Sosial (15-04-2015, 20:02)
"Səni axtarıram"la bağlı daha bir QALMAQAL
“Əslində, “Səni axtarıram” layihəsi tam olaraq nə ATV-yə, nə də Xoşqədəm Hidayətqızına aiddir. O layihənin ilk ssenari müəllifi mənəm”.
Bu sözləri Hafta.az-a vaxtilə “Üç nöqtə” qəzetində köşə yazarı işləmiş Babək Göyüş deyib. Onun sözlərinə, bu qəzetin baş redaktoru Xoşqədəm Hidayətqızı, eyni zamanda, ATV telekanalında “Sən tək deyilsən” verilişini aparırdı: “Günlərin birində Xoşqədəm xanım redaksiyaya gəlib dedi ki, ATV prezidentinin müavini Həsən müəllim verilişin formatını dəyişdirmək təklifini edib. Ona təcili yeni verilişin proyektini və ssenarisini verməliyik. “Üç nöqtə” qəzetinin əməkdaşı Emin Nəbili, mən və Xoşqədəm xanım müzakirələr apardıq. Mən təklif etdim ki, bəlkə “Sən tək deyilsən”in içərisində olan axtarış süjetini veriliş formatına salaq. Və Rusiya telekanalında “Jdi menya” verilişinin adını çəkdim. Nəticədə qərara gəldik ki, mən o verilişin bir neçə buraxılışına baxım və ssenari hazırlayım. Səhəri gün 10 səhifəyə yaxın ssenarini və studiyanın dizaynını Xoşqədəm xanıma təqdim etdim. Müəyyən düzəlişlərdən sonra ssenari çap edildi və baxılmaq üçün ATV-yə aparıldı. ATV-dən razılıq əldə edildikdən sonra bu verilişin müəlliflik hüququnun əldə edilməsi üçün həmin agentliyə məktub hazırladıq”.
Babək Göyüş “Səni axtarıram” verilişi ətrafında ATV ilə Xoşqədəm Hidayətqızı arasında fikir ayrılığına da münasibət bildirib: “Xoşqədəm xanım çox böyük ehtimalla, verilişin yayımlanmasını sürətləndirmək üçün yayım hüququnu ATV-yə verib, ancaq bu veriliş yalnız Xoşqədəm Hidayətqızının aparıcılığı ilə ölkədə və xaricdə yaşayan azərbaycanlılar arasında böyük rəğbət qazanıb”.
Babək Göyüş Xoşqədəm Hidayətqızına ANS telekanalında uğurlar diləyib.