Sosial (16-04-2015, 20:22)
At əti satan şəxs danışdı- “Gözəl əti var” +Video
Kürdəmirdə qanunsuz at əti kəsimi ilə məşğul olan şəxs saxlanılıb.
“Mediatv.az” APA TV-yə istinadən xəbər verir ki, Kürdəmir rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən aparılan reyd zamanı rayonun Xınıslı kəndində həmin kənd sakini Anar Bağırovun qanunsuz şəkildə öz həyətində iki at kəsərək insanlara mal əti adı altında satması faktı aşkarlanıb.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, “qəssab” öz həyətində atların kəsilib soyulması üçün xüsusi qurğular qurub. Baxış zamanı həmin iki at soyulub ağacdan asılmış vəziyyətdə aşkarlanıb. “Qəssab” əvvəllər bu işlə məşğul olmadığını bildirsə də, həmin atları rayonun digər kəndlərindən aldığını və kəsərək Bakı şəhərində sakinlərə mal əti adı ilə satmaq istədiyini etiraf edib:
"Qaraciyər serrozuyam, bu məqsədlə eləmişəm. Birinci dəfə idi kəsirdim. Bunu elədim ki, dərmanımı alım. Qanunsuz olduğunu bilmirdim. Amma gözəl də əti var. Peşmanam. Bir də eləmərəm".
Ətlər isə Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən müsadirə olunaraq Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Kürdəmir Rayon Baytarlıq idarəsinin rəisi Mehman Nəsirov bu cür reydlərin mütəmadi olaraq keçiriləcəyini qeyd edib:
"Baxış keçirilən zaman müəyyən edilib ki, Anar iki baş atı kəsərək satış üçün hazırlayıb. Belə halların qarşısını almaq üçün bütün vətəndaşlara müraciət edirəm ki, baytar həkimlərə hüquq mühafizə orqanlarına müraciət etsinlər. Çünki belə hallar vətəndaşların məlumatları əsasında müəyyən edilir".
Anar Bağırovun əvvəllər də bu işlə məşğul olub-olmadığını dəqiqləşdirmək üçün araşdırmalar aparılır.