti çətinlik kimi qiymətləndirirdi. Amma indi Avropa Oyunlarının başa çatmasından bir ay keçməsinə baxmayaraq vəziyyət dəyişməyib.
Nəqliyyat problemləri üzrə ekspert Azər Allahverənov bağlanan marşrutların nə vaxt açılacağı ilə bağlı ona çox suallar verildiyini bildirir. “Şəhərdə gəzən zaman bu barədə mənə sual verən çox olur. Hər qəbildən insan müraciət edir. Əksəriyyəti də marşrutların bağlanmasından əziyyət çəkdiyini vurğulayır”.
Nəqliyyat eksperti məsələ ilə bağlı dərhal qəti qərar verilməsini vacib sayır. “Bağlanan marşrutlar dərhal bərpa edilməlidir. Hər gün Bakıda on minlərlə insan bundan əziyyət çəkir”,- deyə Azər Allahverənov ANS PRESS-ə bildirib.
Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsindən isə ANS PRESS-ə bildiriblər ki, bəzi marşrutların bağlı qalması bir müddət davam edəcək. Verilən məlumata görə, hazırda marşrutların optimallaşdırılması üzrə işlər gedir və bəzi marşrutlara kondisionerli yeni avtobuslar buraxıla bilər.
