Sosial (15-04-2015, 23:04)
Mükafatlandırılacaq alimlərin adları AÇIQLANDI
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasıda AMEA-nın adlı mükafatları üzrə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb.
Akademiyadan Hafta.az-a verilən məlumata görə, AMEA-nın Rəyasət Heyətinin 18 fevral 2015-ci il tarixli qərarına əsasən bu il üçün AMEA-nın Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, Akademik Üzeyir Hacıbəyli, Akademik Mirəsədulla Mirqasımov, Akademik Yusif Məmmədəliyev, Akademik Musa Əliyev və Abbasqulu ağa Bakıxanov adına mükafatları üzrə müsabiqə keçirilib.
Müsabiqədə iştirak edən alimlər haqqında təqdimatlar, müvafiq sənədlərlə bilikdə Ekspert Komissiyasına təqdim edilib. Komissiyanın bu il keçirilmiş yekun iclasından sonra isə mükafatlara namizədlər seçilib və onlar haqqında müvafiq rəylər Rəyasət Heyətinə təqdim olunub.
İclasda müsabiqənin nəticələrini nəzərə alaraq informatika və idarəetmə sistemləri sahəsində əldə etdiyi mühüm əhəmiyyətli, fundamental və tətbiqi elmi nəticələrə görə akademik Telman Abbas oğlu Əliyevin AMEA-nın Nəsirəddin Tusi adına mükafatı, təbiət elmləri sahəsində əldə etdiyi mühüm əhəmiyyətli, fundamental və tətbiqi elmi nəticələrə görə akademik Tariyel Hüseynəli oğlu Talıbovun AMEA-nın Həsən bəy Zərdabi adına mükafatı, Üzeyir Hacıbəyli yaradıcılığının tədqiqi və təbliği sahəsində xidmətlərinə görə AMEA-nın müxbir üzvü Zemfira Yusif qızı Səfərovanın AMEA-nın Akademik Üzeyir Hacıbəyli adına mükafatı, tibb elmləri sahəsində əldə etdiyi mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticələrə görə akademik Cəmil Əziz oğlu Əliyevin AMEA-nın Akademik Mirəsədulla Mirqasımov adına mükafatı ilə təltif olunması haqqında qərar qəbul edilib.
Həmçinin qərarara əsasən sənayedə katalitik kreking prosesinin inkişafı istiqamətində əldə etdiyi elmi nəticələrə görə akademik Musa İsmayıl oğlu Rüstəmova, AMEA-nın Akademik Yusif Məmmədəliyev adına mükafatı, kristallokimya, mineralogiya və geokimya sahəsində əldə etdiyi elmi nailiyyətlərə görə geologiya-mineralogiya üzrə elmlər doktoru Məmməd İsa oğlu Çıraqova AMEA-nın Akademik Musa Əliyev adına mükafatı və tarix elmi sahəsində əldə etdiyi elmi nailiyyətlərə görə akademik Teymur Əmiraslan oğlu Bünyadova AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatı təqdim olunacaq.
Adlı mükafatlar bu il aprelin 29-da keçiriləcək AMEA-nın Ümumi Yığıncağında öz nazmizədlərinə təqdim olunacaq.